Gömrük

Dövlət siyasəti və qanunvericilik

Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Gömrük sahəsində Konstitusiya tələblərinin yerinə yetirilməsi məqsədilə dövlət tərəfindən bir sıra qanunvericilik aktları qəbul edilmişdir. Aşağıdakı qanunvericilik aktları gömrük fəaliyyətini tənzimləyən əsas sənədlərdir: 

  1. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi
  2. Azərbaycan Respublikasının Vergi Məcəlləsi
  3. “Gömrük tarifi haqqında” 2013-cü il 13 iyun tarixli 687-IVQ nömrəli Azərbaycan Respublikasının Qanunu
  4. “Lisenziyalar və icazələr haqqında” 2016-cı il 15 mart  tarixli 176-VQ nömrəli Azərbaycan Respublikasının Qanunu 
  5.  “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli Qərarı
  6. “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 saylı Qərarı 
  7. “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqıxnda Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanı
  8. “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarı 
  9. “Gömrük yığımlarının məbləğləri”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 26 aprel tarixli 168 nömrəli Qərarı 

 

Gömrük sahəsində hüquqpozmaların qarşısının alınması məqsədilə aşağıdakı qanunvericilik aktları mövcuddur:

  1. Cinayət Məcəlləsi 
  2. İnzibati Xətalar Məcəlləsi 

 

Gömrük prosedurları

Sərbəst dövriyyə üçün buraxılış - daxili bazarda satış, istifadə və ya istehlak üçün nəzərdə tutulan xarici mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilir.  Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru aşağıdakıları əhatə edir: 

  • qanunvericiliklə müəyyən olunmuş gömrük ödənişlərinin ödənilməsini
  • ticarət siyasəti tədbirlərinin tətbiqini
  • malların idxalı ilə bağlı müəyyən edilmiş digər prosedurların tamamlanmasını

 

Təkrar idxal - ixrac olunmuş malların ixrac edildiyi vaxtdan 3 (üç) il ərzində eyni vəziyyətdə, yəni xarici ölkədə heç bir emala məruz qalmadan gömrük ərazisinə tam və bir hissəsi qaytarıldıqda, onların idxal gömrük rüsumlarından və vergilərdən tamamilə azad edilməklə və ticarət siyasəti tədbirləri tətbiq edilmədən, sərbəst dövriyyəyə buraxılışıdır.


Müvəqqəti idxal - təkrar ixrac üçün nəzərdə tutulmuş xarici mallar müvəqqəti idxal proseduru altında yerləşdirilir. Bu mallardan Gömrük Məcəlləsinin 194-cü maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad olunmaqla, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisində istifadə olunur. Mallar gömrük rüsumlarından tamamilə azad olunduğu halda, onlar həmçinin, əlavə dəyər vergisindən (ƏDV) və aksizlərdən də azad edilirlər. 


Beynəlxalq tranzit - xüsusi gömrük proseduru xarici malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük nəzarəti altında bir yerdən başqa yerə daşınmasıdır. 


Müvəqqəti saxlanc - başqa gömrük proseduru altında yerləşdirilməsi üçün bəyan edilmə halları istisna olmaqla, mal sahibi tərəfindən gömrük orqanlarına təqdim edilmiş aşağıdakı xarici mallar onun tərəfindən müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilərək bəyan edilir: 

  • sərbəst zonaya birbaşa gətirilmə istisna olmaqla, gömrük ərazisinə gətirilən mallar
  • sərbəst zonadan gömrük ərazisinin digər hissəsinə gətirilən mallar
  • barəsində beynəlxalq tranzit xüsusi gömrük proseduru başa çatmış mallar
     

Gömrük anbarlarında saxlanc - xarici mallar gömrük anbarı xüsusi gömrük proseduru altında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş lisenziyası olan şəxslərin gömrük anbarlarında gömrük orqanlarının nəzarəti ilə yerləşdirilə və saxlanıla bilər. Gömrük anbarı xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar gömrük anbarından müvəqqəti çıxarıla bilər. Fors-major halları istisna edilməklə, həmin malların gömrük anbarından müvəqqəti çıxarılması üçün gömrük orqanlarının icazəsi tələb olunur.
 

Sərbəst zona - sərbəst zonaya gətirilmiş mallar aşağıdakı hallarda gömrük orqanlarına təqdim edilir və müvafiq gömrük rəsmiləşdirilməsindən keçirilir: 

  • gömrük ərazisindən kənar yerdən birbaşa sərbəst zonaya gətirildikdə 
  • digər xüsusi gömrük prosedurları altında yerləşdirilməsi başa çatan mallar sərbəst zona xüsusi gömrük proseduru altında yerləşdirildikdə 
  • idxal gömrük rüsumlarının qaytarılmasına və ya həmin rüsumların ödənilməsindən azad edilməyə əsas vermiş qərarın tətbiqi məqsədi ilə sərbəst zona xüsusi gömrük proseduru altında yerləşdirildikdə


