İşçi Qrup

Azərbaycan Respublikasının ÜTT-yə üzvolması üzrə İşçi Qrupun yaradılması və tərkibi

23 iyun 1997-ci ildə Azərbaycan Respublikasının ÜTT-yə üzv olmaq niyyətini əks etdirən müraciətindən sonra 16 iyul 1997-ci ildə Azərbaycan Respublikasının ÜTT-yə üzv olması üzrə ÜTT-nin İşçi Qrupu yaradılmışdır. Hal-hazırda İşçi Qrup 42 ÜTT üzvündən ibarətdir:  

 

Təqdim edilmiş sənədlər

Xarici ticarət rejimi haqqında Memorandum və Sual-cavab toplusu
Azərbaycan Respublikasının Xarici ticarət rejimi haqqında Memorandumu Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrini əhatə edən məlumat toplusudur. ÜTT-yə üzv olan ölkələr tərəfindən mütəmadi olaraq, Memoranduma dair suallar təqdim olunur və müvafiq qaydada cavablandırılır. Sualların verilməsində əsas məqsəd Azərbaycanın xarici ticarət rejimi haqqında daha dolğun məlumat əldə etmək və ÜTT qaydalarına ziddiyyət təşkil edən məqamları aşkar etməkdir.

 

Əmtəə bazarına çıxış (Mallar üzrə cədvəl)
Sənəd məcburi tariflər dərəcələri haqqında Azərbaycan Respublikasının öhdəliklərini əks etdirir. Azərbaycan ÜTT-yə üzv olduqdan sonra,  bu məcburi tarif dərəcələr hər bir əmtəə üzrə tətbiq oluna biləcək gömrük tariflərinin ən yüksək dərəcəsini müəyyən edir. Daha yüksək tariflər anti-dempinq, kompensasiya və ya mühafizə tədbirlərinin nəticəsi olaraq tətbiq oluna bilər. 

 

Gömrük qiymətləndirilməsi sənədi
Sənəd Azərbaycan Respublikasında gömrük qiymətləndirilməsi sisteminin ÜTT-nin Gömrük Qiymətləndirilməsi Sazişinin tələblərinə uyğunluğu əks etdirən məlumat məcmusudur.

 

ACC/4 - Kənd Təsərrüfatında Daxili Dəstək və İxrac Subsidiyaları üzrə ÜTT Cədvəli
Sənəd dövlət tərəfindən kənd təsərrüfatına ayrılan subsidiya və digər yardımlar haqqında məlumatı əks etdirir. Daxili dəstəyin (subsidiya) həcmi kənd təsərrüfatında istehsal olunan illik məhsul həcminin dəyərinə (%) nisbəti ilə ölçülür. ÜTT qaydalarına görə, “Sarı” zənbilə düşən daxili yardımın (subsidiya) həcmi inkişaf etmiş ölkələrdə kənd təsərrüfatında istehsal olunan illik məhsul həcminin 5% -nə, inkişaf etməkdə olan ölkələrdə isə 10%-nə bərabər ola bilər.

 

ACC/5 – Xidmətlərə bazarına çıxış
Sənəd Azərbaycanda xidmətlər bazarının mövcud vəziyyətini əks etdirir. Bu sənəddə xarici hüquqi və fiziki şəxslərin Azərbaycanın xidmət sektorunda fəaliyyəti və Azərbaycan vətəndaşlarının xaricdə xidmətlərən istifadə etmək hüququ əks olunmuşdur. Həmçinin, sənəd ÜTT-yə üzv olduqdan sonra Azərbaycanın xidmətlər bazarının liberallaşdırılmasına və mühafizə vasitələrinə dair öhdəlikləri əks edir. Bununla bərabər, sənəd Azərbaycan Respublikasının qanunvericiliyini ÜTT tələbləri ilə müqayisə etmək imkanı verir.

 

ACC/8 - Ticarətdə texniki maneələr, sanitar və fitosanitar tədbirləri üzrə ÜTT Cədvəli
Sənəd Azərbaycan qanunvericiliyinin, xüsusilə də, aşağıdakı istiqamətlərin ÜTT standartlarına uyğunluq səviyyəsini əks etdirir:

  • standartlaşdırma
  • sertifikatlaşdırma
  • baytarlıq
  • sanitar və fitosanitar tədbirlər

 

ACC/9 – Əqli Mülkiyyət Hüquqlarının Ticarət Aspektləri haqqında ÜTT Sazişinin tətbiqi üzrə ÜTT Cədvəli
Sənəd Azərbaycan Respublikasının əqli mülkiyyət hüququ üzrə mövcud qanunvericiliyini əks etdirir:

  • ümumi öhdəliklər
  • müəllif hüququ və əlaqəli hüquqlar
  • əmtəə nişanları
  • coğrafi göstəricilər
  • sənaye nümunələri
  • patent
  • inteqral sxem-layihə nümunələri
  • açıqlanmamış məlumatlar
  • hüquqların qorunması

 

Sənəd Azərbaycanın əqli mülkiyyət hüququ üzrə qanunvericiliyinin ÜTT-nin TRİPS Sazişinin tələblərinə uyğunluq səviyyəsini göstərir.

 

Qanunvericik tədbirlər planı
Sənəd Azərbaycan qanunvericiliyinin ÜTT tələblərinə yğunlaşdırması planını əks etdirir və dövri olaraq yenilənir. Burada, yeni qanun və qaydaların qəbul olunması, mövcud qanunvericilikdə dəyişikliklərin edilməsi ilə əlaqədar Azərbaycan tərəfindən atılmış və planlaşdırılmış addımlar əks olunur.

 

Dövlət ticarət müəssisələri barədə sənəd
Bu sənəddə, GATT Sazişinin 17-ci maddəsinə uyğun olaraq, Respublikada fəaliyyət göstərən dövlət ticarət müəssisələrinin fəaliyyət sahələri və bunun hüquqi-iqtisadi əsaslandırması öz əksini tapır.