Ticarətdə texniki maneələr

Dövlət Siyasəti və tənzimləyici çərçivə

Azərbaycan Respublikasının Konstitusiyası hər kəsin sağlam həyat və ətraf mühitdə yaşamaq hüququna təminat verir. Qeyd olunan müddəanı təmin etmək, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahəsində hüquqi bazanın yaradılması məqsədilə, Azərbaycan Respublikasının Milli Məclisi bir neçə qanunlar qəbul etmiş və beynəlxalq müqavilələri ratifikasiya etmişdir. 

 

Aşağıdakı normativ hüquqi aktlar ticarətdə texniki maneələr sahəsini tənzimləyən əsas sənədlərdir:

  1. 60-IQ nömrəli 16 aprel 1996-cı il tarixli “Standartlaşdırma haqqında” Qanun 
  2. 965-IVQ nömrəli 30 may 2014-cü il tarixli “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanun 
  3. 1113 nömrəli 19 sentyabr 1995-ci il tarixli “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun
  4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 1 iyul tarixli 343 nömrəli Qərarı ilə təsdiq olunmuş “Milli sertifikatlaşdırma sistemi haqqında Əsasnamə”  
     

Ticarətdə Texniki Maneələrə dair ÜTT Sazişi və bu sahədə Azərbaycan Respublikasının qanunvericiliyi

Giriş

Ticarətdə Texniki Maneələrə dair Sazişə ("TBT Sazişi") əmtəələrlə ticarətə təsir edən tənzimləmə tədbirlərinin hazırlanmasına və tətbiqinə xas olan xüsusiyyətlər daxildir: beynəlxalq standartların istifadəsini ciddi təşviq edir və ticarətə lazımsız maneələrin qarşısının alınması zərurətini vurğulayır. Bundan əlavə, bura TBT tədbirlərinin hazırlanması, qəbul olunması və tətbiqinin bütün prosesini aydınlaşdırmaq üçün dəqiq müddəalar daxildir (tənzimləyici həyat sikli). Həmçinin, TBT Sazişi  öz əsas prinsiplərini bir sıra digər ÜTT sazişləri ilə bölüşür – ayrıseçkiliyə yol verilməməsi, bazarlara çıxışın proqnozlaşdırılmasının təşviq edilməsi və Sazişin həyata keçirilməsində inkişaf etməkdə olan ölkələr üçün texniki yardım və xüsusi fərqli yanaşmanı özündə əks etdirir.

 

Əhatə dairəsi

TBT Sazişi bütün mallarla ticarəti əhatə edir (həm kənd təsərrüfatı, həm də sənaye), bu 1.3-cü maddədə dəqiq ifadə olunmuşdur. Aşağıdakılar Sazişin əhatə dairəsinə daxil deyil: 

  • xidmətlər (1.3-cü maddənin və TBT Sazişinin 1 nömrəli Əlavəsinin giriş paraqrafı) 
  • dövlət qurumlarının istehlak və ya istehsal tələbləri üçün dövlət qurumları tərəfindən hazırlanmış satınalma xüsusiyyətləri (TBT Sazişinin 1.4-cü maddəsi) 
  • Sanitar və Fitosanitar Tədbirlərinin Tətbiqinə dair Sazişlə əhatə olunan tədbirlər ("SPS Sazişi"), (TBT Sazişinin 1.5-ci maddəsi) 

 

TBT tədbirlərinin üç kateqoriyası

TBT Sazişi tədbirlər kateqoriyaları arasında üçünü vurğulayır:

  • texniki tənzimləmələr
  • standartlar, və
  • uyğunluğun qiymətləndirilməsi prosedurları

 

Bu tədbirlərin dəqiq tərifi TBT Sazişində verilmişdir. 

 
Bu üç tədbirlər kateqoriyasının hər-hansı birinə aid olmayan tədbirlər TBT Sazişi ilə əhatə olunmur. 
 

