ÜTT-yə üzvlük

Üzv olmaqda məqsəd

Ümumdünya Ticarət Təşkilatına üzv olmaqda əsas məqsədlər aşağıdakılardan ibarətdir:

  • Dünya iqtisadiyyatı sisteminə inteqrasiya prosesini sürətləndirmək;
  • ÜTT-yə üzv olan ölkələrin bir-birinə verdikləri güzəştlərdən faydalanmaq;
  • Dünyanın əksər ölkələri ilə ÜTT tərəfindən qəbul edilmiş ümumi qaydalar əsasında ticarət əməliyyatları həyata keçirmək;
  • Ölkədə aparılan iqtisadi islahatlara beynəlxalq təşkilatlar, eləcə də inkişaf etmiş ölkələr tərəfindən yardımın artırılmasına nail olmaq;
  • ÜTT qaydalarını tətbiq etdikdən sonra daha çox birbaşa xarici sərmayə cəlb etmək;
  • ÜTT-nin mübahisələrin həlli mexanizmindən istifadə etmək imkanını əldə etmək. 


Hədəflər

Azərbaycan hökumətinin hədəfləri aşağıdakılardır:

  • İnkişaf etməkdə olan ölkələrə (İEOÖ) müxtəlif xarakterli yardımların (heyvan və bitki sağlamlığı standartları, texniki standartlar, telekommunikasiya və s. üzrə) göstərilməsi;
  • Kənd təsərrüfatının subsidiyalaşdırılması üzrə limitin (de minimis) İEOÖ-lər üçün nəzərdə tutulmuş 10% həddində müəyyənləşdirilməsi (İEÖ-lər üçün 5%);
  • ÜTT-nin TBT və SPS sazişlərinə müvafiq olaraq texniki qaydalar, standartlar, keyfiyyətin qiymətləndirilməsi prosedurları və sanitar-fitosanitar tədbirlərin hazırlanması və həyata keçirilməsi zamanı İEOÖ-lərin xüsusi ehtiyaclarının nəzərə alınmasının vacibliyinin qəbul edilməsi;
  • ÜTT-nin SPS, TBT, TRİPS və digər sazişlərində nəzərdə tutulmuş İEOÖ-lərə texniki yardımın göstərilməsi və s.

 

ÜDM-in ümumi həcmində neft sektorunun xüsusi çəkisinin 37,2% olması, ixracın 88,9%-nin neft və neft məhsullarının payına düşməsi, milli iqtisadiyyatın “Holland sindromu” xəstəliyinə tutulması ehtimalının istisna olunmaması, torpaqların 20%-nin işğal altında olması, ölkədə hər səkkiz nəfərdən birinin qaçqın və ya məcburi köçkün olması kimi faktlar Azərbaycanın ÜTT-yə İEOÖ status ilə üzv qəbul olunmasını əsaslandıran arqumentlər kimi istifadə oluna bilər. 

 

Ölkənin müvqeyini və istəklərini gücləndirmək üçün kənd təsərrüfatının ölkə iqtisadiyyatında aparıcı rolu, aqrar sektorda yaxşı ənənələrin olması, bu sahənin inkişafı üçün əlverişli aqroiqlim ehtiyatlarının mövcudluğu, ölkə əhalisinin yarıdan çoxunun kənd yerlərində yaşaması kimi müxtəlif məsələlər ÜTT-yə üzvlük danışıqları zamanı qaldırılır. ÜTT leksikonunda kənd təsərrüfatına daxili dəstək tədbirləri dedikdə, kənd təsərrüfatına və bu sahədə fəaliyyət göstərən təsərrüfat subyektlərinə dövlət tərəfindən subsidiyaların verilməsi və ya digər formada dəstək göstərilməsi nəzərdə tutulur. Lakin bu tədbirlərin həyata keçirilməsində müəyyən məhdudiyyətlərin gözlənilməsi vacibdir. 

 

Danışıqlar zamanı Azərbaycanda yeni yaranmış fermer təsərrüfatlarının  bazar şərtlərinə uyğunlaşmasının zəruriliyi və daxili istehsalın təşviqi baxımından kənd təsərrüfatına dövlət dəstəyinin göstərilməsinin vacibliyi nəzərə alınmalıdır. Bu, kənd təsərrüfatı məhsullarının rəqabətqabiliyyətinin artırılması və daxili tələbatın mümkün qədər yerli istehsal hesabına ödənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.