Texniki yardım və potensialın gücləndirilməsi layihələri

Giriş

Azərbaycan ticarətlə əlaqəli sahələrdə potensialı gücləndirmək məqsədilə aktiv şəkildə beynəlxalq təşkilatlarla və donor qurumlarla əməkdaşlıq edir. Bunlara Ümumdünya Ticarət Təşkilatı, Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Birliyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyi daxildir. 

 

Ticarətə birbaşa və ya dolayı yolla təsir etmək üçün həyata keçirilmiş və ya keçirilməkdə olan bir çox fəaliyyətlər olsa da, aşağıda verilən məlumatlar yalnız 2010-cu ildən sonrakı dövrdə ÜTT-yə qoşulmanı özündə ehtiva edən ticarət siyasətinin inkişafı və tətbiqi məqsədilə həyata keçirilən fəaliyyətlərlə bağlıdır. Hal-hazırda davam edən həmin fəaliyyətlər ilkin olaraq nəzərə alınmaqla xronoloji ardıcıllıqla göstəriləcək. 

 

Aİ-nin maliyyələşdirdiyi “ÜTT-yə üzvlük danışıqlarında İqtisadiyyat Nazirliyinin Ticarət Siyasəti və ÜTT Şöbəsinə dəstək və potensialının gücləndirilməsi” layihəsi

Bu layihə 2018-ci ilin yanvar ayından etibarən İqtisadiyyat Nazirliyinin nəzarəti altında həyata keçirilir və 24 ay ərzində davam edəcəyi gözlənir. Bu layihə, DMİ Associates-in rəhbərlik etdiyi şirkətlərin konsorsiumu tərəfindən həyata keçirilir. Layihə üzrə iki uzunmüddətli məsləhətçi və bir neçə qısamüddətli ekspert təyin edilib. 

 

Layihə Azərbaycan hökumətinin ticarət siyasətinin inkişafını və tətbiqini gücləndirmək, ÜTT-yə üzvlük danışıqlarını dəstəkləmək üçün nəzərdə tulub.

 

Layihə Azərbaycan Hökumətini öz ticarət siyasətində islahat səyləri və ÜTT-yə üzvlük danışıqlarında dəstəkləyəcək, nəticə etibarilə isə, ticarət yönümlü artıma şərait yaratmaq və çoxtərəfli ticarət sisteminə inteqrasiya etməklə inklüziv və davamlı inkişafa töhfə verəcəkdir. 

 

Layihənin məqsədləri aşağıdakılardan ibarətdir:

  • ÜTT qaydalarına və ən yaxşı təcrübələrə uyğun olaraq ticarətlə bağlı qanunvericiliyin inkişafının dəstəklənməsi
  • ÜTT-yə üzvlük danışıqlarını aparan qrupa köməklik göstərilməsi
  • İqtisadiyyat Nazirliyinin və digər nazirliklərin institutsional potensialının gücləndirilməsi
  • Ticarət mühafizə vasitələri ilə bağlı səlahiyyətli qurumun qurulması və fəaliyyətə başladılması
  • ÜTT haqqında məlumatlar da daxil olmaqla, ticarətlə əlaqəli məsələlərdə ictimai maarifləndirmə səviyyəsinin yüksəldilməsi

 

Layihənin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

  • Ticarətlə əlaqəli yeni qanunvericiliyin inkişafına dair məsləhət və mövcud qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər
  • Yerində köməklik göstərilməsi də daxil olmaqla, danışıqlara hazırlıq üçün tələb olunan fəaliyyətlərin həyata keçirilməsi
  • Ticarət mühafizə vasitələri ilə bağlı səlahiyyətli qurumun fəaliyyətə başlaması və təlimlər keçirilməsi ilə bağlı məsləhət
  • Seminarlar, dəyirmi masalar və nəşrlər daxil olmaqla, ictimai maarifləndirmə tədbirlərinin təşkili

 