Texniki tənzimləmələr

Texniki tənzimləmələr uyğunluğun təmin olunması üçün zəruri şərtləri müəyyənləşdirir. Bu, könüllü olan standartlar ilə əsas fərqdir. Növlər və məhsulun əhatə dairəsi geniş şəkildə dəyişə bilər: onlar spesifik ola bilər, məsələn, oyuncaqlarda istifadə olunan boya qurğuşunun maksimum icazə verilmiş səviyyəsi ilə və ya tütün məmulatlarında bəzi əlavələrin istifadəsinə qadağa ilə bağlı ola bilər. Digər tədbirlər öz təbiətinə görə daha ümumi xarakterə malik ola bilər, məsələn orqanik kənd təsərrüfatı məhsullarının etiketlənməsi üçün meyarların yaradılması və ya dizel mühərrikləri üçün emissiya tələbləri. Onların ümumilikdə malik olduqları xüsusatlar odur ki, hökumətin bəzi formada müdaxiləsi vasitəsilə (qanun, qayda, fərman, akt), əmtəələrin bazara çıxışı texniki tənzimləmələrdə ifadə olunan tələblərin yerinə yetirilməsindən asılıdır.
 
ÜTT-nin hüquq sisteminə əsasən, texniki tənzimləmənin mövcudluğu üçün aşağıdakı üç meyarın olması gərəkdir:
  • tələblər (texniki tənzimləmə sənədində ifadə olunan) müəyyən edilə bilən məhsula və ya məhsullar qrupuna (hətta bu sənəddə dəqiq müəyyən edilməmişdirsə) tətbiq olunmalıdır
  • tələblər məhsulun bir və ya daha çox xüsusiyyətlərini müəyyən etməlidir (bunlar məhsulun özünə xas ola bilər, və ya sadəcə ona aid ola bilər və onlar ya müsbət ya da ki mənfi formada təyin oluna və ya tətbiq oluna bilər)
  • məhsulun təyin olunmuş xüsusiyyətləri ilə uyğunluq məcburi olmalıdır

 

Texniki tənzimləmənin nümunəsi:
“Oyuncaqların təhlükəsizliyinə dair Avropa Parlamentinin və Avropa Şurasının 18 iyun 2009-cu il tarixli 2009/48/EC Direktivi” bəyan edir ki, Aİ bazarında satılan oyuncaqlarda aşağıdakı allergik ətirlər olmamalıdır: Alan kökü yağı (İnulahelenium), Allilsotiosiyanat, Benzil sianid, 4 tert-Butilfenol, Çenopodium yağı, Siklamen spirti və sair.

 

Qeyri-tarif tədbirlərinin tətbiqi üçün müasir hüquqi çərçivə yaratmaq məqsədilə, TBT Sazişinin əsas tələblərini əks etdirən “Texniki tənzimləmə” haqqında yeni Qanun layihəsi və “Standartlaşdırma” haqqında yeni Qanun layihəsi Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunmuşdur. 

 

Standartlar

Texniki tənzimləmələrdən fərqli olaraq, standartlar məcburi deyil və həm hökumət, həm də qeyri-hökumət təşkilatları daxil olmaqla, müxtəlif hüquqi şəxslər tərəfindən hazırlana bilər. Standartlar bir çox halda həm texniki tənzimləmələr üçün, həm də uyğunluğun qiymətləndirilməsi prosedurları üçün əsas kimi istifadə edilə bilər və bu cür hallarda, standarta qoyulan tələblər hökumətin müdaxiləsi nəticəsində (texniki tənzimləmələr və ya uyğunluğun qiymətləndirilməsi prosedurları vasitəsilə) məcburi olur. 
 
