Kənd təsərrüfatı

Dövlət siyasəti və tənzimləyici çərçivə

Aşağıdakı qanunvericilik aktları kənd təsərrüfatına daxili dəstəyi tənzimləyən əsas sənədlərdir:

  1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi
  2. "Azərbaycan Respublikasında şəkər çuğunduru istehsalının stimullaşdırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2017-ci il tarixli 1314 nömrəli Fərmanı  
  3. "Azərbaycan Respublikasında ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında" Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2016-ci il tarixli 2337 nömrəli Sərəncamı 
  4. "Azərbaycan Respublikasında tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında"  Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 2016-cı il tarixli 2366 nömrəli Sərəncamı 
  5. "Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında" Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2016-cı il tarixli 2350 nömrəli Sərəncamı  
  6. "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2007-ci il tarixli Sərəncamı 1907 nömrəli  
  7. "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları  üzrə gömrük rüsumlarının dərəcələri haqqında" Nazirlər Kabinetinin 22 aprel 1998-ci il tarixli 91 nömrəli Qərarı  
  8. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 13 avqust 2014-cü il tarixli 273 nömrəli Qərarı 

 

Əhatə dairəsi - Kənd Təsərrüfatı üzrə ÜTT Sazişinin üç sütunu

1. Bazara Çıxış

Bazara çıxış ÜTT üzvləri tərəfindən ticarətdə tarif (və ya qeyri-tarif) maneələrinin azaldılmasını nəzərdə tutur. Kənd təsərrüfatına üzrə ÜTT Sazişi tariflərinin aşağıdakı qaydada azaldılmasını tələb edir:

  • İnkişaf etmiş ölkələr üçün altı il ərzində hər bir tarif xətti üzrə minimal 15% azaltma ilə orta hesabla 36% azaltma
  • İnkişaf etməkdə olan ölkələr tərəfindən on il ərzində hər bir tarif xətti üzrə minimal 10% azaltma ilə orta hesable 24% azaltma

 

Az inkişaf etmiş ölkələr tarif azaltmalarından azad olunmuşdurlar, lakin onlar "tarifləşdirmə" adlanan prosesi həyata keçirməli - qeyri-tarif maneələri tariflərlə əvəz etməli və ya gələcəkdə artırılması mümkün olmamaq şərtilə "məcburi tarif səviyyələri”ni müəyyən etməlidirlər.

 

2. Daxili Dəstək

Daxili dəstək aşağıdakı 4 zənbildən biri üzrə həyata keçirilə bilər. Hər zənbilin məzmunu və hər zənbilə aid tədbirlərin təsnifatı aşağıda izah olunmuşdur (mənbə: ÜTT səhifəsi "Kənd təsərrüfatında daxili dəstək: Zənbillər").

 

Sarı Zənbil: Demək olar ki, istehsalı və ticarəti təhrif edən bütün daxili dəstək tədbirləri (bəzi istisnalarla) Sarı zənbilə aiddir. Kənd Təsərrüfatına dair Sazişin 6-cı maddəsinə əsasən, mavi və yaşıl zənbillərə aid edilməyən bütün daxili dəstək tədbirləri sarı zənbilə aiddirlər. Buraya qiymətlərə dəstək tədbirləri və ya istehsalın həcmi ilə birbaşa əlaqəli subsidiyalar daxildir. Bu cür yardımlara müəyyən məhdudiyyətlər nəzərdə tutulmuşdur: “de minimis” prinsipinə uyğun olaraq, minimal dəstəyə icazə verilir (adətən, bu dəstək inkişaf etmiş ölkələrdə kənd təsərrüfatı istehsalının 5%-ni, inkişaf etməkdə olan ölkələrdə isə 10%-ni təşkil edir). Azaldılma öhdəlikləri müəyyən olunmuş məhsullar üçün olan dəstəkləri, eləcə də müəyyən olunmuş məhsullar üçün nəzərdə tutulmayan dəstəkləri özündə birləşdirən Yekun Ümumi Dəstək Göstəricisi (“Yekun ÜDG”) baxımından bir qrafikdə göstərilib. Məsələn, Avropa İttifaqının öz istehsalçılarından zəmanətli qiymətlərlə taxıl və süd məhsulları satın alması Sarı zənbilə aid dəstək tədbiridir.

 

Mavi Zənbil: Bu zənbil - “şərtli Sarı zənbildir”. Bu şərtlər təhrif olunmanın azaldılmasını nəzərdə tutur. Adi halda Sarı zənbilə daxil edilməli olan hər hansı dəstək, həm də fermerlərdən istehsalın məhdudlaşdırılmasını tələb edirsə, həmin dəstək mavi zənbilə daxil edilir (daha ətraflı məlumat Kənd Təsərrüfatı üzrə Sazişin 6-cı maddəsinin 5-ci bəndində nəzərdə tutulmuşdur). Hal-hazırda mavi zənbilə aid olan subsidiyalar üzrə heç bir xərc məhdudiyyəti nəzərdə tutulmayıb. 

