Əqli mülkiyyət

Dövlət siyasəti və tənzimləyici çərçivə

Azərbaycan Respublikasının Konstitusiyası əqli mülkiyyət hüququnu tanıyır və bütün şəxslərin əqli mülkiyyət hüquqlarının qorunmasına təminat verir. Konstitusiyanın normasını aydınlaşdırmaq və əqli mülkiyyət hüququnun qorunmasının hüquqi bazasını formalaşdırmaq üçün Azərbaycan Respublikasının Milli Məclisi bir sıra qanunlar qəbul edib və bir çox beynəlxalq razılaşmaları təsdiq edib.

 

Aşağıdakı qanunlar əqli mülkiyyət hüququnu tənzimləyən əsas normativ aktlardır:

  1. 12 iyun 1998-ci il tarixli 504-IQ nömrəli “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanun
  2.  ​25 iyul 1997-ci il tarixli 312-IQ nömrəli “Patent haqqında” Qanun  
  3. 5 iyul 1996-cı il tarixli 115-IQ nömrəli “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanun
  4. 31 may 2002-ci il tarixli 337-IIQ nömrəli “İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında” Qanun 
  5. 22 may 2012-ci il tarixli 365-IVQ nömrəli “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanun 
  6. 16 may 2003-cü il tarixli 460-IIQ nömrəli “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Qanun
  7.  14 sentyabr 2004-cü il tarixli 755-IIQ nömrəli “Məlumat toplularının hüquqi qorunması haqqında” Qanun 
  8. 15 noyabr 1996-cı il tarixli 197-IQ nömrəli “Seleksiya nailiyyətləri haqqında” Qanun

 

Əlavə olaraq, əqli mülkiyyət hüququnun pozulmasının qarşısının alınması məqsədilə aşağıdakı əsas qanunlar da nəzərdə tutulub:

  1. Cinayət Məcəlləsi
  2. Mülki Prosessual Məcəllə
  3. İnzibati Xətalar Məcəlləsi
  4. "Tərkibində əqli mülkiyyət obyektləri olan malların gömrük sərhədindən keçirilməsi üzərində gömrük nəzarəti Qaydaları haqqında" Qərarın təsdiq edilməsi barədə Qanun
  5. "Antiinhisar fəaliyyəti haqqında" Qanun
  6. "Haqsız rəqabət haqqında" Qanun

 

Əmtəə nişanları və coğrafi göstəricilər haqqında qısa məlumat

“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanun Azərbaycan Respublikasında əmtəə nişanlarının və coğrafi göstəricilərin qeydə alınması, hüquqi mühafizəsi və istifadəsi ilə bağlı münasibətləri tənzimləyir.

 

Əsas anlayışlar:

  • Əmtəə nişanı – sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır)
  • Coğrafi göstərici – əmtəənin mənşəyinin dövlət, bölgə, ərazi, yaxud müəyyən ərazidəki yer ilə (coğrafi obyektlə) bağlılığını müəyyənləşdirən, eyni zamanda bu əmtəənin xüsusi keyfiyyətini, şöhrətini və başqa xassələrini əsasən coğrafi mənşə ilə əlaqədar əks etdirən işarədir
  • Kollektiv nişan – ittifaqın, assosiasiyanın, hər hansı birliyin adına qeydə alınan nişan və ya nişanların kombinasiyasıdır
  • Transliterasiya – bir yazı sistemindəki hərflərin başqa yazı sisteminin hərfləri ilə verilməsidir 
 

Azərbaycanda qeydiyyata alınmamış, lakin Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun qüvvədə olan əmtəə nişanları və coğrafi göstəricilər Qanunla mühafizə olunurlar. 