Standartlara TBT Sazişi ilə TBT Sazişinin 3 nömrəli Əlavəsində olan “Standartların Hazırlanması, Qəbul olunması və Tətbiqi üçün Yaxşı Təcrübə Məcəlləsi”ndə (Məcəllə) ayrılıqda istinad olunur. Hər hansı standartlaşdırma orqanı tərəfindən qəbul olunmaq üçün açıq olan bu Məcəllə, standartların hazırlanması prosesinə dair təlimatı əks etdirir (məsələn, standartlar şəffaf olmalı və standartlaşdırma orqanları şərhləri qəbul etməli və təkrarlamaqdan çəkinməlidirlər). TBT Sazişi (maddə 4) üzv ölkələrə mərkəzi dövlət standartlaşdırma orqanlarının bu Məcəllə ilə razılığını və ona riayət olunmasının təmin edilməsini tapşırır. 2018-ci ilin iyul ayına 164 standartlaşdırma orqanı (bütün növ) bu Məcəlləni qəbul etdiklərini bildirmişdi. Qeyri-hökumət olan bir çox standartlaşdırma təşkilatları üçün TBT Sazişi tələb edir ki, dövlətlər “onlar üçün mümkün ola bilən ağlabatan tədbirlər görməlidirlər ki, yerli hökumət və qeyri-hökumət standartlaşdırma orqanları Yaxşı Təcrübə Məcəlləsinin öz əraziləri daxilində qəbul olunmasını və ona riayət olunmasını təmin etsinlər”. Beləliklə, TBT Sazişi dövlətlər qarşısında öz əraziləri daxilində qeyri-hökumət təşkilatlarının üzərinə bu Məcəlləyə riayət etmək üçün şəraitin yaradılması ilə əlaqədar müəyyən məsuliyyət qoyur.
andartın nümunəsi:

Standartın nümunəsi

Ekoloji sobalar üzrə İSO 19867-1:2018 standartında qeyd olunur ki, paket şəklində olan, yanacaqla işləyən mətbəx sobalarına (lakin bunlarla məhdudlaşmayaraq) TLUD (üstdən işıqlandırılan) sobaları aiddir, və ya yanacaq kimi istifadə olunan bioloji mənşəli materiallara (lakin bunlarla məhdudlaşmayaraq) taxta, kənd təsərrüfatı qalıqları, toxum, bioqaz və işlənmiş liqnoselülozik (məsələn, kömür, briketlər və pelletlər) aiddir.

 

Azərbaycanda standartların hazırlanması və tətbiq olunması üçün ümumi çərçivə 16 aprel 1996-ci il tarixli “Standartlaşdırma haqqında” 60 nömrəli Qanunla müəyyən edilmişdir. Bu Qanunla iki növ standart müəyyən olunur – məcburi (həmçinin “Dövlət standartları” kimi tanınan) və könüllü. Azərbaycan Respublikasının ərazisində tətbiq olunan 22 000 Hökumətlərarası Standart (QOST) və 700 Milli Standart (AZS) mövcuddur. Onların əksəriyyəti tamamilə məcburidir və ya məcburi aspektlərə malikdir. 

 

Yuxarıda qeyd olunduğu kimi, “Standartlaşdırma haqqında” yeni Qanun layihəsi Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunub və hal-hazırda qəbul olunmaq üzrədir. 

 

Uyğunluğun qiymətləndirilməsi 

Uyğunluğun qiymətləndirilməsi prosedurları oyuncaqlar, elektronika, ərzaq malları, içkilərin və sair malların müvafiq texniki tənzimləmələr və ya standartlarla müəyyən edilmiş tələblərin yerinə yetirilməsini müəyyən etmək üçün istifadə olunur. Onlar istehlakçılarda məhsulların tamlığında inam yaradır və istehsalçıların marketinq iddialarına əlavə dəyər verir. Adətən uyğunluğun qiymətləndirilməsi prosedurlarına sınaq, test və sertifikatlaşdırma prosedurları daxildir. Uyğunluğun qiymətləndirilməsi prosedurlarının müxtəlif növləri ticarətə fərqli təsir göstərir, ÜTT nöqteyi-nəzərindən əsas məsələ konkret halda istifadə etmək üçün hansı uyğunluğun qiymətləndirilməsi prosedurunun seçimidir. Bu seçimə təsir edə biləcək bir amil riskin səviyyəsidir: məsələn, üçüncü tərəfin sertifikatlaşdırılması (uyğunluğun qiymətləndirilməsi prosedurunun forması, bir qayda olaraq, məsələn, təchizatçıya uyğunluq bəyannaməsi daha sərfəli olanda) zərər riski kifayət qədər yüksək olduğu hallarda olan seçim ola bilər.

