Cenevrə danışıqları və ÜTT-nin Azərbaycan üzrə İşçi qrupunun 14-cü iclası: 24-28 iyul 2017-ci il

Cenevrə danışıqları və ÜTT-nin Azərbaycan üzrə İşçi qrupunun 14-cü iclası: 24-28 iyul 2017-ci il

 

24-28 iyul tarixlərində Avropa Ittifaqı, ABŞ, Rusiya Federasiyası, Braziliya, Tayland, Yaponiya, Hindistan və İsveçrə ilə ikitərəfli görüşlər keçirilmiş, həm qeyri-kənd təsərrüfatı və kənd təsərrüfatı malları, həm də xidmətlərlə bağlı uyğunlaşdırılması istənilən əsas sektorlar üzrə müzakirələr aparılmışdır. İkitərəfli danışıqlar aparılan bütün dövlətlərə konkret mal qrupları üzrə Azərbaycan tərəfindən İlkin Danışıqlar Hüququnun təqdim olunması istənilmişdir. 27 iyul tarixində kənd təsərrüfatında daxili dəstək üzrə çoxtərəfli görüş keçirilmişdir. Eyni tarixlərdə ÜTT-nin Üzvolma departamenti ilə  məsləhətləşmələr aparılmışdır.

 

Azərbaycan tərəfindən istənilən güzəştlər

 ÜTT-də inkişaf etməkdə olan ölkə statusunun verdiyi güzəştlər, o cümlədən:

  1. “De minimis” (il ərzində kənd təsərrüfatına göstərilən daxili dəstəyin kənd təsərrüfatı istehsalının illik ümumi həcmində xüsusi payı) – 10%;
  2. Hər il birdəfəlik məbləğ həcmində verilən yardım – 1 milyard ABŞ dolları;
  3. Dağlıq Qarabağ azad olunandan sonra kənd təsərrüfatı təyinatlı torpaqların bərpası üçün müəyyən müddət əlavə məbləğin istifadə hüququnun əldə olunması;
  4. ÜTT-nin Kənd Təsərrüfatı Sazişinin 6.2-ci maddəsindən (investisiya subsidiyaları) istifadə hüququ.

 

ABŞ, Avropa İttifaqı, Braziliya, Avstraliya və Tayland bu məsələ ilə bağlı konkret rəy bildirmişlər. Ümumilikdə, ÜTT üzv dövlətləri tərəfindən son zamanlar təşkilata üzv olan və Azərbaycanla oxşar iqtisadiyyata malik olan dövlətlərin heç birinə 10% “de minimis” verilmədiyi üçün,  Azərbaycan üçün də istisna edilməsinə razılıq verilməmişdir. 1 milyard illik yardım məsələsinə baxıla bilər (müəyyən keçid müddəti ilə), lakin Azərbaycanın mümkün qədər Sarı zənbil subsidiyalardan (hazırda tətbiq olunan və ÜTT qaydalarına uyğun olaraq, azaldılması və sıfıra endirilməsi nəzərdə tutulan) tədricən Yaşıl zənbil subsidiyalarına (ÜTT qaydalarına uyğun olaraq, məhdudiyyətsiz istifadə olunan) keçməsi tövsiyə olunmuşdur. Azad olunan Dağlıq Qarabağ ərazilərində Yaşıl zənbil subsidiyalarından daha çox istifadə etmək imkanlarına baxılması tövsiyə olunmuşdur. ÜTT-nin Kənd Təsərrüfatı Sazişinin 6.2-ci maddəsindən Azərbaycanın istifadəsinə razılıq verilməmişdir. Eyni zamanda, bildirilmişdir ki, 2015-ci ilin dekabr ayında Nayrobidə keçirilən ÜTT Nazirlər Konfransının 10-cu iclasının nəticələrinə uyğun olaraq, ÜTT üzv dövlətləri artıq ixrac subsidiyalarından istifadə edə bilməzlər, üzvolmadan dərhal sonra ixrac subsidiyaların tətbiq edilməməsi ilə bağlı öhdəlik götürülməlidir.

 

28 iyulda  Azərbaycan üzrə İşçi Qrupun 14-cü iclası keçirilmişdir

Azərbaycan tərəfi qeyd etmişdir ki, qeyri-neft sektorunun diversifikasiyası artıq ilk müsbət nəticələr verdikdən və Azərbaycanın prioritet inkişaf sahələri artıq müəyyən stabil səviyyəyə keçdikdən sonra, ÜTT-yə üzvlük prosesi sürətləndiriləcəkdir. Belə ki, bir sıra iqtisadi islahatlar proqramlarının ilk müsbət  nəticələrinin əldə edilməsi 2020-ci ildə gözlənilir.