 
Əmtəə nişanının qeydiyyatı

Əmtəə nişanının qeydiyyatı bunun üçün nəzərdə tutulmuş iddia sənədinin doldurulması ilə başlayır. İddia sənədi səlahiyyətli orqana (AZPATENT) Azərbaycan dilində tərcümə əlavə edilmək şərtilə, hər hansı dildə təqdim edilə bilər. Müraciətə əmtəə nişanının qeydiyyatı ilə bağlı iddia, müraciət edən şəxs barədə məlumatlar, qorunması iddia edilən nişan, nişanın qısa məzmunu, əmtəələr və xidmətlərin siyahısı (Nitsa klassifikasiyası) əlavə olunur. Sertifikatlaşdırma müraciət tarixindən etibarən 3 aydan 8 aya qədər davam edə bilər.

 

Xarici fiziki və ya hüquqi şəxs öz əmtəə nişanlarının qeydiyyata alınması ilə bağlı müraciətlərini patent müvəkkili vasitəsilə təqdim edə bilər. Patent müvəkkillərinin siyahısı səlahiyyətli orqanın Patent Müvəkkillərinin Reyestrindən əldə oluna bilər. 

 

Azərbaycanda əmtəə nişanlarının qeydiyyatı, həmçinin, Azərbaycan Respublikasını təyin olunmuş ölkələrin siyahısında göstərilən Beynəlxalq Büroya (WIPO) müraciət etməklə həyata keçirilə bilər.

 

Patent haqqında qısa məlumat

"Patent haqqında" Qanun ixtiraların, faydalı modellərin və sənaye nümunələrinin yaradılması, hüquqi mühafizəsi və istifadəsi ilə əlaqədar yaranan əmlak münasibətlərini və onlarla bağlı şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. Əsas anlayışlar: 

  • İxtira - istənilən sahədə məhsula və ya üsula aid olan texniki həllər
  • Faydalı model - qurğuya aid olan texniki həllər
  • Sənaye nümunəsi - məmulatın yeni zahiri görkəmini müəyyən edən bədii və ya bədii-konstruktiv həll

 

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycanda müvəqqəti və ya daimi yaşayış icazəsi olmayan xarici fiziki və ya hüquqi şəxslər öz ixtiralarının qorunması ilə bağlı yerli hüquqi və fiziki şəxslərlə eyni hüquqlara malikdirlər.

 

Patentin alınması üçün müraciət

Səlahiyyətli orqana (AZPATENT) iddia sənədinin doldurulması ilə edilən müraciət, ixtiranın qorunması ilə bağlı prosedurun başlanğıcı hesab olunur. Müraciət hər hansı bir dildə doldurula bilər, lakin bu halda Azərbaycan dilinə tərcümə olunmuş versiya da təqdim edilməlidir. Müraciətə təsvirlər, sxemlər, müəllif haqqında məlumatlar, ixtiranın ətraflı şəkildə izahı əlavə edilməlidir. Əgər beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, xarici hüquqi və ya fiziki şəxslər qeydiyyatdan keçmiş patent müvəkkili vasitəsilə öz müraciətlərini təqdim edə bilərlər. 

 

İxtira və ya faydalı model ilə əlaqədar iddia sənədi ya bir ixtira və ya faydalı modellə aid olmalı, ya da birliyin tələbini yerinə yetirmək üçün ixtira və ya faydalı modellər qrupuna aid olmalıdır. İddia sənədi aşağıdakılardan ibarət olmalıdır:

  • Adına patent alınması nəzərdə tutulan müəllif(lər)in və hüquqi və ya fiziki şəxslərin adları və onların yaşayış yeri və ya hüquqi ünvanı göstərilməklə patentin alınması üçün müraciət
  • İxtiranın və ya faydalı modelin həyata keçirilməsi üçün onun əsas məzmununu kifayət qədər aydın və tam formada açıqlayan təsviri
  • İddialar ixtiranın və ya faydalı modelin əsas məzmununu təsviri şəkildə açıqlamalıdır
  • İddianın əsas məzmununun əlavə izahı lazım olduğu halda, çertyoj və digər materiallar
  • Xülasə
 
"Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Qanun Azərbaycan Respublikası ərazisinində elm, ədəbiyyat və incəsənət əsərlərinin (müəlliflik hüququ), habelə ifaların, fonoqramların, efir və ya kabel yayımı təşkilatlarının verilişlərinin (əlaqəli hüquqlar) yaradılması və istifadəsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.
 