 

Azərbaycanda sertifikatlaşdırılması məcburi olan malların siyahısı Nazirlər Kabinetinin 1 iyul 1993-cü il tarixli 343 saylı Qərarı ilə müəyyən edilmişdir. Siyahı barədə ətraflı məlumatla aşağıdakı keçiddən tanış ola bilərsiniz: www.e-qanun.az/framework/13985

 

Sertifikatlaşdırılması məcburi olan malların idxalı yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş uyğunluq sertifikatı və ya hamılıqla tanınmış uyğunluq sertifikatı əsasında mümkündür (“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununun 10.4-cü maddəsi). Sertifikatlaşdırılması məcburi olan bütün məhsullar, o cümlədən yerli məhsullar, Azərbaycanda satışa çıxarılmazdan öncə sertifikatlaşdırılmalıdır (Milli Sertifikatlaşdırma Sisteminə dair Əsasnamənin 3.2-ci maddəsi). Bununla yanaşı, Milli Sertifikatlaşdırma Sisteminə dair Əsasnamənin 3.5.1-ci maddəsinə əsasən, idxalçılar idxaldan əvvəl uyğunluq sertifikatı və ya idxala yönümlü tanınmış xarici sertifikat almalıdır. Azərbaycan ekvivalent kimi sertifikatları yalnız Azərbaycanla qarşılıqlı tanınma müqavilələri olan ölkələrdən qəbul edir (MDB ölkələri, Bolqarıstan, İran və Türkiyə). İSO/IEC 17025-ə uyğun olaraq, akkreditasiya olunmuş laboratoriyalardan sınaq nəticələri və Beynəlxalq Laboratoriya Akkreditasiyası Təşkilatı ("İLAC") üzvü tərəfindən akkreditasiya olunmuş uyğunluğun qiymətləndirməsi təşkilatı tərəfindən təqdim olunmuş sınaq nəticələri də Azərbaycanda tanınır. 

 

Ayrıseçkiliyə yol verilməməsi 

Ticarət nöqteyi-nəzərindən vacib olanı odur ki, özbaşına qaydaların qoyulmasına yol verilməməlidir və onların yerli istehsalçıları xarici rəqabətdən qorumaq üçün istifadə olunmaması təmin edilməlidir. Bu əsas qaydalara riayət etmək ölkələrin açıq ticarətdən faydalanarkən öz ictimai siyasət məqsədlərinə nail olmaqları üçün vacib vasitədir.

 

TBT Sazişinə əsasən, TBT tədbirləri xarici məhsullara münasibətdə ayrıseçkiliyə yol verməməli (yerli istehsalçıların xeyrinə) və ya xarici istehsalçılar arasında (məsələn, bir ölkəni digərindən üstün tutmaqla) ayrıseçkilik qoymamalıdır: istənilən üzvün ərazisindən idxal olunan məhsullar münasibətində daxildə istehsal olunmuş bənzər məhsullara və ya istənilən başqa bir üzv ölkədən idxal olunan "bənzər məhsullar"la müqayisədə “daha az əlverişli davranış” tətbiq olunmamalıdır. Bu qaydalar TBT Sazişi ilə əhatə olunan tədbirlərin bütün üç kateqoriyasına tətbiq olunur: texniki tənzimləmələr (maddə 2.1), standartlar (Əlavə 3.D) və uyğunluğun qiymətləndirilməsi prosedurları (maddə 5.1.1).

