Danışıqlar

Çoxtərəfli danışıqlar

ÜTT-yə üzvolma istiqamətində həyata keçirilən çoxtərəfli danışıqlar zamanı Azərbaycan Respublikasının pul və maliyyə siyasəti, dövlət müəssisələrinin özəlləşdirilməsi, mal və xidmətlərlə ticarətə təsir edən dövlət siyasəti və bütövlükdə ölkənin xarici ticarət rejiminin müxtəlif tərəfləri müzakirə olunur.

 

Bu danışıqlarda üzv dövlətlər tərəfindən təqdim olunmuş suallara verilmiş cavablar, Qanunvericiliyin təkmilləşdirilməsi planı, Kənd təsərrüfatında daxili dəstək cədvəli (ACC/4), Əqli mülkiyyət hüquqlarının ticarət aspektlərini əks etdirən cədvəl (ACC/8), Ticarətdə texniki maneələr və sanitar-fitosanitar məsələlər üzrə izahedici cədvəl (ACC/9) ətrafında müzakirələr aparılır və üzv dövlətləri maraqlandıran məqamlara aydınlıq gətirilir. ÜTT üzvləri tərəfindən təqdim olunmuş suallara verilmiş cavablar Azərbaycanın xarici ticarət rejimi haqqında daha dolğun təsəvvür yaratmışdır. Bunun sübutu kimi yeni təqdim olunmuş sualların sayının azalmasını qeyd etmək olar. 

 

ÜTT üzvlüyünə qəbul olma prosesinin dinamikasından görmək olar ki, hər üzvolan ölkə öz üzərinə daha əvvəl üzv olmuş ölkələrlə müqayisədə daha geniş öhdəliklər götürmüşdür. Bu da ÜTT üzvlərinin namizəd ölkələrə qarşı tələblərinin artması ilə bağlıdır. Lakin bəzi istisnalar mövcuddur və bu, hər bir ölkənin danışıqlar strategiyasının və taktikasının səmərəliliyindən asılıdır. 

 

Sonuncu çoxtərəfli danışıqlar (İşçi Qrupun 14-cü İclası) 28 iyul 2017-ci il tarixdə İsveçrənin Cenevrə şəhərində baş tutmuşdur. İclasda ölkənin son sosial-iqtisadi göstəriciləri, yerli istehsalın təşviqi, ixracın əmtəə və coğrafi strukturunun diversifikasiyası və qeyri neft ixracının artırılması istiqamətində aparılan islahatlar, qısa, orta və uzunmüddətli dövr üçün qəbul edilmiş Strateji Yol Xəritələri və digər dövlət proqramları haqqında məlumat iclas iştirakçılarının diqqətinə çatdırılmışdır. İclasda İşçi Qrupunun 13-cü iclasından sonra bir sıra üzv ölkələr tərəfindən ünvanlanmış suallara Azərbaycan tərəfinin verdiyi cavablar müzakirə edilmişdir. Həmçinin, üzv ölkələr tərəfindən Azərbaycan üzrə İşçi Qrupu Hesabat Layihəsinin bölmələri üzrə suallar verilmiş və həmin suallar Azərbaycan nümayəndə heyəti tərəfindən cavablandırılmışdır. Burada Azərbaycan üçün əsas məsələ qanunvericiliyin götürülmüş öhdəliklər üzrə ÜTT qaydalarına uyğunlaşdırılmasıdır (Azərbaycan Respublikası Prezidentinin 2 avqust 2006-cı il tarixli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planı). Azərbaycan tərəfi artıq bu öhdəlikləri özündə əks etdirən sənədi ÜTT Katibliyinə təqdim etmişdir. Hazırda çoxtərəfli danışıqlarda üzv ölkələrin narahatçılığı qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən işlərdə ləngimə ilə bağlıdır. Üzv ölkələr Azərbaycandan yeni qanunvericilik aktlarının qəbulu prosesinin surətləndirilməsini istəmişlər. 

 

Plüralitet danışıqlar çərçivəsində kənd təsərrüfatına daxili dəstək məsələləri də müzakirə olunmaqdadır. Danışıqların axırıncı raundu 27 iyul 2017-ci il tarixdə Cenevrə şəhərində keçirilmişdir. Görüşdə Azərbaycan tərəfi İşçi Qrupunun üzvlərindən aşağıdakı güzəştlərin tətbiq olunmasını tələb etmişdir: 

  • 10% de minimis (kənd təsərrüfatı sektorunda istehsal edilmiş malların dəyərindən) 
  • 1 milyard ABŞ dolları həcmində Ümumi Dəstək Göstəricisi imkanı (bütün mənbələrdən olan subsidiyalar üzrə) 
  • Azərbaycanın işğal altında olan ərazilərin (Dağlıq Qarabağ və ətraf rayonlar) qaytarılmasından sonra kənd təsərrüfatı təyinatlı torpaqlarının bərpası üçün əlavə dəstək
  • ÜTT-nin Kənd Təsərrüfatı üzrə Sazişinin 6.2-ci maddəsinə uyğun olaraq subsidiyalarının ayırılması imkanı

 

ACC/4 sənədinin ilkin variantı 1999-2001-ci illəri əhatə edən dövr əsasında hazırlanmış və 2004-cü ildə ÜTT Katibliyinə təqdim olunmuşdur. ACC/4 Cədvəlinin son variantı 2014-2016-cı illər üzrə məlumat əsasında hazırlanmış və 2017-ci ildə iclasda müzakirə edilmişdir. Hesabat dövründə Azərbaycan Respublikasında ixracın subsidiyalaşdırılması həyata keçirilməmişdir. Üzv ölkələr Azərbaycanın kənd təsərrüfatına dəstəklə bağlı təkliflərinin yüksək olmasını, kənd təsərrüfatında subsidiyaların azaldılmasının (ƏDV ilə bağlı diskriminasiyanın aradan qaldırılması, vergi azadolmalarının ləğv edilməsi, ixrac subsidiyalarının gələcəkdə də tətbiq edilməməsi və s.) vacibliyini bildirmişlər. 

