Sənaye

Dövlət siyasəti və tənzimləyici çərçivə

Azərbaycan Respublikası Konstitusiyasının 15-ci maddəsinə əsasən Azərbaycan dövləti azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir. Konstitusiya tələblərinin yerinə yetirilməsi məqsədilə dövlət tərəfindən bir sıra qanunvericilik aktları qəbul edilmişdir:

  1. “Sahibkarlıq fəaliyyəti haqqında” 15 dekabr 1992-ci il tarixli, 405 nömrəli Azərbaycan Respublikasının Qanunu
  2. “Antiinhisar fəaliyyəti haqqında” 4 mart 1993-cü il tarixli, 526 nömrəli   Azərbaycan Respublikasının Qanunu
  3. “Haqsız rəqabət haqqında” 2 iyun 1995-ci il tarixli, 1049 nömrəli Azərbaycan Respublikasının Qanunu
  4. “Təbii inhisarlar haqqında” 15 dekabr 1998-ci il tarixli, 590-IQ nömrəli Azərbaycan Respublikasının Qanunu
  5. “Reklam haqqında” 15 may 2015-ci il tarixli, 1281-IVQ Azərbaycan Respublikasının Qanunu

 

Rəqabət sahəsində hüquqpozmaların qarşısının alınması məqsədilə aşağıdakı qanunvericilik aktları mövcuddur:

  1. Cinayət Məcəlləsi
  2. İnzibati Xətalar Məcəlləsi 


ÜTT-də Rəqabət siyasəti və ticarət

ÜTT Sazişləri ticarət və rəqabət siyasətinin müxtəlif spesifik aspektlərini əhatə edir. Misal üçün, Tariflər və Ticarət üzrə Baş Sazişin ("GATT 1994") II:4 maddəsi və Xidmətlərlə Ticarət üzrə Baş Sazişin ("GATS") IX maddəsi monopoliyalar və müstəsna xidmət təminatçıları ilə əlaqədar müddəaları əks etdirirlər. Bununla yanaşı, Əqli Mülkiyyət Hüquqlarının Ticarət Aspektlərinə dair Sazişin ("TRİPS") 40-cı maddəsində və Xidmətlərlə Ticarət üzrə Baş Sazişin IX maddəsində rəqabətə zidd təcrübənin ticarətə mənfi təsiri qəbul olunur və bu, ÜTT üzvləri arasında oxşar fəaliyyət sahələrində əməkdaşlıq üçün prosedurların qurulmasına səbəb ola bilər.   


Haqsız rəqabət: Milli qanunvericiliyin əsas elementləri

Sahibkarlıq fəaliyyətində haqsız rəqabətin formalarına aşağıdakılar aid edilir:

  • rəqibin təsərrüfat fəaliyyətinin təqlidi
  • rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması
  • rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə
  • haqsız sahibkarlıq fəaliyyəti
  • haqsız işgüzarlıq davranışı
  • istehlakçıların çaşdırılması


Rəqibin təsərrüfat fəaliyyətini təqlid edən aşağıdakı hərəkətlərə yol verilmir:

  • rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi
  • digər təsərrüfat subyektinin patent-lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması
  • eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi


Rəqibin təsərrüfat fəaliyyətini nüfuzdan salmağa gətirib çıxaran aşağıdakı hərəkətlərə yol verilmir:

  • digər bazar subyektlərinin işgüzar nüfuzu və maliyyə vəziyyəti haqqında yalan və təhrif olunmuş məlumatların yayılması
  • rəqibin elmi-texniki və istehsal imkanları haqqında məlumatların təhrif olunmuş şəkildə açıqlanması

 

Bazar subyektlərinin istehlakçıları çaşdırmağa yönəldilmiş aşağıdakı hərəkətlərinə yol verilmir:

  • əmtəənin mənşəyi, hazırlanması üsulu, istifadə üçün yararlılığı, keyfiyyəti və başqa xassələri, sahibkarın şəxsiyyəti və ya onun təsərrüfat fəaliyyətinin xüsusiyyəti barədə istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməsi
  • əmtəənin alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçmə sərbəstliyinə təsir göstərən haqsız, qeyri-dəqiq və gizli reklam üsullarından istifadə olunması
  • əmtəənin istehlakçını çaşdıra bilən yanlış müqayisə edilməsi və onun reklam və ya informasiya materialı kimi açıqlanması
  • əmtəənin istehlak və digər vacib xassələri barədə istehlakçını çaşdırmaq məqsədilə uyğun olmayan fərqləndirici nişanla və ya marka ilə təchiz edilməsi
  • əmtəənin öz təyinatına və ya ona qoyulan tələblərə uyğun olmadığının gizlədilməsi

 

Rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə məqsədi güdən aşağıdakı hərəkətlərə yol verilmir:

  • rəqibin işgüzar münasibətlərinin qanunsuz vasitələrlə qəsdən pozulması, kəsilməsi və dayandırılması
  • rəqibin işçilərini öz xidməti vəzifələrini yerinə yetirməməyə sövq etmək məqsədilə onlara qanunsuz vasitələrlə təsir göstərilməsi

 

Sahibkarlıq fəaliyyəti sahəsində aşağıdakı hərəkətlərə yol verilmir:

  • bazar subyektinin elmi-texniki, istehsal və ya ticarət fəaliyyətinə dair məlumatların, o cümlədən kommersiya sirrinin qanunsuz əldə edilməsi, istifadə olunması və yayılması
  • rəqibin üzərində əsassız üstünlük qazanmaq məqsədilə onun təsərrüfat qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərilməsi
  • əmtəələrin məcburi əlavə çeşidlə satışı
  • müqavilələrdə əsassız birtərəfli üstünlüklərin nəzərdə tutulması
  • qiymətlərinin artırılması nəzərdə tutulduğu günədək, yaxud qiymətlərin artmasına şərait yaratmaq məqsədilə əmtəələrin təsərrüfat dövriyyəsindən çıxarılması və ya dövriyyəyə buraxılmaması

 

İşgüzarlıq davranışı sahəsində aşağıdakı hərəkətlərə yol verilmir:

  • müəyyən vaxt ərzində rəqabətdən və ya onun müəyyən formasından əl çəkmək haqqında tərəf müqabili ilə (kontragentlə) bağlanmış və bazar subyektlərinin təsərrüfat fəaliyyətinə ciddi məhdudiyyətlər yaratmayan sazişin pozulması
  • rəqibin işgüzarlıq əlaqələrini pozmaq məqsədilə digər bazar subyektlərinə əsassız çağırışlar (müraciətlər) edilməsi və belə əlaqələrin yaradılmasına maneçilik törədilməsi

 

Rəqabətdə birtərəfli üstünlük qazanmaq məqsədilə, həmçinin aşağıdakı hərəkətlərə görə qanunsuz ödənişlərə yol verilmir:

  • bu və ya digər təsərrüfat subyektinə süni surətdə əlverişli mühit yaradılmasına, o cümlədən əlverişli sazişlərin, kreditlərin, subsidiyaların verilməsi, güzəştli gömrük rüsumunun və vergi rejiminin müəyyən edilməsi
  • müəyyən sifarişlər əldə olunmasında fərdi güzəştlər edilməsi və ya onların verilməsinin ümumi şəraitinin süni surətdə yaxşılaşdırılması
  • rəqiblə müqayisədə müqavilənin bağlanmasının süni surətdə sürətləndirilməsi

 

Rəqabət qanunvericiliyinin təkmilləşdirilməsi

“Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə rəqabət mühitinin təkmilləşdirilməsi prioritet istiqamətlərdən biri olaraq təsbit edilib və “Rəqabət Məcəlləsi”nin qəbul edilməsi qarşıya vacib məqsəd kimi qoyulub. Bununla yanaşı, “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” ölkə Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planında 2017-ci ildə aşağıdakı tədbirlərin görülməsi nəzərdə tutulub:

  • Avropa qanunvericiliyinə uyğunlaşdırma ilə əlaqədar müddəaların qanunvericilikdə təsbit olunması
  • Rəqabət qanunvericiliyinin pozulması haqqında işlərə baxan komissiyanın hüquq və vəzifələrinin artırılması, qərarların müstəqil qəbul edilməsinin təsbit edilməsi


Aidiyyəti dövlət orqanları və onların səlahiyyətləri

Azərbaycan Respublikasında rəqabət siyasətinin həyata keçirilməsi üzrə səlahiyyətli orqanlar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Mühafizəsi Dövlət Agentliyi və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyidir. Bununla yanaşı, reklam sahəsində qanunvericiliyin tələblərinə riayyət olunmasına cavabdeh orqan Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyidir. 


Dövlət Ticarət Müəssisələri 

ÜTT tərəfindən Dövlət Ticarət Müəssisələrinə aşağıdakı belə tərif verilmişdir:  

Müstəsna və ya xüsusi hüquq, imtiyaz, o cümlədən, qanunla və ya konstitusiya ilə müəyyənləşdirilmiş səlahiyyətlər verilmiş və onların istifadəsi ilə idxal və ya ixrac səviyyəsinə və istiqamətinə öz alqı-satqıları ilə təsir göstərən assosiasiyalar da daxil olmaqla, hökumət və qeyri-hökumət təşkilatları

1994-cü il tarixli Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) XVII maddəsinin Açıqlanması

 