 

"ABŞ – Qərənfil Siqaretləri" mübahisəsi

Mübahisə ABŞ tərəfindən tütün və mentol ətirli siqaretlərdən savayı digər ətirli siqaretlərin istehsalı və idxalına qarşı qadağa ilə əlaqədardır. Qadağanın məqsədi cavanlar arasında siqaret istifadəsinin azaldılması idi.
İndoneziya siqaretin istifadəsinin azaldılmasına qarşı etiraz etməyərək ABŞ tərəfindən qəbul edilmiş tədbirlər nəticəsində istehsal etdiyi qərənfil ətirli siqaretləri ABŞ-a ixrac etmək imkanından məhrum edilməsi barədə iddia qaldırmışdır. İndoneziyanın iddiası bir ətiri qadağan edərək digər ətrin (mentol) istifadəsinə icazə verilməsinin ayrıseçkilik halı olduğuna əsaslanırdı. Məhsullar arasında rəqabət münasibətinin mövcud olduğunu rəhbər tutaraq, yekun qərarda İndoneziyadan idxal olunan qərənfil ətirli siqaretlərin və ABŞ-da istehsal olunan mentol ətirli siqaretlərin “bənzər” olması qeyd edilmişdir.


Aidiyyəti dövlət orqanları və onların səlahiyyətləri

Azərbaycan Respublikasının Prezidentinin 623 saylı Fərmanı ilə 27 dekabr 2001-ci il tarixində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi (AZSTAND) yaradılmışdır. Prezidentin 53 saylı Fərmanına  əsasən, 19 noyabr 2008-ci ildə Agentlik Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə çevrilmişdir. Bu Komitənin tabeçiliyində standartlaşdırma, akkreditasiya və metrologiya sahəsində səlahiyyətlərə malik üç ayrı-ayrı Dövlət Xidmətləri mövcud idi. 

 

“Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli 1234 nömrəli Fərmanı ilə aşağıdakı publik hüquqi şəxslər yaradılmışdır: 

  • Azərbaycan Standartlaşdırma İnstitutu
  • Azərbaycan Akkreditasiya Mərkəzi 
  • Azərbaycan Metrologiya İnstitutu

 

Dəyişikliklər iqtisadi islahatların dayanıqlılığını təmin etmək, Azərbaycanda istehsal olunan məhsulların keyfiyyətini, təhlükəsizliyini, rəqabət qabiliyyətini və ixrac potensialını yüksəltmək, xarici ticarəti daha da liberallaşdırmaq, standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrini müasir tələblərə uyğunlaşdırmaq, nəzarət mexanizminin şəffaflığının və çevikliyinin artırılmasına nail olmaq, habelə “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etmək məqsədilə həyata keçirilmişdir.

 

20 aprel 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 5 nömrəli Sərəncam imzalamışdır. Həmin Sərəncama əsasən, aşağıdakı tədbirlər həyata keçirilməlidir:

  • Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əsasında mərkəzi icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılmalıdır
  • Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilməlidir
  • Ləğv edilmiş Komitənin texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahəsində səlahiyyətləri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə (Dövlət Agentliyi) verilməlidir
  • “Azərbaycan Metrologiya İnstitutu”, “Azərbaycan Standartlaşdırma İnstitutu” və “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxslərin təsisçilərinin səlahiyyətləri Dövlət Agentliyinə ötürülməlidir

 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğvi 2018-ci ilin may ayında başlamışdır. 2018-ci ilin iyul ayına olan məlumata əsasən, Antiinhisar və İstehlak Bazarına nəzarət üzrə Dövlət Agentliyinin Nizamnaməsi hələ də təsdiq olunmamış və dərc olunmamışdır. Bu səbəbdən, Agentlik hələlik fəaliyyət göstərmir. Nizamnamə təsdiq olunmayanadək, TBT sahəsinə nəzarəti İqtisadiyyat Nazirliyi həyata keçirəcəkdir. 

 

Mənbələr

TBT məsələlərinə aid ÜTT səhifələri:

Beynəlxalq Ticarət Mərkəzi

Digər mənbələr