Xidmətlər

Giriş

Zəngin karbohidrogen ehtiyatları Azərbaycanı qlobal neft sənayesinin əsas məkanlarından birinə çevirmişdir. Yüz ildən artıqdır ki, neft və qaz sektoru Azərbaycan iqtisadiyyatının əsas hissəsi olaraq qalmışdır. Lakin dünya iqtisadiyyatı dəyişdiyinə görə Azərbaycan dövləti tərəfindən iqtisadiyyatı diversifikasiya etmək, ölkənin neft və qaz gəlirlərindən asılılığını azaltmaq, özəl sektorun rolunu artırmaq və qeyri-neft sektorunda davamlı inkişaf trendi yaratmaq üçün yeni strategiyalar irəli sürülmüşdür. Son illərdə olan yeni təşəbbüslər xidmət sektorunda mühüm nəticələr vermişdir. 

 

Bankçılıq

Maliyyə sektorunda da bu sektorun stabilliyini və möhkəmliyini artırmaq, qeyri-neft sektorunun inkişafına dəstək vermək üçün tənzimləyici islahatlar həyata keçirilir. Bu baxımdan, Maliyyə Xidmətlərinin İnkişafına dair Strateji Yol Xəritəsinə şəffaflığın, müştəri yönümlü xidmətlərin və rəqəmsallaşmanın inkişafı üçün müvafiq müddəalar daxil edilmişdir. Bankların kapitallaşdırılması və sığorta şirkətlərinin stabilliyinin artırılması üçün sənaye, islahatlar dövründən keçir. 

 

Alternativ maliyyələşdirmə formalarına tələb davamlı olaraq artmışdır. Azərbaycanda mikromaliyyələşdirmə sürətlə inkişaf edib və alternativ maliyyə sektoru əhəmiyyətli artım potensialı olan seqment olaraq qalmaqdadır. Maliyyə ticarəti və lizinq nisbətən yeni sahələr olsalar da, Azərbaycan iqtisadiyyatı diversifikasiya etdikcə bu sahələrə olan tələb artır. Bu, şirkətlərə həmin sahələrdə təkmilləşməklə yeni imkanlar yaradacaq. Maliyyə məsləhəti xidməti də biznes planları və maliyyə hesabatlarına olan tələbi qarşılamaq üçün genişlənir.

 

Azərbaycan birinci pillədə Azərbaycan Mərkəzi Bankı ("AMB") və Maliyyə Bazarlarına Nəzarət Palatası ("MBNP"), ikinci pillədə isə digər bütün kommersiya banklarının olduğu ikipilləli bank sisteminə malikdir. AMB mərkəzi bankçılıq orqanı olmaqla, dövlətin pul və valyuta siyasətini formalaşdıran və həyata keçirən publik hüquqi şəxsdir. MBNP qiymətli kağızlar bazarını, investisiya fondlarını, sığorta və kredit təşkilatlarını (banklar, bank olmayan kredit təşkilatları və poçt operatorları) və ödəniş sistemlərini tənzimləyən və iştirakçılarına nəzarət edən, onların idarə edilməsində şəffaflığı və çevikliyi təmin edən publik hüquqi şəxsdir. MBNP maliyyə bazarlarını tənzimləyən hüququ aktlar qəbul edə, maliyyə bazarlarının iştirakçılarına lisenziyalar verə və onları ləğv edə, o cümlədən iştirakçıların yoxlanılmasını həyata keçirə bilər.  

 

Azərbaycanda bankçılıq əsasən "Banklar haqqında" Qanun, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Qanun, MBNP-nin Nizamnaməsi, AMB və MBNP-nin normativ aktları ilə tənzimlənir. Banklar və bank olmayan kredit təşkilatlarının hər ikisi kredit təşkilatları olaraq təsnifləşdirilir. Baxmayaraq ki, banklar bank əməliyyatlarının bütün növlərini həyata keçirə bilir, "Bank Olmayan Kredit Təşkilatları haqqında" Qanuna əsasən, bank olmayan kredit təşkilatlarına yalnız kreditlərin verilməsi, borc öhdəliklərinin (faktorinq və forfeytinq) satılması və alınması, maliyyə lizinqi, zəmanət kağızlarının buraxılması və s. kimi müəyyən bank əməliyyatlarını həyata keçirməyə icazə verilir və açıq şəkildə onların əmanət qəbul etməsi qadağan edilir. 

