Regional Ticarət Sazişləri

ÜTT və preferensial ticarət

Məlum olduğu kimi, ayrıseçkiliyə yol verilməməsi ÜTT-nin əsas prinsipidir. ÜTT-yə üzv olarkən ölkələr hər hansı bir ölkəyə digər ölkələr ilə müqayisədə daha əlverişli rejimin tətbiq olunmamasına dair öhdəlik götürür. Bü öhdəlikdən istisna, Regional Ticarət Sazişləridir ("RTS"). Öz xarakterinə görə RTS ayrıseçkilik edir, belə ki, onları imzalayan tərəflər bazarda daha əlverişli şərtlərə malik olur. ÜTT üzvləri belə sazişlərin legitimliyini yalnız o halda qəbul edir ki, həmin sazişlər tərəflər arasında ticarəti asanlaşdırır və digər üzv dövlətlərlə ticarətdə əlavə maneələr yaratmır. ÜTT üzvlərinə xüsusi şərtli olan RTS-ə yalnız aşağıdakı “üç qayda”ya uyğun şəkildə qoşulmağa imkan verilir:

  1. Ticarət və Tariflər haqqında Baş Sazişin ("GATT 1994") XXIV maddəsi
  2. Xidmətlərlə Ticarət üzrə Baş Sazişin ("GATS") V maddəsi
  3. Müstəsna hal (Enabling Clause) 

 

Birinci və ikinci qaydalara uyğun olaraq, RTS-ə daxil olan tərəflər aralarındakı bütün ticarəti qarşılıqlı qaydada asanlaşdırmalı, maneələri aradan qaldırmalıdırlar. Üçüncü hal isə (Enabling Clause) müstəsna olaraq, inkişaf etmiş ölkələr tərəfindən inkişaf etməkdə olan ölkələrə onların inkişaf ehtiyacları üçün birtərəfli qaydada verilən güzəştləri əhatə edir. İnkişaf etməkdə olan ölkələr əldə etdikləri güzəştlərin əvəzində inkişaf etmiş ölkələrə qarşılıqlı güzəşt təqdim etmək öhdəliyindən azaddırlar.

 

ÜTT şərtlərinə uyğun olaraq, üzv dövlətlər RTS-ə üzv olarkən bu barədə ÜTT-yə bildiriş təqdim etmək öhdəliyi daşıyırlar. Bildirişə dair tələb həm də mövcud sazişə yeni tərəfin daxil olması məsələlərini də əhatə edir. Misal üçün, Xorvatiyanın Avropa İttifaqının Gömrük İttifaqına qəbul olunması ilə bağlı bildirişi qeyd etmək olar. 

 

Aşağıdakı cədvəldən də göründüyü kimi, RTS-lərin sayı 1990-cı illərdən artmağa başlamış və 2000-ci illərdə bu artım pik nöqtəyə çatmışdır. Ümumdünya Ticarət Təşkilatının statistikasına əsasən, dünyada hal-hazırda 459 ticarət sazişi mövcuddur ki, bunlardan da 287-si aktivdir. 

 

(Mənbə: www.wto.org)

 

RTS yalnız say baxımından yox, həm də əhatə dairəsi və mürəkkəblik səviyyəsinə görə genişlənmişdir. Müasir RTS malların ticarətilə yanaşı, xidmətlər və əqli mülkiyyət hüquqlarını, kiçik və orta sahibkarlıq subyektlərini, rəqabət və texnoloji tərəfdaşlıq ilə bağlı müddəaları da əhatə edir. Digər tərəfdən, müasir sazişlər dünya ticarətinin əhəmiyyətli proporsiyasını təşkil edən meqa-regional sazişlərə çevrilmişdir. Məsələn, ratifikasiya mərhələsində olan Asiya-Sakit Okean Bölgəsi, kəskin və proqressiv Trans-Sakit Tərəfdaşlıq Sazişi 11 ("CPTPP") ölkəni əhatə etməklə qlobal ÜDM-in təxminən 15%-ni əhatə edir. Amerika Birləşmiş Ştatlarının 20 ölkə ilə ticarət sazişi mövcuddur. Avropa İttifaqının Avropa, Asiya, Şimali və Cənubi Amerika və Afrika ölkələri ilə 70-dən çox gömrük ittifaqları və azad ticarət sazişi var. Hal-hazırda Avropa İttifaqı ilə Meksika, Avstraliya və Yeni Zelandiya arasında azad ticarət sazişlərin bağlanması barədə danışıqlar davam etməkdədir.