Müəlliflik hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir. Müəlliflik hüququnun yaranması və həyata keçirilməsi üçün əsərin qeydiyyata alınması, yaxud hər hansı başqa üsullarla rəsmiləşdirilməsi tələb olunmur.
 
Müəlliflik hüququnun şamil edildiyi həm açıqlanmış, həm də açıqlanmamış əsərlər aşağıdakı obyektiv formalarda mövcud ola bilər:
  • Yazılı (əlyazması, makina yazısı, not yazısı və s.)
  • Şifahi (kütləvi çıxış, kütləvi ifa və s.)
  • Səs, yaxud videoyazma (mexaniki, maqnit, rəqəmli, optik və s.) 
  • Təsviri (rəsm, eskiz, şəkil, plan, cizgi, kino-, tele-, video-, yaxud fotokadr və s.) 
  • Həcmli – fəzavi (heykəl, model, maket, tikili və s.) 
  • Digər formalar
 
Müəlliflik hüququ ilə qorunma öz-özlüyündə ideyalara, proseslərə, işləmə metodlarına və ya riyazi konsepsiyalara deyil, ifadə formasına şamil edilir. Əsərə müəlliflik hüququ onun ifadə edildiyi maddi obyektə olan mülkiyyət hüququ ilə bağlı deyil. 
 
Müəlliflik hüququnun obyektləri aşağıdakılardır:
  • Ədəbi əsərlər (kitablar, broşüralar, məqalələr, mühazirələr və çıxışlar, kompüter proqramları və s.)
  • Dram, musiqili-dram və başqa səhnə əsərləri
  • Xoreoqrafiya əsərləri və pantomimalar
  • Mətnli və ya mətnsiz musiqi əsərləri
  • Audiovizual əsərlər (kino-, tele-, və videofilmlər, slaydfilmlər, diafilmlər və başqa kino və teleəsərlər)
  • Heykəltəraşlıq, rəngkarlıq, qrafika, dizayn, litoqrafiya əsərləri, qrafik hekayələr, komikslər və digər təsviri sənət əsərləri 
  • Dekorativ tətbiqi və səhnə tərtibatı sənəti əsərləri, əl ilə toxunan xalçalar
  • Memarlıq, şəhərsalma və bağ-park sənəti əsərləri
  • Fotoqrafiya əsərləri və ona oxşar üsulla yaradılmış əsərlər
  • Coğrafiyaya, topoqrafiyaya və digər elmlərə aid olan xəritələr, planlar, eskizlər, illüstrasiyalar və plastik əsərlər
  • Törəmə əsərlər (tərcümələr, dəyişdirmələr, iqtibaslar, annotasiyalar, referatlar, xülasələr, icmallar, səhnələşdirmələr, aranjemanlar, elm, ədəbiyyat və incəsənət əsərlərinin yenidən işlənməsi)
  • Toplular
 
Törəmə əsərlərə və toplulara müəlliflik hüququ onların əsaslandığı və ya onlara daxil edilən teleradio verilişlərinin proqramları, kataloqlar, bukletlər, fotoalbomlar, mündəricatlar, multimedia məhsulları (əsərləri) və digər əsərlərin müəlliflik hüququ obyektləri olmasından asılı olmayaraq qorunur. Kompüter proqramları ədəbi əsərlər kimi qorunur. Kompüter proqramlarının qorunması ilkin mətn və obyekt kodu da daxil olmaqla istənilən dildə və formada ifadə edilən proqramların bütün növlərinə, o cümlədən əməliyyat sistemlərinə şamil edilir. 
 