 

Yaşıl Zənbil: Bu növ dəstək Kənd Təsərrüfatı üzrə Sazişin 2 nömrəli Əlavəsində müəyyənləşdirilmişdir. Yaşıl zənbilə aid olmaq üçün, subsidiyalar ticarəti təhrif etməməli və ya minimal təhriflə nəticələnməlidirlər (1-ci bənd). Onlar qiymətlərin artırılması yolu ilə deyil, dövlət tərəfindən maliyyələşdirilməlidir və qiymət dəstəyini ehtiva etməməlidirlər. Bir qayda olaraq, onlar müəyyən məhsula hədəflənən proqram deyil, hazırkı istehsal səviyyəsinə və qiymətlərə bağlı olmayan fermerlərə birbaşa maddi dəstəyi əhatə edirlər. Həmçinin, onlara ətraf mühitin mühafizəsi və regional inkişaf proqramları daxildir. Buna görə də, Yaşıl zənbildəki subsidiyalara heç bir məhdudiyyət qoyulmadan icazə verilir, bu şərtlə ki, onlar 2 nömrəli Əlavədə əks olunmuş xüsusi siyasi kriteriyaya uyğun olsunlar. Məsələn, yaşıl zənbil dəstəyi mövcud istehsal səviyyəsinə və qiymətlərə bağlı olmayan fermerlərə birbaşa maddi dəstəyi, kənd təsərrüfatının yenidənqurulması üçün fermerlərə dəstəyi, o cümlədən ətraf mühit və regional dəstək proqramları çərçivəsində fermerlərə birbaşa ödənişləri əhatə edir.

 

İnkişaf Zənbili: Kənd Təsərrüfatı üzrə Sazişin 6.2-ci maddəsi inkişaf etməkdə olan ölkələrə daxili dəstəyin həyata keçirilməsi üçün əlavə imkanlar yaradır. İnkişaf kateqoriyasına aid oluna bilən dəstək növləri birbaşa və ya dolayı olmasından asılı olmayaraq, kənd təsərrüfatı və kənd yerlərinin inkişafını təşviq etmək üçün yaradılmış və inkişaf etməkdə olan ölkələrin inkişaf proqramlarının ayrılmaz hissəsi olan dəstək tədbirləridir. Onlar, adətən, inkişaf etməkdə olan üzv ölkələrdə kənd təsərrüfatı üçün mövcud investisiya subsidiyalarını, inkişaf etməkdə olan üzv ölkələrdə aztəminatlı və ya az resurslu istehsalçılar üçün mövcud kənd təsərrüfatı subsidiyalarını və inkişaf etməkdə olan üzv ölkələrdəki istehsalçılara qanunsuz narkotik məhsullar yetişdirilməsindən diversifikasiyanı təşviq etmək üçün daxili dəstəyi əhatə edirlər.

 

3. İxrac Rəqabəti

Kənd Təsərrüfatı üzrə Saziş üzv dövlətlərin öhdəliklər cədvəlində əks olunmamış kənd təsərrüfatı məhsullarına ixrac subsidiyalarını qadağan edir. Öhdəliklər cədvəlində əks olduqda belə, Saziş üzv ölkələrdən ixrac subsidiyaları üçün xərclənən məbləğin, eləcə də subsidiyanın yönəldiyi ixrac həcminin azaldılmasını tələb edir. 15-18 dekabr 2015-ci il tarixində Nayrobidə keçirilmiş 10-cu Nazirlər Konfransında qəbul edilmiş Qərara əsasən:

  • İnkişaf etmiş üzv ölkələr öhdəlik cədvəllərində hələ də qalmış ixrac subsidiyalarını dərhal aradan qaldırmalıdırlar;
  • İnkişaf etməkdə üzv ölkələr 2018-ci ilin sonuna qədər öz ixrac subsidiyalarını aradan qaldırmalıdırlar və 2023-cü ilin sonuna qədər Kənd təsərrüfatı üzrə Sazişin 9.4-cü maddəsinin müddəalarından faydalanmağı davam edəcəklər;
  • Az inkişaf etmiş ölkələr və xalis ərzaq idxal edən inkişaf edən ölkələr 2030-cu ilin sonuna qədər Kənd təsərrüfatına dair Sazişin 9.4-cü maddəsinin müddəalarından faydalanmağı davam edəcəklər.

 

Üzvlük danışıqlarında Azərbaycan Respublikasının mövqeyi

ÜTT-yə üzvlük danışıqlarında Azərbaycan Respublikasının mövqeyi aşağıdakı kimidir:

  1. De minimis (ümumi illik kənd təsərrüfatı istehsalının məbləğinə faizlə ifadə olunmuş daxili dəstəyin minimum icazə verilən məbləği) – 10%
  2. Yekun Ümumi Dəstək Göstəricisi (əsas kənd təsərrüfatı məhsulları üçün dəstəyin ümumi məbləği kimi hesablanmış kənd təsərrüfatı istehsalçılarının xeyrinə göstərilmiş bütün daxili dəstəyin məbləği)  - 1 milyard ABŞ dolları
  3. Dağlıq Qarabağ və ətraf ərazilərin işğaldan azad olunmasından sonra kənd yerlərinin yenidən qurulması üçün əlavə məbləğdən istifadə hüququ 
  4. Kənd Təsərrüfatı üzrə Sazişin 6.2-ci maddəsinin müddəalarından istifadə etmək hüququ

 

Aidiyyəti dövlət orqanları və onların səlahiyyətləri

Azərbaycan Respublikasında kənd təsərrüfatı istehsalçılarına dəstək üzrə səlahiyyətlər Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi arasında bölünmüşdür. 

 

Müvafiq sənədlər, məlumat və mənbələr

ÜTT mənbələri