Azərbaycan qanunvericiliyinin ÜTT tələblərinə uyğunlaşdırılması istiqamətində işlər davam etdirilir

Azərbaycan qanunvericiliyinin ÜTT tələblərinə uyğunlaşdırılması istiqamətində işlər davam etdirilir

Azərbaycan qanunvericiliyinin Ümumdünya Ticarət Təşkilatı (ÜTT) tələblərinə uyğunlaşdırılması istiqamətində işlər davam etdirilir.

 

İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzv olması prosesi ilə bağlı Azərbaycan üzrə İşçi Qrupun rəhbəri Valter Vernerlə görüşüb.

 

Görüşdə iqtisadiyyat naziri Şahin Mustafayev son illər ərzində Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı istiqamətində həyata keçirilən sistemli tədbirlər və kompleks islahatlar barədə məlumat verərək, qeyri-neft sektorunun stimullaşdırılması, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, özəl sektora təşviq mexanizmlərinin tətbiqinin genişləndirilməsi sahəsində görülən işləri, məqsədyönlü islahatlar nəticəsində dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunduğunu vurğulayıb.

 

Görüşdə qeyd edilib ki, Azərbaycan ÜTT-yə üzv olmaq istiqamətində qurumla əməkdaşlıq edir, Azərbaycanın ÜTT-yə üzv olmasına hazırlıq işləri üzrə Komissiya, Azərbaycan üzrə İşçi Qrupu yaradılıb və mütəmadi olaraq görüşlər keçirilir.

 

Təsdiq edilmiş "Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzv olması prosesi ilə əlaqədar qanunvericiliyin Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılması üzrə Tədbirlər Planı" çərçivəsində 20 normativ-hüquqi akt qəbul olunub. Azərbaycan qanunvericiliyinin ÜTT tələblərinə uyğunlaşdırılması istiqamətində işlər davam etdirilir.

 

Azərbaycanın ÜTT-yə üzv olması istiqamətində maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayan nazir Şahin Mustafayev bildirib ki, işgüzar dairələrin nümayəndələri, tələbələr və s. üçün seminarlar, dəyirmi masalar təşkil olunur, Azərbaycan Dövlət İqtisad Universitetində ÜTT Maarifləndirmə Mərkəzi fəaliyyət göstərir.

 

Azərbaycan Respublikasının ÜTT-yə üzv olması prosesi ilə bağlı Azərbaycan üzrə İşçi Qrupun rəhbəri Valter Verner əlverişli iqtisadi-coğrafi mövqeyə, neft-qaz ehtiyatlarına malik olan Azərbaycanın qazandığı sosial-iqtisadi uğurları yüksək qiymətləndirdiyini vurğulayıb və ÜTT-yə üzvlüklə bağlı danışıqların davam etdirildiyini qeyd edib.

 

Görüşdə ÜTT-yə üzv olmaq barədə danışıqların gedişi ilə bağlı müzakirələr aparılıb.

Yaradılıb 05 İyul 2018
Dərc edilib 28 Mar 2024
Yenilənib 10 Okt 2018