 

Əmanətlərin qəbul edilməsi, müxbir hesabların möhkəmləndirilməsi, nağd əməliyyatlar, pul köçürmələri və borc verilməsi də daxil olmaqla bank fəaliyyətinin bütün növlərini həyata keçirmək üçün lisenziyanın olması şərtdir. Bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyaların verilməsi və ləğv edilməsi, həmçinin, bankların törəmə müəssisələrinin, filiallarının və nümayəndəliklərinin açılması üçün icazənin verilməsi səlahiyyəti yalnız MBNP-yə məxsusdur. Bank lisenziyaları qeyri-müəyyən müddətə verilir və MBNP tərəfindən verildiyi andan etibarən qüvvəyə minir. Bank lisenziyaları üçüncü şəxslərə ötürülə bilməz. 

 

Əsas bank əməliyyatlarına əlavə olaraq, bank lisenziya ilə icazə verildiyi halda, digər əməliyyatları da (faktorinq, klirinq, qiymətli kağızlar bazarında professional fəaliyyət və digər fəaliyyətlər) həyata keçirə bilər. Banklara qeyd olunan fəaliyyət növləri ilə məşğul olmaq qadağandır: topdan və pərakəndə satış; istehsal; daşıma; kənd təsərrüfatı; qazıntı; tikinti və sığorta. Sığorta fəaliyyəti istisna olmaqla, banklar həmin fəaliyyət növlərində şərik, səhmdar və partnyor kimi iştirak edə bilməz. MBNP banklar üçün prudensial tədbirlər (bank kapitalının pul və qeyri-pul nisbətlərində minimal kapital tələbləri də daxil olmaqla) və rezerv fond tələblərini müəyyən edir. 2012-ci ildə "Bank kapitalının və onun adekvatlığının hesablanması" Qaydalarına əsasən banklar üçün məcmu kapital tələbi artırıldı. Bu qaydaların davamı olaraq 1 yanvar 2015-ci il tarixdən etibarən banklar üçün minimum nizamnamə kapital tələbi 50 milyon manat olaraq müəyyən edilmişdir. 

 

Xarici banklar Azərbaycanda nümayəndəliklər, filiallar, birgə müəssisə və törəmə müəssisə açmaqla fəaliyyət göstərə bilərlər. Xarici banklar və xarici bank holdinq şirkətləri də daxil olmaqla, siyahısı MBNP tərəfindən müəyyənləşdirilən ofşor zonalarda qeydə alınmış əcnəbilər və xarici hüquqi şəxslər yerli bankların təsisçiləri və ya səhmdarları ola bilməz, habelə yerli törəmə banklar təsis edə, yerli filial və ya nümayəndəliklər aça bilməzlər. Xarici fiziki və bank olmayan hüquqi şəxslər Azərbaycanda bank təsis edə, fəaliyyət göstərə və bankların səhmlərini ala bilərlər. 

 

Sığorta

Sığorta sənayesi nisbətən yeni sahə olsa da, əhalinin artan gəlirləri sığorta bazarının inkişafında mühüm rol oynayır. Sığorta bazarının genişlənməsinə təkan verən əsas amil yeni qəbul edilmiş "İcbari sığortalar haqqında" Qanundur. Avtomobil və ipoteka kreditlərinin həcminin artması bunu şərtləndirir, çünki artıq bu kreditlər üçün sığorta məcburidir. 