 

(Mənbə: Beynəlxalq Tədqiqatlar və Təlim İnstitutu)

 

Region ölkələrini nümunə kimi göstərsək, Türkiyə, Gürcüstan və Ukrayna ticarət sazişlərinin bağlanmasında xüsusi aktivlik göstərirlər.  

 

Türkiyənin qüvvədə olan və ÜTT-yə bildirilmiş 22 Azad Ticarət Sazişi mövcuddur. Bunlardan ən vacibləri Avropa İttifaqı ilə olan Gömrük İttifaqı və Malayziya, Cənubi Koreya və  Avropa Azad Ticarət Assosiasiyası ilə isə Azad Ticarət Sazişləridir. Türkiyəyə daxil olan idxalın 42%-i RTS bağlanmış ölkələrlədir. Öz növbəsində isə Türkiyənin ümumi ixracatının 48%-i RTS tərəfdaşlarına köçürülür. Türkiyə və Azərbaycan arasında da ticarət sazişi ilə bağlı danışıqlar davam etməkdədir. 

 

Gürcüstan və Ukrayna ÜTT-yə müvafiq olaraq 12 və 18 Azad Ticarət Sazişlərinin mövcudluğu barədə bildirmişlər. Ukrayna Türkiyə, Sinqapur və Serbiya ilə əlavə üç sazişlər bağlanması barədə danışıqlar aparır. Hər iki ölkə üçün ən vacib saziş 2014-cü ildə Avropa İttifaqı ilə bağlanmış Assosiasiya Sazişi / FTA Sazişidir. FTA Sazişlərinin hər iki ölkənin iqtisadiyyatına təsiri dərhal hiss olunmuşdur. Aİ-Gürcüstan 2014-cü ilin sentyabr ayında tətbiq olunmağa başlanmışdır. Əvvəlcə, Aİ-yə ixracın göstəricisi aşağı düşmüş, belə ki, dünyada minerallara qiymətlərin azalmış (2015-2016), sonradan isə 23% artımla sürətlə bərpa olunmuşdur. Həmin dövrlərdə Aİ-dən idxalın həcmi bir qədər artmışdır. Aİ Gürcüstanın ilə ticarət tərəfdaşıdır (2017-ci ildə ticarətin ümumi həcmi 26.6% olmuşdur). Öz növbəsində, Aİ-Ukrayna FTA Sazişi 2016-cı ilin yanvar ayından tətbiq olunur. Birinci il ərzində ticarət dövriyyəsinin artım səviyyəsi o qədər yüksək olmasa da, 2017-ci ildə Aİ-yə ixracın həcmi 3.7 mlrd. avro və ya 22%, Aİ-dən idxal isə 3.6 mlrd. avro və ya 27% artmışdır. Aİ Ukraynanın ən böyük ticarət tərəfdaşı olmaqla, 2017-ci ildə Ukraynanın ümumi ticarətinin 40%-i təşkil etmişdir. Bir sözlə, Aİ ilə FTA Sazişi hər iki halda Rusiyada uzaq ixracın diversifikasiyasına, ticarət axınının artırılmasına və ixrac olunan məhsulların sayının çoxalmasına müsbət təsir göstərmişdir.

 

Müstəqilliyin ilk illərindən etibarən Azərbaycan Respublikası da iqtisadi əlaqələri və xarici ticarət əməliyyatlarını genişləndirmək, ticarətin axınını gücləndirmək məqsədilə keçmiş Sovet İttifaqı ölkələri ilə Azad Ticarət Sazişləri bağlamışdır. 