Azərbaycandakı Dövlət Ticarət Müəssisələri 

Müstəsna və xüsusi hüquqlara, həmçinin, hakim mövqeyə malik olan hökumət və qeyri-hökumət müəssisələrini nəzərdən keçirərkən, GATT 1994-ün XVII maddəsinin Açıqlanmasında qeyd olunan Dövlət Ticarət Müəssisələrinin tərifinə 4 müəssisə uyğun hesab olunmuşdur: 

  1. ARDNŞ (Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti)
  2. AzərEnerji 
  3. Naxçıvan Zonal İstehsalat Qaz Birliyi  
  4. Səhiyyə Nazirliyi
 
ARDNŞ (SOCAR), neft/qaz sahəsində müvafiq hasilatın pay bölgüsü haqqında sazişlərlə nəzərdə tutulan birgə müəssisələr/əməliyyat şirkətləri ilə birlikdə neft məhsullarının istehsalı, emalı və satışı, xam neftin boru kəmərləri vasitəsilə nəqli, təbii qazın idxal və ixracı, neft və neft məhsullarının ixracı ilə məşğuldur. ARDNŞ təbii qaz üçün idxal/ixrac kəmərlərini idarə etsə də, digər şirkətlər hökumət ilə bağlanmış müvafiq sazişlər vasitəsilə təbii qazın idxal/ixracına çıxışın əldə olunmasında sərbəstdirlər. Qaz istehsalı sahələri ARDNŞ-nin "Azneft" İstehsalat Birliyi və 12 əməliyyat şirkəti (xarici səhmdarları olan) tərəfindən işlənilir. 

 

Neftin ölkədaxili nəqli ARDNŞ-nin “Neft Boru Kəmərləri” Departamenti tərəfindən həyata keçirilir. İxrac üçün nəzərdə tutulan neft Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən BTC və Bakı-Supsa boru kəmərləri vasitəsilə həyata keçirilir. Həm ARDNŞ, həm də birgə müəssisələr neftin ixracında iştirak edirlər. Ölkədaxili boru kəmərləri, o cümlədən, neftin beynəlxlaq nəqli üçün Azərbaycanda yerləşən boru kəmərlərinin bir hissəsi ARDNŞ–yə məxsusdur. Bu boru kəmərlərindən istifadə etmək istəyən xarici şirkətlər Azərbaycan Hökumətinə müraciət edirlər və onlar arasında, qarşılıqlı razılıq və beynəlxalq normalara uyğun olaraq müqavilələr bağlanılır.  

 

Əcnəbilər ARDNŞ və “Naxçıvanqaz” İstehsalat Birliyi ilə (Naxçıvan Muxtar Respublikası üçün) müqavilələr əsasında, Azərbaycana təbii qaz təchizatı ilə məşğul ola bilərlər. Daxili bazarda təbii qazın təchizatı və paylanması müstəsna olaraq, ARDNŞ (Azəriqaz) tərəfindən (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) həyata keçirilir; xarici şirkətlər bu növ fəaliyyətlə məşğul olmaqdan ötrü Azərbaycan Respublikasının Energetika Nazirliyinə müvafiq lisenziyanın alınması üçün müraciət etməlidirlər. Əcnəbilər maye qazı və neft məhsullarını Azərbaycanda istənilən şəxsə ixrac edə bilərlər. Rezidentlər (xarici iştirakı olan və olmayan) və xarici şirkətlərin fillialları tərəfindən maye qaz və neft məhsulları eyni şərtlərlə daxili bazara verilə bilər. Xüsusi şərtlər tətbiq olunmur. 

 

AzərEnerji elektrik enerjisinin istehsalı, ötürülməsi və idxal/ixracı ilə məşğul olur, bununla da, elektrik enerjisinin idxalı və ixracı ilə məşğul olan yeganə qurumdur.   

 

Naxçıvanqaz İstehsalat Birliyi təbii qazın nəql edilməsi və paylaşdırılmasında iştirak edir və İrandan Naxçıvan Muxtar Respublikasına qazın müstəsna idxalçısıdır. 

 

Səhiyyə Nazirliyi Nazirlər Kabinetinin 57 nömrəli, 13 may 2003-cü il tarixli Qərarı ilə təsdiq olunmuş "Narkotik  vasitələrin, psixotrop maddələrin saxlanılması, alınması, satılması, əldə edilməsi, bölüşdürülməsi, buraxılması, daşınması, göndərilməsi, onlardan istifadə edilməsi, habelə narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə dair sənədlərin tərtib edilməsi, saxlanılması və onların dövriyyəsi ilə əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş digər əməliyyatların həyata keçirilməsi” Qaydalarına uyğun olaraq bir sıra narkotik maddələrin idxalında müstəsna hüquqa malikdir.