Son istifadə - xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar bu prosedurun məqsədinə uyğun olaraq gömrük rüsumlarından və vergilərdən azad edilməklə sərbəst dövriyyəyə buraxılır. Bu zaman həmin mallar gömrük nəzarəti altında qalır. Son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar üzərində gömrük nəzarəti aşağıdakı hallarda başa çatır: 

  • mallar gömrük rüsumlarından və vergilərdən azad edilmənin tətbiqi üçün qanunvericiliklə müəyyən edilmiş məqsədlərlə istifadə olunduqda 
  • mallar ixrac və ya məhv edildikdə, yaxud onlardan dövlətin xeyrinə imtina olunduqda 
  • mallardan gömrük rüsumlarından və vergilərdən azad olunmanın məqsədləri üçün istifadə edilmədiyi aşkar olunduqda və bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş gömrük rüsumları və vergilər tam ödənildikdə 
  • mallar gömrük idxal rüsumları, vergilər alınmadan və ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdə (beynəlxalq hava və dəniz limanlarında və başqa yerlərdə) və qaydada yaradılan və fəaliyyət göstərən rüsumsuz ticarət mağazalarında gömrük nəzarəti altında satıldıqda.

 

Daxildə emal - xarici mallar aşağıda göstərilənlər tətbiq olunmadan gömrük ərazisində bir və ya bir neçə emal əməliyyatında istifadə edilir: 

  • idxal gömrük rüsumları 
  • malların idxalı üzrə qanunvericilikdə nəzərdə tutulmuş əlavə dəyər vergisi və aksizlər 
  • ticarət siyasəti tədbirləri

 

Malların təmiri və məhv etmə halları istisna olmaqla, daxildə emal prosedurundan yalnız o halda istifadə etmək olar ki, istehsal materiallarından istifadə edilməsinə baxmayaraq daxildə emal proseduru altında yerləşdirilmiş malları emal məhsulları ilə eyniləşdirmək mümkün olsun. Daxili emal prosedurunun başa çatma müddəti 2 (iki) ildən artıq olmamalıdır.


Daxili malların ixracı - gömrük ərazisindən kənarda daimi qalması üçün aparılan daxili mallar ixrac gömrük proseduru altında yerləşdirilir. Bu prosedur aşağıdakılara şamil edilmir: 

  • son istifadə və ya xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara
  • daxili tranzit xüsusi gömrük proseduru altında yerləşdirilmiş və ya Gömrük Məcəlləsinin 130-cu maddəsinə uyğun olaraq, gömrük ərazisindən müvəqqəti ixrac olunan mallara

 

Xarici malların təkrar ixracı - xarici mallar gömrük ərazisindən aparıldıqda, malların ixrac rəsmiləşdirilməsini həyata keçirmək üçün malların təkrar ixracını həyata keçirən şəxs tərəfindən səlahiyyətli gömrük orqanına təkrar ixrac bildirişi verilir. Bu prosedur aşağıdakı mallara tətbiq edilmir:

  • gömrük ərazisindən beynəlxalq tranzit xüsusi gömrük proseduru altında yerləşdirilərək keçirilən mallara
  • sərbəst zona daxilində bir nəqliyyat vasitəsindən digərinə boşaldılıb yüklənmiş, yaxud sərbəst zonadan birbaşa təkrar ixrac edilən mallara
  • müvəqqəti saxlanc yerlərindən birbaşa təkrar ixrac edilən, müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara

 

Sərbəst dövriyyəyə buraxılışından 1 (bir) il ərzində gömrük ərazisindən təkrar ixrac olunan mallar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi şərtlərə cavab verdikdə, həmin malların idxalı üçün ödənilmiş gömrük rüsumları və vergilər qaytarılır.
 

Müvəqqəti ixrac - təkrar idxal üçün nəzərdə tutulmuş daxili mallar müvəqqəti ixrac proseduru altında yerləşdirilir. Bu mallardan Gömrük Məcəllənin 130.2-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad edilməklə, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisindən kənarda istifadə olunur.
 

Gömrük prosedurları ilə əlaqədar ətraflı məlumatı bu keçiddən əldə edə bilərsiniz: www.e-qanun.az/code/21

 

Gömrük rəsmiləşdirilməsi və gömrük yığımları 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli Qərarı ilə təsdiq edilmiş qaydalara əsasən, gömrük rəsmiləşdirilməsi üçün sənədlər gömrük orqanlarına  yazılı və ya elektron formada təqdim edilə bilər. Gömrük bəyannaməsi ilə bərabər, gömrük orqanlarına təqdim olunmalı sənədlərin siyahısı ilə ətraflı tanış olmaq üçün bu keçiddən istifadə edə bilərsiniz: 
www.e-qanun.az/framework/28199 


Mallar Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olarkən gömrük xidmətlərinə  (rəsmiləşdirilməsinə) görə gömrük yığımları tətbiq olunur. Sözügedən yığımların məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 26 aprel tarixli 168 nömrəli Qərarına uyğun olaraq, malın gömrük dəyərindən asılı olaraq, 15-1000 manat civarındadır. Gömrük yığımları barədə ətraflı məlumatı bu keçiddən əldə edə bilərsiniz: www.e-qanun.az/framework/32656

 