 

Azərbaycan bazarında sığorta xidmətlərinin 48 növü var: onlardan 16-sı icbari sığorta məhsulları, 32-si isə könüllü sığorta məhsullarıdır. Hal-hazırda Azərbaycan bazarında 23 sığorta və təkrar sığorta şirkəti mövcuddur. Yerli sığorta şirkətlərinin aşağı səviyyədə kapitallaşması sığorta bazarının inkişafına mənfi təsir edən əsas çatışmazlıqlardan biridir. Sığorta şirkətlərinin çoxu kapital artımı baxımından yerli banklardan asılıdır. 


Nəqliyyat

İpək Yolu Azərbaycandan keçdiyinə görə son minillikdə Azərbaycan Asiya və Avropa arasında ticarətin mərkəzində olmuşdur. Bugün Avropa və Asiya arasında ticarət axımı artdığına görə Azərbaycan Avrasiyanın kəsişmə nöqtəsində nəqliyyat və logistika mərkəzinə çevrilir. 

 

Azərbaycan Qafqazdan keçməklə Avropadan Asiyaya gedən nəqliyyat dəhlizinin yaradılması ilə bağlı beynəlxalq proqram olan "TRASEKA" – "Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi" layihəsinin əsas məkanıdır. Bu layihədə Avropa Birliyi və Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiyanın 14 ölkəsi iştirak edir. Layihənin daimi katibliyi Azərbaycanda – Bakıda yerləşir. Təəccüblü deyil ki, "Trans-Qafqaz Şərq-Qərb dəhlizi" Çin və Avropa arasında həm məsafə, həm də vaxt baxımından ən qısa yol olduğu üçün, Azərbaycan Proqrama ev sahibliyi edir. Dəhlizin orta uzunluğu 4200 km və mümkün keçid müddəti 12-14 gün təşkil edir ki, bu da yük daşıyıcılarına ənənəvi okean yoluna nisbətən vaxta 70% qənaət etməyə imkan verir.  

 

Eyni zamanda bu marşrut, inkişaf etməkdə olan Mərkəzi Asiya iqtisadiyyatına Avropa Bazarına çıxış üçün çox sayda imkanlar verir. Əlavə olaraq Azərbaycan hal-hazırda öz partnyorları ilə daha sürətli Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə bağlı əməkdaşlıq edir. Nəzəri olaraq, Azərbaycan hər iki dəhlizdən istifadə etməklə 230 milyon tona yaxın həcmdə əlavə ticarət axını cəlb edə bilər. Logistika və Ticarətin İnkişafına Dair Strateji Yol Xəritəsinə əsasən, 2025-ci ildə Azərbaycan beynəlxalq strateji logistika mərkəzinə çevriləcəkdir. Bu isə nəqliyyat infrastrukturu, logistika və ticarətə əlavə investisiyanın cəlb edilməsini tələb edəcəkdir. Qeyd olunan sahələrə 2020-ci ilə qədər cəlb olunması planlaşdırılan investisiyanın həcmi 3 milyard AZN-dən çoxdur. Strateji yol xəritəsi 2020-ci ilə Azərbaycanın malların beynəlxalq daşınmasındakı proqnoz edilən payını belə bölüşdürür: Mərkəzi Asiya-Qara Dəniz marşrutu – 40%, Mərkəzi Asiya-Avropa marşrutu- 25%, Çin-Avropa marşrutu – 3%, Rusiya-İran marşrutu – 40%, İran-Qara Dəniz marşrutu – 25%. 

 

Azərbaycanın strateji nöqtə kimi bu potensiala çatması baxımından nəqliyyat infrastrukturunu Aİ standartlarına çatdırmaq və artan qitələrarası nəqliyyat axımına cavab vermək üçün investisiya qoyuluşları edilib. Nəqliyyat infrastrukturunu Aİ standartlarına çatdırmaq üçün böyük həcmdə investisiya qoyuluşları edilmişdir. Buna, 10185 km uzunuluqda yolların və magistral yolların çəkilməsi və yenidən bərpası; Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrini birləşdirmək üçün Bakı-Tbilisi-Qars dəmir yolu; 10-11,5 milyon ton yük və 50 min TEU (21-25 milyon ton yük və 1 milyon TEU-ya qədər çatdırılması nəzərdə tutulur) tutuma malik olan yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı; Bakı Beynəlxalq Hava Limanının yüksək səviyyədə xidmətlər və tranzit sərnişinlər üçün böyük tutumu olan, habelə yeni hava yük terminalı olan Heydər Əliyev Terminalı daxildir. 

