ÜTT-yə üzvlük danışıqlarında İqtisadiyyat Nazirliyinə dəstək layihəsinin bağlanış mərasimi keçirilmişdir.

ÜTT-yə üzvlük danışıqlarında İqtisadiyyat Nazirliyinə dəstək layihəsinin bağlanış mərasimi keçirilmişdir.

21 yanvar 2020-ci il tarixdə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “ÜTT-yə üzvlük danışıqlarında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Ticarət siyasəti və ÜTT şöbəsinə dəstək və potensialın gücləndirilməsi” layihəsinin bağlanış mərasimi keçirilmişdir.

 

Layihə 23 yanvar 2018-ci il tarixdən fəaliyyətə başlamışdır. Layihənin benefisiarı İqtisadiyyat Nazirliyi olmuş, o cümlədən digər əlaqədar nazirliklər, komitələr və dövlət agentlikləri layihənin işində yaxından iştirak etmişdir. Layihənin iki illik fəaliyyəti dövründə Azərbaycan Hökumətinə ticarətlə əlaqəli qanunvericiliyin təkmilləşdirilməsi və ÜTT qaydalarına və ən yaxşı beynəlxalq təcrübələrə uyğunlaşdırılması, ÜTT-yə üzvlüklə bağlı danışıqları aparan qrupa bu işdə dəstəyin verilməsi, İqtisadiyyat Nazirliyinin Ticarət siyasəti və ÜTT şöbəsinin institusional potensialının gücləndirilməsi, xüsusilə də ÜTT-yə üzvlük danışıqlarına hazırlıqla bağlı köməkliyin göstərilməsi və ÜTT və ticarətlə əlaqəli məsələlərlə bağlı ictimaiyyətin maarifləndirilməsinə dair bir çox işlər görülmüşdür. Layihə DMI Associates (Fransa) və Ekvita (Azərbaycan) şirkətlərinin birgə əməkdaşlığı ilə həyata keçirilmişdir.

 

Layihənin bağlanış tədbiri Aİ nümayəndəliyi, DMI Associates və Ekvita şirkətləri tərəfindən layihə tərəfindən görülən işlərin və əldə edilən nəticələrin təqdim edilməsi məqsədilə təşkil edilmişdir. Tədbirdə Azərbaycan Respublikasının dövlət rəsmiləri, o cümlədən İqtisadiyyat və Xarici İşlər nazirliklərinin, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin, özəl sektor, institutlar və bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.

 

DMI Associates şirkətinin direktoru xanım Seleste Van Den Brok və Ekvita şirkətinin direktoru İlqar Mehti tədbirdə açılış nitqini söyləmiş və qonaqları salamlamışlar.

 

Daha sonra İqtisadiyyat Nazirinin müavini cənab Sahib Məmmədov çıxış edərək Aİ və Azərbaycan arasında davamlı əməkdaşlığı yüksək qiymətləndirmişdir. O, eyni zamanda bildirmişdir ki, ikitərəfli iqtisadi əlaqələrin daha da inkişaf etməsi üçün güclü hüquqi baza mövcuddur. Həmçinin Sahib Məmmədov Aİ-dən Azərbaycana investisiya axını və Azərbaycanla Aİ-nin bir sıra ölkələri arasında əlaqələr barədə danışmışdır. Son olaraq layihə çərçivəsində İqtisadiyyat Nazirliyi üçün görülən işlərlə bağlı qısa məlumat verən Sahib Məmmədov Nazirliyin işçilərinin potensialının gücləndirilməsi üçün göstərilən dəstəyi xüsusilə vurğulamışdır. 

 

Tədbirdə daha sonra Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, Səfir Kestutis Yankauskas, ÜTT-nin Üzvolmalar Bölməsinin direktoru xanım Maika Oşikava, müxtəlif vaxtlarda Layihənin qrup rəhbəri olmuş Marius Bordalba və Alicia Qriniç, layihənin əsas eksperti İlkin Əliyev, əqli mülkiyyət hüquqları üzrə tanınmış beynəlxalq ekspert Lorent Manderyö, mallarla ticarət üzrə ekspert və Qazaxıstanın ÜTT-yə üzvlüyündə yaxından iştirak etmiş xanım Aray Kassabekova çıxış etmişlər.

 

Layihə çərçivəsində görülən işlərlə bağlı məlumatı, o cümlədən Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı sənədləri saytımızdan əldə edə bilərsiniz.

Foto