Gömrük rüsumları və mənşə qaydaları
“Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 saylı Qərarına əsasən,  Azərbaycan Respublikasının idxal gömrük rüsumlarının dərəcələri 0, 5 və 15 faiz nisbətində müəyyən edilmişdir. Təfsilatlı məlumatı bu keçiddən əldə edə bilərsiniz: www.e-qanun.az/framework/37035 


Azərbaycan Respublikası tərəfindən imzalanmış “Sərbəst ticarət haqqında” sazişlərə uyğun olaraq, mənşə ölkəsi aşağıdakı ölkələr olan malların Azərbaycan Respublikasına idxalı zamanı gömrük rüsumlarından azad edilir: 

  • Rusiya
  • Qazaxıstan
  • Gürcüstan
  • Ukrayna
  • Belarus
  • Moldova
  • Özbəkistan
  • Qırğızıstan
  • Tacikistan

 

Mənşə qaydalarına əsasən, istehsal prosesi tamamilə yuxarıda qeyd olunan ölkələrdə aparılan mallarla yanaşı, digər ölkələrdə istehsal olunmuş, lakin sadalanan ölkələrdə kifayət qədər emala məruz qalmış malların da mənşə ölkəsi yuxarıdakı ölkələr hesab edilir. Mənşə ölkəsinin müəyyən edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 14 yanvar tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların preferensial və qeyri-preferensial mənşəyinin müəyyən edilməsi Qaydaları” ilə həyata keçirilir. Həmin Qaydalarla bu keçiddən tanış ola bilərsiniz: www.e-qanun.az/framework/26853

 

Əlavə dəyər vergisi

Azərbaycan Respublikasına idxal zamanı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 164-cü maddəsi və “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanı ilə nəzərdə tutulmuş mallar istisna olmaqla  dəyərinin 18 faizi nisbətində əlavə dəyər vergisinə cəlb olunur. Əlavə Dəyər Vergisindən azad olunan malların siyahısı ilə aşağıdakı keçidlərdən tanış ola bilərsiniz:


Aksiz vergisi

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 190-cı Maddəsinə  və Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2017-ci il 21 dekabr tarixli 574 nömrəli qərarına əsasən, Azərbaycan Respublikasının ərazisinə idxal zamanı bir sıra mallar aksiz vergisinə cəlb olunur. Aksiz vergisinə cəlb olunan malların və aksiz vergisinin dərəcələrilə daha ətraflı aşağıdakı keçidlərdən tanış ola bilərsiniz: 

 

Lisenziya və icazələr

Lisenziyalar
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununa əsasən, aşağıdakı malların Azərbaycan Respublikasının ərazisinə idxalı üçün lisenziya əldə edilməlidir: 

  • Prekursorlar – 250 manat
  • Bitki mühafizə vasitələri və aqrokimyəvi maddələr – 500 manat

 

Daha ətraflı məlumatı aşağıdakı keçidlərdən əldə edə bilərsiniz:


İcazələr
23 dekabr 2003-cü il tarixli 565-IIQ nömrəli “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında Azərbaycan Respublikasının Qanunu” na və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na əsasən bir sıra malların Azərbaycan Respublikası ərazisinə idxalı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı və ya müvafiq icra hakimiyyəti orqanının rəyi tələb olunur. Qeyd olunan malların siyahısı ilə aşağıdakı
keçidlərdən tanış ola bilərsiniz: 

 

Gömrük qiymətləndirməsi

Azərbaycan Respublikası ərazisinə gətirilən malların gömrük dəyəri “Gömrük tarifi haqqında” 2013-cü il 13 iyun tarixli 687-IVQ nömrəli Azərbaycan Respubkilasının Qanununa uyğun olaraq, aşağıdakı üsullarla müəyyən edilir: 

  • malların sövdələşmə qiyməti ilə
  • eyni malların sövdələşmə qiyməti ilə
  • eynicinsli malların sövdələşmə qiyməti ilə
  • dəyərin çıxılması üsulu ilə
  • dəyərin toplanması üsulu ilə
  • ehtiyat üsulu ilə


Daha ətraflı məlumatı bu keçiddən əldə edə bilərsiniz: www.e-qanun.az/framework/26154

 

Aidiyyəti dövlət orqanları və onların səlahiyyətləri

2009-cu ilin 1 yanvar tarixindən Azərbaycan Respublikasında gömrük rəsmiləşdirilməsilə əlaqədar prosedurlar “Vahid pəncərə” prinsipi ilə Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilir. Bundan əlavə, "Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2018-ci il tarixli 6 nömrəli Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikasında bir sıra idxal-ixrac əməliyyatları üzrə Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyi tərəfindən birgə nəzarətin həyata keçirilməsi müəyyən edilmişdir.  

 

İdxalı lisenziya əsasında həyata keçirilməli olan məhsulların idxalı ilə əlaqədar lisenziya İqtisadiyyat Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası ərazisində sərbəst dövriyyəsi məhdudlaşdırılan malların idxalı Nazirlər Kabinetinin qərarı əsasında həyata keçirilir.
 

 Müvafiq məlumatlar və sənədlər

ÜTT mənbələri