 

Bundan əlavə, Azərbaycan strateji bazarlarda logistika mərkəzlərinin yaradılmasına da investisiya qoyur. İlk belə mərkəz Azərbaycan məhsullarının Mərkəzi Asiya bazarına ixracını artırmaq məqsədilə Qazaxıstanın Aktau şəhərində yaradılmışdır. Azərbaycan Hökuməti ölkənin tranzit potensialının gələcək inkişafına böyük önəm verir. Öz ərazisindən keçən nəqliyyat dəhlizlərinin rəqabətliliyini və effektivliyini artırmaq, bu dəhlizlərə əlavə tranzit axımlarının cəlb etmək, o cümlədən, nəqliyyatın keyfiyyətini artırmaq, çatdırılma vaxtını azaltmaq və nəqliyyat xərclərini aşağı salmaq üçün 2015-ci ildə Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılmışdır. 


İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT)

İKT investorlar üçün iqtisadiyyatın ən cəlbedici və dinamik sektorlarından biridir. Bu sahə gəlirlərin artımı baxımından ən sürətli inkişaf edən qeyri-neft sektorudur. İstehlakçıların sayı sürətlə artır. Azəraycan yüksək texnologiyanı öz gələcək rifahının əsas hərəkətverici qüvvəsi kimi qəbul edir. Bu sahə texnologiyanın əsas istifadəçiləri olan gənc nəsli ruhlandırmaq baxımından yüksək imkanlara malikdir. Azərbaycanda internetdən istifadənin həcmi 75,5%-dir. 

 

Hazırda ölkədə dörd əsas mobil operator fəaliyyət göstərir. Onlardan üçü mobil xidmətləri 2G, 3G və 4G texnologiyası ilə təqdim edir. 3G texnologiyası Azərbaycanda 2009-cu ildən etibarən istifadə edilir. 2012-ci ildən isə Azərbaycan istehlakçıları 4G texnologiyasından istifadə edir. Azərbaycanın 23 televiziya kanalı və 15 radio kanalı var. Hazırda ölkədə 39 telekomunikasiya xidməti şirkəti, əlavə olaraq 48 internet provayderi fəaliyyət göstərir. İKT sektoru Azərbaycanda innovativ texnologiyaların tətbiqinə öncülük edir. Asiya İnkişaf Bankı tərəfindən korrupsiyanın azaldılması baxımından yüksək qiymətləndirilən “ASAN” xidmət ictimai xidmətlərin bir məkanda göstərilməsini təmin edir.

 

Azərbaycan, ölkə ərazisində, Mərkəzi Asiyada, Avropada və Afrikada olan ictimai və özəl sektor nümayəndələrinə rəqəmsal yayım, internetə çıxış, məlumatların ötürülməsi və VSAT çox xidmətli şəbəkə kimi kommunikasiya xidmətləri təmin edən iki peykə sahibdir. Hökumət İKT sahəsində təşəbbüskarlığa təkan vermək istəyir. Nəticədə, güzəştli kreditlər və yardımlar formasında maliyyələşmə təqdim edən İKT İnkişaf Fondu yaradılmışdır. Fond 2014-cü ildən etibarən layihələri maliyyələşdirməyə başlamışdır. 