Müəlliflik hüququnun qüvvədə olma müddəti
Müəlliflik hüququ əsərin yaradılması ilə yaranır, müəllifin bütün həyatı boyu və “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunda nəzərdə tutulan bəzi hallar istisna olmaqla, onun ölümündən sonra 70 il müddətində qüvvədə qalır. Anonim və ya təxəllüslə dərc edilmiş əsərə müəlliflik hüququ həmin əsərin qanuni dərc edildiyi tarixdən 70 il müddətində qüvvədə qalır. Əsərə müəlliflik hüququnun qüvvədə olma müddəti qurtardıqda əsər ictimai varidata keçir.
 
Əqli mülkiyyətin qorunması üçün tədbirlər
Cinayət Məcəlləsində əqli mülkiyyət hüqunun pozulması ilə əlaqədar bir sıra maddələr vardır. O, əqli mülkiyyət obyektlərinin qanunsuz istifadəsi, idxalı, istehsalı, ixracı, bazarda yerləşdirilməsi və digər əlaqədar fəaliyyətləri qadağan edir.
 
Müəlliflik hüquqları və ya əlaqəli hüquqların qorunması
Cinayət Məcəlləsinə əsasən, müəlliflik hüququ və ya əlaqəli hüquqların pozulması o halda baş verir ki, müəlliflik hüququ və ya əlaqəli hüquq obyektlərindən qanunsuz istifadə etmə, yəni özgənin elmi, ədəbi, bədii və ya başqa əsərini öz adı ilə nəşr etdirmə və ya özgənin müəllifliyini başqa cür mənimsəmə, bu cür əsəri qanunsuz olaraq yenidən dərc etmə və ya yayma, habelə şərikli müəllifliyə məcbur etmə nəticəsində xeyli miqdarda ziyan vurulmuş olsun. Buna görə cəza cərimədən tutmuş 2 il müddətinə həbsə qədər dəyişir. 
 
“Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanuna əsasən, müəlliflik hüquqları və ya əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, videoqram, kompyuter proqramı, məlumat toplusu, kitab və s.) nüsxələrinə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilən nəzarət markası yapışdırılmalıdır. Nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qanunsuz istehsalı, istifadəsi və satışı qadağandır.
 

Bazarda saxta və ya kontrafakt mallara nəzarət və onların müsadirəsi

2018-ci il iyul ayına qədər bazarda saxta və ya kontrafakt mallara nəzarət və onların müsadirəsi ilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti məşğul olmuşdur. Hüquq sahibi Antiinhisar Xidmətinə bazarda saxta və ya kontrafakt malların mövcudluğunun yoxlanılmasına dair məktubla sorğu göndərə bilər. Belə mallar aşkar edilərsə, Antiinhisar Xidməti müvafiq tədbirlər (saxta və ya kontrafakt mallara nəzarət və onların müsadirəsi) görə bilər. 
 

Patentlərin qorunması

Cinayət Məcəlləsinə əsasən, ixtira və patent hüquqlarının pozulması o halda baş verir ki, ixtira və səmərəli təklifdən qanunsuz istifadə, ixtiranın və səmərəli təklifin onun əsl sahibi tərəfindən rəsmi şəkildə dərc edilməsindən əvvəl yayma, müəllifliyin mənimsənilməsi, habelə şərikli müəllifliyə məcbur etmə nəticəsində xeyli miqdarda ziyan vurulmuş olsun. Buna görə cəza cərimədən tutmuş 2 il müddətinə həbsə qədər dəyişir. 
 

Əmtəə nişanlarının qorunması

Əmtəə nişanı sahibinin razılığı olmadan ondan istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır. Tərkibində coğrafi göstərici olan şərab və spirtli içkilər üçün əmtəə nişanından nişan sahibinin razılığı olmadan istifadə qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır.
 
