ÜTT-yə yeni Baş Direktor təyin edilmişdir.

ÜTT-yə yeni Baş Direktor təyin edilmişdir.

Ümumdünya Ticarət Təşkilatının tarixində ilk qadın baş direktor Nqozi Okonyo-İveala 15 fevral tarixində ÜTT üzvlərinin səsverməsi ilə bu vəzifəyə seçilmişdir. Okonyo-İveala bu vəzifədə ilk qadın olmaqla yanaşı, ilk dəfə Afrika qitəsindən (Nigeriya) bu vəzifəyə seçilən şəxs kimi də tarixə düşüb. Buna qədər isə ÜTT-nin baş direktoru vəzifəsini Roberto Carvalho de Azevedo tutmuş və ötən ilin avqust ayında səlahiyyət müddətinin sonuna 1 il qalmış öz postundan istefa vermişdir.

 

Nqozi Okonyo-İveala Asiya, Afrika, Avropa, Latın Amerikası və Şimali Amerikada 30 ildən çox müddət ərzində maliyyə, iqtisadiyyat və beynəlxalq inkişaf üzrə ekspert kimi fəaliyyət göstərmişdir. Bu vəzifəsinə qədər müxtəlif dövrlərdə (2003-2006-cı və 2011-2015-ci illər) Nigeriyanın maliyyə naziri, həmçinin 2006-cı il ərzində müəyyən müddət ərzində xarici işlər naziri vəzifəsində çalışmışdır. Okonyo-İveala həmçinin Dünya Bankının iqtisadi inkişaf üzrə mütəxəssisi kimi 25 illik təcrübə ilə bu qurumda 2-ci ən yüksək vəzifə sayılan Əməliyyatlar üzrə İdarəçi Direktor vəzifəsinə qədər yüksəlmişdir. Bununla yanaşı, Ngozi Okonyo-İveala dünyanın bir sıra aparıcı jurnalları, universitetləri tərəfindən müxtəlif illərdə bir çox mükafatlara layiq görülmüşdür və hazırda da maliyyə, iqtisadiyyat və inkişafla bağlı sahələrdə müəyyən araşdırmalarını davam etdirir. O, 1976-cı ildə Harvard Universitetinin magistr, 1981-ci ildə isə Massaçusets Texnologiya İnstitutunun doktorantura dərəcəsini uğurla tamamlamışdır.

 

ÜTT-nin Baş Direktoru hər 4 ildən bir səsvermə yolu ilə seçilir və səsvermə konsensus prinsipinə əsaslanır, yəni Üzvlərin hamısı yekdilliklə lehinə səs verməlidir. O, Üzvlərdən ayrılıqda müstəqil orqan hesab edilən Katibliyə rəhbərlik edir. Baş Direktor və katibliyin əməkdaşları Üzvlərdən müstəqil beynəlxalq qulluqçulardır. Qərarlar yalnız Üzvlər tərəfindən qəbul olunduğundan Katibliyin qərar qəbuletmə səlahiyyəti yoxdur.

Foto