 

İkitərəfli danışıqlar

İkitərəfli danışıqlar ÜTT-nin üzvləri ilə Mallar və Xidmətlər üzrə aparılır. Hər bir üzv ölkə ona maraqlı olan mallar və xidmətlər üzrə bazara çıxış güzəştləri ilə bağlı danışıqlar apara bilər. ÜTT qaydalarına uyğun olaraq, eyni mal və xidmət üzrə bir neçə üzv ölkə ilə danışıqlar aparıldıqda, üzvolma protokolu bütün üzv ölkələrə münasibətdə həmin mal və xidmətlər üzrə ən lilberal (ən güzəştli) variantı tətbiq edəcəkdir. 

 

Mallar

Hal-hazırda Azərbaycan Respublikası mallar üzrə danışıqları HS 2007 cədvəli üzrə aparılır. Mallar Cədvəli 97 qrupdan ibarətdir və ümumilikdə 10130 mal mövqeyini əks etdirir. Hazırda mallar üzrə tariflərinin orta dərəcəsi 8,77%-ə bərabərdir (spesifik tariflərin advalor dərəcəsini 15% nəzərə almaq şərti ilə). ÜTT Katibliyinə təqdim olunan mallar cədvəlində əks olunmuş “məcburi” tariflərin (tarif dərəcəsinin təklif olunan ən yüksək həddi) orta dərəcəsi isə 11,52%-ə bərabərdir (spesifik tariflərin advalor dərəcəsini 30% nəzərə almaq şərti ilə). Təkliflər hazırlanarkən yüksək tarif dərəcələri Azərbaycan iqtisadiyyatı üçün vacib və prioritet sayılan mallar üçün müəyyən edilmişdir. Eyni zamanda, Azərbaycan digər mallar üçün tarif dərəcələrinin aşağı salınması və bununla da, orta tarif tarazlığının saxlanması prinsipi əsas götürür. Mallar üzrə danışıqlar bir neçə istiqamətdə aparılır:

  • Kənd təsərrüfatı məhsulları
  • Qeyri-kənd təsərrüfatı məhsulları
  • Sektoral təşəbbüslər

 

İkitərəfli danışıqların son raundunda Azərbaycan  Avropa İttifaqı, ABŞ, Rusiya, Braziliya, Yaponiya, Tailand, Hindistan və İsveçrə ilə danışıqlar aparmışdır. Mallarla əlaqədar danışıqlar bir neçə sahəni, o cümlədən kağız, əczaçılıq və mülki aviasiya sahəsində sazişlərə, genişləndirilmiş İnformasiya Texnologiları Sazişinə qoşulma məsələsini əhatə edir. Eyni zamanda, üzv ölkələr Azərbaycandan malların bütün qrupları üzrə (həssas mallar istisna olmaqla) məcburi tarifləri tətbiq edilən səviyyəyə azaltmasını və ümumilikdə, həssas malların siyahısını kiçiltməsini istəmişlər. Həmçinin, keçid dövrünün 2-3 ilədək azaldılması tələb olunmuşdur. Azərbaycan üzv ölkələrin istəkləri əsasında mal nomenklaturası üzrə danışıqlar keçirməkdədir.

 

Xidmətlər

Azərbaycan xidmətlər üzrə danışıqları ÜTT-yə təqdim olunmuş ACC/5 sənədi üzrə aparır. Bütövlükdə Azərbaycan tərəfi 12 xidmət sektorundan 11-i, 116 alt-sektordan isə 113-ü üzrə öhdəlikləri danışıqları aparır. Xidmətlər sahəsində Azərbaycan Respublikası Avropa İttifaqı, ABŞ, Rusiya, Yaponiya, Kanada, Hindistan, Səudiyyə Ərəbistanı, Çinin Tayvan əyaləti, Cənubi Koreya və Norveç ilə danışıqlar aparmaqdadır. Danışıqların əksər hissəsiəcnəbi işçi qüvvəsinə qoyulan kvota ilə bağlı şərtləri, əcnəbilərin torpaq üzərində sahiblik hüquqları, poçt, elm və tədqiqat, təhsil xidmətləri, maliyyə (sığorta və bank) xidmətləri, nəqliyyat (dəniz, hava), dağ-mədən, enerji və xəstəxana xidmətləri ilə bağlıdır. Həmçinin, müzakirələr iş icazəsinin 3 illik davamlı müddətə verilməsi, əcnəbi işçi qüvvəsinə tətbiq olunan kvota sisteminin ləğv edilməsi üzrə də aparılır. Bununla bərabər, iş icazəsi alınması mexanizminin və kvota təsdiq etmə sisteminin şəffaflıq prinsipləri əsasında və beynəlxalq tələblərə uyğun həyata keçirilməsi istiqamətində tələblər irəli sürülür.