 

İkitərəfli sazişlər

Azərbaycan ikitərəfli 9 Azad Ticarət Sazişində tərəf kimi çıxış edir, onlardan 6-sı ilə əlaqədar ÜTT-yə bildiriş təqdim olunmuşdur: 

  • Özbəkistan ilə, Daşkənd, 26 fevral 1992-cı il
  • Rusiya Federasiyası ilə, Bakı, 30 sentyabr 1992-ci il 
  • Moldova ilə, Minsk, 26 may 1995-ci il 
  • Ukrayna ilə, Bakı, 28 iyul 1995-ci il 
  • Gürcüstan ilə, Tbilisi, 8 mart 1996-cı il 
  • Qazaxıstan ilə, Almatı, 10 iyun 1997-ci il 
  • Qırğızıstan ilə, Moskva, 12 yanvar 2004-cü il 
  • Belarus ilə, Minsk, 31 mart 2004-cü il 
  • Tacikistan ilə, Bakı, 13 iyul 2007-ci il 

 

İkitərəfli sazişlərin əsas elementlərini aşağıdakı kimi ümumiləşdirmək olar:

  • Sazişin bir tərəfinin gömrük ərazisinə aid olan və digər tərəfin gömrük ərazisi üçün nəzərdə tutulmuş malların ixrac və idxalı üçün gömrük rüsumlarının və digər haqların ləğv edilməsi. Bu müddəalardan istisnalar tərəflər arasında razılaşdırıla və sazişə illik əlavələr şəklində düzəliş edilə bilər
  • Malların mənşəyinin müəyyən edilməsi haqqında qaydalar
  • Ayrıseçkilik əleyhinə olan milli rejim və ən əlverişli ölkə rejiminin tətbiqini nəzərdə tutan qaydalar
  • Kvota və digər kəmiyyət məhdudiyyətlərinin tətbiqindən yayınmaq haqqında tərəflərin öhdəlikləri. Lakin Sazişlərdə bu öhdəliklərdən istisnalar və belə məhdudiyyətlərin hansı şərtlər altında tətbiq oluna biləcəyi də öz əksini tapır. Sazişlər həm də tərəflərin qarşılıqlı razılığı olduğu təqdirdə kəmiyyət məhdudiyyətlərinin tətbiqinə icazə verir
  • Gömrük sahəsində tərəflərin gömrük orqanlarının əməkdaşlığının təmini, gömrük klassifikasiyası üçün uyğunlaşdırılmış sistemdən istifadənin vacibliyi
  • İxraca nəzarət sahəsində siyasətin əlaqələndirilməsi
  • Haqsız biznes təcrübələrinə və haqsız rəqabətə icazə verilməməsi barədə müddəalar
  • Tranzitin azad şəkildə həyata keçirilməsi hüququ
  • Tərəflərin öz əhəmiyyətli maraqlarını müdafiə etmək üçün vacib hesab etdikləri tədbirləri tətbiq etmək hüququ. Tətbiqi müstəsna xarakter daşıyan bu cür müddəalar bütün Sazişdə öz əksini tapmışdır və tərəflərin onların ərazisində milli təhlükəsizlik, ictimai maraqlarının, sənaye və əqli mülkiyyət hüquqlarının, insan, heyvan və bitki həyatının və sair sahələrin qorunmasını zəruri hesab etdikləri hallarda, Sazişin müddəalarına uyğun olmayan tədbirlər görməsinə icazə verir
  • Mübahisələrin və anlaşılmazlıqların danışıqlar yolu ilə həll edilməsi   

 

Oxşar cəhərlərinə baxmayaraq, ikitərəfli Sazişlərin hər birinin özünə xas və digər Sazişlərdə öz əksini tapmayan spesifik müddəaları da vardır. Məsələn, Rusiya ilə bağlanmış Azad Ticarət Sazişi tərəflərə digər tərəfin ərazisində ticarət nümayəndəliyi yaratmaq hüququ verir və azad ticarət rejiminə xələl gətirən subsidiyaların, dövlət dəstəyinin verilməsini qadağan edən müddəa Sazişin əsas elementlərindən biridir.  