 

Azərbaycan telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi hazırlamışdır. Sənəd Azərbaycan Respublikası Prezidentinin 6 Dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmişdir. Yol Xəritəsinə əsasən, informasiya və kommunikasiya texnologiyaları sahəsində 2025-ci ilə qədərki dövr üçün uzunmüddətli baxış bu sektorda innovasiya yönümlü islahatların davam etdirilməsindən ibarətdir. Həmin uzunmüddətli baxış müasir xidmətlərin çeşidini və həcmini artırmaq, sürətli genişzolaqlı şəbəkənin əhatə dairəsini genişləndirmək və telekommunikasiya sektorunda mühüm beynəlxalq tələblərə cavab verən standartların tətbiqini təmin etmək yolu ilə ölkənin inkişafına, cəmiyyətin texniki savad səviyyəsinin yüksəldilməsinə və rəqəmsal iqtisadiyyatın formalaşmasına nail olmaqdan ibarətdir.

 

Telekommunikasiya Azərbaycanda böyük inkişaf potensialı olan sahədir. "Telekommunikasiyalar haqqında" Qanun bu sahəni tənzimləyən əsas qanunvericilik aktıdır. Əlavə olaraq, "Televiziya və radio yayımı haqqında" Qanun və "Poçt haqqında" Qanun da telekommunikasiya sektorunu tənzimləyən qanunlar sırasındadır. Həmçinin, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanun İKT sektorunda müəyyən məsələləri tənzimləyir. 

 

Telekommunikasiya xidmətləri lisenziyalaşdırılmalı olduğundan, İqtisadiyyat Nazirliyi sürətli kuryer xidmətləri və sabit şəbəkə telefon xətləri, mobil telefon xidmətləri, radio şəbəkəsi və simsiz kommunikasiya xidmətləri, yerli və beynəlxalq telekomunikasiya kanallarının təşkili, İP-telefoniya (VoIP) rabitə xidmələri də daxil olmaqla, xüsusi növ telekommunikasiya xidmətlərinin göstərilməsi üçün lisenziyalar verən səlahiyyətli orqana çevrilmişdir. Son illər ərzində müstəqil tənzimləyici orqanın yaradılması üçün bəzi təşəbbüslər olmağına baxmayaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi telekommunikasiya sahəsində siyasəti müəyyənləşdirən milli tənzimləyici orqan kimi fəaliyyətini davam etdirməkdədir. 

 

Əlavə olaraq, telekommunikasiyada tənzimləmənin əsas hissəsi kimi televiziya və radio yayımı sahəsində ümumi siyasətin müəyyən edilməsini tənzimləyən əsas orqan da mövcuddur. Azərbaycan Respublikasının Milli Televiziya və Radio Yayımı Şurası Azərbaycan Respublikasının Prezidentin 5 oktyabr 2002-ci il tarixli Fərmanı əsasında fəaliyyət göstərir. 

 

 

Turizm

Bakıda təşkil olunan 1-ci Avropa Olimpiya Oyunları 2015, 4-cü İslam Həmrəyliyi Oyunları və 2016-2018 Formula-1 Qran-prisi kimi beynəlxalq tədbirlər Azərbaycanın turistlərin təyinat nöqtəsi kimi beynəlxalq profilini yüksəltməkdədir. Vacib sahələrlə bağlı beynəlxalq biznes konfransları və tədbirlərinə ev sahibliyi edilməsi ilə bağlı Dövlət siyasəti bu trendi davam etdirir. Bunların nəticəsi olaraq, TripAdvisor 2016-cı ildə olan artımla bağlı Bakını Asiyanın birinci, dünyanın isə ən məşhur 10 təyinat nöqtəsindən biri elan etmişdir. 

 

Azərbaycan Hökuməti vizaya müraciət prosesinin təkmilləşdirilməsi üçün bir neçə vacib addımlar atmışdır. Nəticə etibarilə, dünya ölkələrinin çoxundan gələn turistlər xüsusi ASAN elektron viza sistemi sistemindən istifadə etməklə ölkəyə giriş vizasına müraciət edə bilirlər. Ümumi olaraq, vizalar qısa müddətdə (3 iş gününə) verilir. Bu, 2016-cı ildə Körfəz ölkələri, Orta Şərq və Avropadan gələn turistlərin sayını 11% artırmaqla turist axımına böyük təkan verdi. Azərbaycanla olan təkmiləşmiş nəqliyyat əlaqələri 90 milyondan çox əhalisi olan 26 şəhər üçün Bakını cəlbedici etdi. Dünya İqtisadi Forumu 2017-ci il Səyahət və Turizm Rəqabətliliyi İndeksi üzrə Azərbaycana ən inkişaf etmiş ölkə adını vermişdir. 