Hüquqların pozulmasına görə sanksiya: əmtəə nişanından və coğrafi göstəricidən qanunsuz olaraq qismən və ya tamamilə istifadə edən hər hansı şəxs, hüquq sahibinin tələbi ilə istifadəyə son qoymalı və nişan sahibinə dəyən ziyanı ödəməlidir. Əmtəə nişanları, coğrafi göstəricilər və ya onlara qarışdırılacaq dərəcədə oxşar olan nişanlarla qeyri-qanuni təchiz olunan mallar kontrafakt hesab edilir.
 
Mülki mühakimə icraatı qaydasında mübahisələrə baxılarkən, məhkəmə üçüncü tərəflərin qanuni hüquqlarına xələl gətirməmək şərtilə, hüquq pozuntusunun təhlükəlilik dərəcəsindən və miqyasından asılı olmayaraq kompensasiya ödənilmədən aşağıda göstərilən malların ticarət dövriyyəsindən çıxarılmasına və/və ya sonradan məhvinə dair qərar qəbul edə bilər: 
  • hüquq pozuntusunun obyekti olan malların
  • gələcəkdə baş verə biləcək hüquq pozuntularının qarşısının alınması məqsədilə bilavasitə kontrafakt malların istehsalında istifadə olunan material və avadanlıqların

 

Hüquq sahibi kontrafakt malları (o cümlədən etiketləri və ya işarələri) istehsal edən və ya bu mallardan (o cümlədən etiketdən və ya işarədən) istifadə etdiyini bilən və ya bilməli olan şəxs tərəfindən vurulmuş ziyanın və çəkdiyi xərclərin əvəzinə kompensasiya ödənilməsini məhkəmə qaydasında tələb edə bilər.

 
Əmtəə nişanı və coğrafi göstərici ilə qanunsuz təchiz edilmiş mallar Azərbaycan Respublikasına gətirilərkən (tranzit mallar və ya hüquq sahibinin və ya onun razılığı ilə  digər dövlətin ərazisində və ya sərbəst satışdan əldə olunan mallar istisna olmaqla) hüquq sahibinin tələbi ilə həmin malların gömrük orqanları tərəfindən sərbəst dövriyyəyə buraxılışı 10 iş günü müddətinə dayandırıla bilər.
 
İxrac olunması nəzərdə tutulan kontrafakt malların gömrük ərazisində rəsmiləşdirilməsi gömrük orqanlarının qərarı ilə dayandırıla bilər.
Hüquq sahibinin nişanı ilə qanunsuz təchiz edilmiş əmtəələr Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların saxlanması üçün gömrük orqanlarına əsaslandırılmış xahişlə müraciət etmək, əmtəələrin miqdarı və ixracatçı, idxalatçı, daşıyıcı barədə məlumat almaq hüququ vardır.
 
Aidiyyəti orqanları və onların səlahiyyətləri
Azərbaycanda əqli mülkiyyət hüququnun müxtəlif sahələri üzrə səlahiyyətlər Müəllif Hüquqları üzrə Dövlət Agentliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi arasında bölüşdürülmüşdür.
 
20 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır. Bu Sərəncamla Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edildi və Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradıldı. Sərəncama əsasən Komitənin sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində səlahiyyətləri Əqli Mülkiyyət Agentliyinə verildi. 2018-ci il iyulun sonuna qədər bu Agentliyin Nizamnaməsi hələ də hazırlanmaqdadır. 
 
Digər maraqlı tərəflər

Əqli mülkiyyət sahəsində maraqlı tərəflərə müəlliflik işlərinin (əsərlərin) müəllifləri, əmtəə nişanlarının sahibləri, ixtiraçılar, vətəndaş cəmiyyəti, biznes tərəfdaşları (yerli və xarici) və sair aiddir.

 

Müvafiq sənədlər, məlumatlar və mənbələr

Sənədləri, məlumatları və mənbələri əldə etmək üçün aşağıdakı keçidə daxil olun:
Qanunvericilik (ingilis dilində)  www.wipo.int/wipolex/en/profile.jsp?code=az