Layihənin əsas benefisiarı İqtisadiyyat Nazirliyidir. Layihə, həmçinin, əsas orqanlar kimi aşağıda adları sadalanan digər qurumları da dəstəkləyir:

  • Kənd Təsərrüfatı Nazirliyi
  • Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi 
  • Əqli Mülkiyyət Agentliyi
  • Dövlət Gömrük Komitəsi
  • Maliyyə Bazarlarına Nəzarət Palatası
  • Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

 

Yuxarıdakı hədəf qruplarından başqa, layihə öz fəaliyyətlərinə Azərbaycan biznes ictimaiyyətini, o cümlədən akademik dairləri cəlb edir. 

 

Aşağıda 2018-ci il avqustun sonuna qədər həyata keçirilən bir çox fəaliyyətlər öz əksini tapmışdır:

  • İqtisadiyyat Nazirliyi və digər dövlət qurumları tərəfindən bir çox sahələr üzrə məsləhətlərin verilməsi və ÜTT-yə üzvlük danışıqları ilə əlaqədar sənədlərin hazırlamasına dəstəyin göstərilməsi 
  • Azərbaycanın dünya ticarət sisteminə inteqrasiyası ilə bağlı konfransın təşkil edilməsi
  • www.wto.az web saytının yenidən dizaynı və zəruri məlumatların yerləşdirilməsi
  • Ticarət müdafiə araşdırmalarında istifadə ediləcək sənədləşmənin hazırlanması

 

Bu layihə tərəfindən həyata keçirilən xüsusi fəaliyyətlərlə bağlı ətraflı məlumat həmin web saytın “Xəbərlər” bölməsindən əldə edilə bilər.

 

Layihəyə açılış tədbiri və Azərbaycanın Dünya Ticarət sisteminə İnteqrasiyası Konfransından şəkil, 8 iyun 2018-ci il

 

Aİ-nin maliyyələşdirdiyi “ÜTT-yə üzvlük danışıqlarında İqtisadiyyat və Sənaye Nazirliyinin Ticarət Siyasəti və ÜTT məsələləri Şöbəsinin institutsional potensialının gücləndirilməsi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Akkreditasiya Xidməti üçün Tvinninq layihəsi çərçivəsində fişlərinin hazırlanmasına dəstək” layihəsi

Layihə 2015-ci ilin sentyabr və 2017-ci ilin mart ayları arasında həyata keçirilmişdir. Ümumilikdə, onun məqsədi Azərbaycana ÜTT-yə üzvlük səylərində köməklik göstərilməsi və Azərbaycanın ticarət rejiminin ÜTT qaydaları, intizamı və ən yaxşı beynəlxalq standartlara uzlaşdırılması məqsədilə ticarətlə əlaqəli qanunvericiliyin nəzərdən keçirilməsi idi. 

 

Aşağıdakı nəticələr əldə olunmuşdur:

  • ÜTT üzvlərinin suallarına cavablar hazırlanıb və təqdim edilib
  • ÜTT-yə uyğunluq üçün “Xarici ticarət fəaliyyətinin dövlət tənzimlənməsi” və “Antidempinq, kompensasiya və mühafizə tədbirləri” ilə bağlı qanun layihələrinin nəzərdən keçirilməsi yekunlaşdırılıb
  • Ticarət mühafizə vasitələrinin tətbiqi üçün 20 model sənəd/anket və 1 dərslik hazırlanıb və təqdim edilib
  • 33 sənəd İngilis dilindən Azərbaycan dilinə və əksinə tərcümə edilib
  • Azərbaycan üçün ÜTT üzvlüyünün üstünlükləri və ümumi yanlış fikirlər haqqında broşüra hazırlanıb

 

Azərbaycan Respublikasının ÜTT-nin Ticarətin Asanlaşdırılması Sazişindən yaranan gələcək öhdəliklərini həyata keçirməyə hazırlığı ilə bağlı qiymətləndirmə hesabatı

Bu layihə 2017-ci ildə Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası tərəfindən həyata keçirilmişdir. Layihənin əsas məqsədi Azərbaycan Respublikasının ÜTT-nin Ticarət Asanlaşdırılması Sazişindən yaranan gələcək öhdəliklərini həyata keçirməyə hazırlığını qiymətləndirmək və bununla bağlı tövsiyə verməkdən ibarət idi.