 

Azərbaycan tərəfindən götürülməsi zəruri olan öhdəliklər: 

  • ixrac qadağalarının ləğv olunması;
  • ixrac rüsumları siyahısının və dərəcələrinin olduğu kimi saxlanılması;
  • diskriminativ xarakterli vergi azadolmaların üzv olarkən ləğv edilməsi;
  • akzislərin uyğunlaşdırılması;
  • göstərilən xidmətlərə görə alınan xərclərin uyğunlaşdırılması;
  • ixrac subsidiyalarının tətbiq edilməməsinə dair öhdəlik götürülməsi;
  • rəqabət ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi (müvafiq qanunvericiliyin qəbul olunması);
  • sanitar və fitosanitar tədbirlərin beynəlxalq standartlara uyğunlaşdırmanın təmin olunması (müvafiq qanunvericiliyin qəbul olunması);
  • texniki tənzimləmə ilə bağlı işlərin inkişaf etməsi (müvafiq qanunvericiliyin qəbul olunması).

 

Sualların bir qismi Azərbaycan Danışıqlar Qrupunun üzvləri tərəfindən cavablandırılmışdır. İclasın sonunda üzv dövlətlər tərəfindən sualların mümkün qədər tez Azərbaycan tərəfinə təqdim olunmasına dair qərar qəbul olunmuşdur.

 

Həmçinin, Azərbaycan tərəfinə ikitərəfli danışıqlara daha çox diqqət yetirməsi,  ikitərəfli danışıqları bitirərək, protokolların imzalanması istiqamətində səylər göstərməsi tövsiyə olunmuşdur.

 

Hər iki çoxtərəfli görüşdə Azərbaycanın qanunvericiliyinin ÜTT qaydalarına uyğunlaşdırılması istiqamətində aparılan işlər müzakirə olunmuşdur. Məlum olduğu kimi, ÜTT-yə üzv olmaq və ümumilikdə, çoxtərəfli ticarət sisteminin tamhüquqlu üzvü olmaq üçün qanunvericiliyin qəbul olunmuş tələblərə tam uyğunlaşdırılması zəruridir. Bununla əlaqədar, qanunvericiliyin ÜTT qaydalarına uyğunlaşdırılması üzrə Tədbirlər planının cari vəziyyəti müzakirə olunmuş, qəbul olunması artıq neçə ildir gözlənilən qanunvericilik aktlarının, xüsusilə də Azərbaycan Respublikası Rəqabət Məcəlləsi, “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanunu, “Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununun təsdiq olunub qüvvəyə minməsi, həmçinin, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanunlarına, əqli mülkiyyət sahəsində bir sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklərin edilməsi və qəbul olunması istiqamətində işlərin sona çatdırılmasının əhəmiyyəti bir daha vurğulanmışdır. Həmçinin, “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” ölkə Prezidentinin 2017-ci il 10 fevral tarixli 1235 nömrəli Fərmanında hazırlanması nəzərdə tutulan yeni “Qida təhlükəsizliyi haqqında” Qanunun tezliklə hazırlanaraq təsdiq olunmasının vacibliyi qeyd olunmuşdur.

 

ÜTT danışıqları çərçivəsində təşkil olunan görüşlərdən əlavə 25 iyul 2017-ci il tarixdə Beynəlxalq Ticarət Mərkəzinin (İTC) icraçı direktoru xanım Arança Gonzalez ilə görüş keçirilmişdir. Görüşdə Azərbaycanın ÜTT-yə üzvolma istiqamətində İTC tərəfindən göstərilə biləcək yardımın istiqamətləri müzakirə olunmuşdur. Nəticədə, İTC tərəfindən 3 mövzu üzrə qısa araşdırmaların hazırlanmasına dair razılıq əldə edilmişdir:

  • Son 10-15 il ərzində ÜTT-yə üzv seçilmiş bir sıra dövlətlərdə sözügedən təşkilata üzvlüyün nəticəsi olaraq ölkə iqtisadiyyatında müşahidə edilən təsirlərə dair (ayrı-ayrı misallarla) araşdırma;
  • ÜTT üzvü olaraq və təşkilat çərçivəsində ölkə öhdəliklərini nəzərə alaraq, regionda və dünyada baş verən iqtisadi və maliyyə böhranları zamanı ölkədaxili istehsalatın və milli şirkətlərin qorunması üçün ÜTT sazişləri və qaydalarında nəzərdə tutulmuş müdafiə imkanlarından istifadə, həmçinin, ümumilikdə ÜTT tələbləri çərçivəsində qalmaqla qoruma mexanizmlərindən istifadə ilə bağlı təfsilatlı arayış;
  • Azərbaycanın işğal olunmuş ərazilərində digər dövlətlərin qeyri-qanuni ticarət-iqtisadi fəaliyyətinin dayandırılması məqsədilə beynəlxalq çərçivədə istifadə olunan alətlər, o cümlədən, ÜTT sazişlərində əks olunan imkanlar haqqında məlumatın hazırlanması.
Yaradılıb 01 İyun 2018
Dərc edilib 29 Mar 2024
Yenilənib 11 Okt 2018