 

Regional ticarət sazişləri

GUAM iştirakçısı olan dövlətlər arasında azad ticarət zonalarının yaradılması haqqında Saziş

Saziş 20 iyul 2002-ci ildə imzalanmış və 10 dekabr 2003-cü ildə qüvvəyə minmişdir. Sazişin tərəfləri Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovadır. Saziş digər ikitərəfli sazişlərin yalnız bu Sazişin müddəaları ilə uyğun olduğu təqdirdə tətbiq olunmasına icazə verir. Saziş üçüncü ölkələrin qoşulması üçün açıqdır. 

 

Saziş həm mallar, həm də xidmətlərlə ticarəti əhatə etməklə, əqli mülkiyyət hüquqlarının qorunması ilə bağlı müddəaları da özündə ehtiva edir. Sazişin əsas müddəaları gömrük rüsumları və oxşar təsirə malik olan ödənişlər və digər vergilərin tətbiq edilməməsi, Sazişin qüvvəyə minməsindən sonra heç bir yeni kəmiyyət və ya rüsum məhdudiyyəti daxil edilməməsini (istisnalarla), milli rejim və ən əlverişli ölkə rejiminin tətbiqini, idxal və ixracla bağlı istənilən haqların (məsələn, lisenziya haqqı, rəsmiləşdirmə, karantin, testlər və s. ilə bağlı xərclərin) ağlabatan məbləğdən artıq olmamasını, gömrük prosedurlarının uyğunlaşdırılmasını, mənşə ölkəsi Saziş tərəflərindən biri olan mallara ƏDV və aksiz vergilərinin tətbiq olunmamasını, ixrac subsidiyaları və haqsız rəqabətə səbəb olan subsidiyaların aradan qaldırılmasını, azad tranzitin təmin edilməsini, xidmət sektorlarının qarşılıqlı əsaslarla liberallaşdırılmasını nəzərdə tutur. 

 

Dövlət satınalmalarının ayrıseçkiliyə yol verilmədən, qarşılıqlı əsasla liberallaşdırılmasına dair müddəalar da Sazişin maraqlı elementlərindəndir. Tərəflər ümumi istisnalar və təhlükəsizlik səbəblərindən dolayı, istisnaların Sazişə daxil edilməsinə razılaşmışlar. Digər bir maraqlı element Sazişin 15-ci maddəsinin antidempinq, kompensasiya tədbirləri və mühafizə tədbirlərinin tətbiqi ilə bağlı ÜTT-nin1994-cü il tarixli Tariflər və Ticarət üzrə Baş Sazişinin (GATT 1994) prinsiplərinə və müddəalarına əsaslanmaq tələbidir.  

 

Mübahisələrin həlli ilə bağlı müddəalara əsasən, tərəflər arasındakı mübahisələr danışıqlar və İşçi Orqanın müəyyən etdiyi barışdırma prosesi üzrə razılaşma yolu ilə həll edilməlidir. Bunlardan heç biri mümkün olmadıqda, qarşı tərəfin Saziş müddəalarını pozmasından zərər çəkən tərəf öhdəliklərindən geri çəkilə bilər və zərər məbləğini kompensasiya etmək üçün müvafiq tədbirlər tətbiq edə bilər. Bununla yanaşı, Saziş tərəflərin Sazişlə bağlı mübahisələrini beynəlxalq hüququn icazə verdiyi digər vasitələrlə həll etməsinə də imkan verir.

 

Sazişin mətni aşağıdakı keçiddən əldə edilə bilər: guam-organization.org/en/agreement-on-establishment-of-free-trade-area-between-the-guuam-participating-states