 

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyələşdirdiyi “Azərbaycan Rəqabətlilik və Ticarət (ART) Layihəsi”

Layihə 2010-cu ilin oktyabr və 2013-cü ilin sentyabr ayları arasında həyata keçirilmişdir. ART Layihəsi Azərbaycanda özəl sektorun inkişafı ilə əlaqədar olaraq iqtisadi artıma çətinlik yaradan texniki və inzibati maneələri aradan qaldırmağa və ya azaltmağa kömək etmək üçün nəzərdə tutulmuşdur. ART layihəsinin dəstəkləyici tədbirlər vasitəsilə ölkənin biznes şəraitinin və ticarət mühitinin inkişafına yönəlmiş dəyişikliklər üçün stimullaşdırıcı kimi çıxış edəcəyi və ya onları asanlaşdıracağı, eyni zamanda kənd təsərrüfatında fəaliyyət göstərən şirkətlərin rəqabət qabiliyyətini artırmaq üçün təşəbbüslər həyata keçirəcəyi gözlənilirdi. 

 

ART müdaxilələrinin son nəticəsi üç komponent sahə üzrə xüsusi göstəricilərlə xarakterizə olunan hədəflərə çatmağa rəvac verməli idi:

  • Yerli biznes mühiti yaxşılaşdı
  • Liberallaşmış, daha şəffaf ticarət mühiti inkişaf etdi
  • Hədəf olaraq seçilmiş kənd təsərrüfatı halqaları inkişaf etdi 

 

Həyata keçirilən proseslər zamanı ilk iki komponentə daha çox diqqət yetirilmiş və son nəticədə ÜTT-yə üzvlüyə nail olmaq mühüm addımlar atılmışdır. 

 

Layihə geniş əhatəli fəaliyyət növləri, o cümlədən, normativ hüquqi bazanın (qanunlar, qanunvericilik aktları, ikinci dərəcəli aktlar) inkişafı/yaxşılaşdırılması, beynəlxalq standartlar və qaydalara uyğunlaşdırılması, ÜTT-yə üzvlüklə bağlı fəaliyyətlərə dəstək, institusional islahat və siyasətlə əlaqədar məsləhət və potensialın gücləndirilməsi məsələlərində köməklik göstərdi. 

 

Layihə ÜTT-yə üzvlük danışıqları mövzusunda təqdim edilən çox sayda sənədlərin hazırlanmasına, həmin danışıqların aparılması ilə bağlı görüşlərə hazırlığa, eyni zamanda beynəlxalq ticarət və investisiya sazişlərinin tətbiqi və ya uyğunluğunun təkmilləşdirilməsi ilə bağlı hüquqi, tənzimləyici və ya institusional fəaliyyətlərin həyata keçirilməsinə öz töhfəsini verdi. 

 

Ümumdünya Ticarət Təşkilatı

ÜTT qoşulmaqda olan ölkələrə aşağıdakı digər məsələlərdə köməklik göstərir:

  • Milli seminarlar və təlim kursları
  • Regional kurslar
  • ÜTT-yə üzvlüklə bağlı dəyirmi masa görüşləri
  • Üzvlüyün Təlim Proqramları
  • Onlayn kurslar

 

Azərbaycan bir çox milli seminarlar və təlim kurslarından faydalanmışdır ki, bunlara xidmətlər; mallar, o cümlədən malların siyahı üzrə sistemləşdirilməsi; Sanitar və Fitosanitar Tədbirlər üzrə ÜTT Sazişi; İnformasiya Texnologiyaları Sazişi və ticarətin asanlaşdırılması məsələləri; üzvlük daxildir.