 

Beynəlxalq idman, biznes və siyasi tədbirlərinin yaratdığı tələbə cavab vermək üçün, turizm və otelçilik infrastrukturu sürətlə inkişaf edir. Four Seasons, Marriott, Pullman, Hilton, Excelsior, Rixos, Fairmont və digər yüksək reytinqli beynəlxalq otel şəbəkələri Azərbaycanda da fəaliyyət göstərir. 2012-ci ildə Şahdağ Yay-Qış Turizm Kompleksi fəaliyyətə başlamışdır. Kompleksə iki otel (Şahdağ və Peak Palace), ticarət mərkəzləri, restoran, kafe, oyun zalı, atçılıq idmanı, xizəksürmə və digər xidmətlər daxildir. Davamlı olaraq beynəlxalq qonaqların sayının artması turizm sənayesi və əlaqəli xidmətlərin inkişafı üçün birbaşa investisiya qoyuluşunu stimullaşdırır. 2016-cı ildən investorlar üçün yeni təşviqat mexanizmi tətbiq edilir. Dünya Səyahət və Turizm Şurası 2017-2027-ci illərdə səyahət və turizm üzrə uzunmüddətli artım proqnozuna əsasən Azərbaycanı 17-ci sıraya yerləşdirmişdir. (Səyahət və Turizm İqtisadi Təsir 2017: Azərbaycan).

 

Turizm Sənayesinin İnkişafına dair Strateji Yol Xəritəsinin əsas məqsədi bu sahənin növbəti inkişaf mərhələsinə qədəm qoymasıdır. Bu məqsədə beynəlxalq və yerli bazarda turizmin Azərbaycanın milli dəyərlərinə əsaslanan təbliğatı aiddir. Bundan əlavə, buraya turizm kommunikasiya infrastrukturunun (ulduz verilməsi də daxil olmaqla) və beynəlxalq otel sertifikasiyasının təkmilləşdirilməsi də daxildir. Bu isə, şirkətlərin ölkədə insan kapitalına və praktiki innovasiyalara investisiya qoyulması ilə xidmət sahəsində ixtisaslaşmasına imkanlar yaradacaqdır. 


Tikinti

Tikinti sənayesi üçün ortamüddətli dövrdə perspektivlərin zəif olmasına baxmayaraq, Azərbaycanda demoqrafik dəyişikliklər və binaların dizaynında yeni texnologiyalara olan ehtiyaca görə üzünmüddətli dövrdə böyük imkanlar var. Azərbaycanda davam etməkdə olan sürətli urbanizasiya bu sahədə olan imkanların əsas hərəkətverici qüvvəsidir. Şəhərlər böyüyür və bu sahədə artıma gətirib çıxarır. 2016-cı ildə inşaat işlərinin ümumi dəyəri ÜDM-nin 10,6%-ni təşkil etməklə 7 milyard AZN-dən çox olub. 

 

Ötən onillikdə tikinti sektorunda olan sürətli artım tikinti materiallarının istehsalının artmasına təkan verib. 2006-2016-cı illər arasında real qiymətlərlə tikinti materiallarının istehsalının həcmi iki dəfədən çox artmışdır. Bu sahədə inkişafın yeni mərhələsi yeni texnologiyaların qavranmasıdır. Aİ texniki standartlarının tətbiq edilməsi bu sənaye sahəsində əsas inkişaf hesab edilir. 2012-ci ildə Aİ-nin maliyyələşdirdiyi İnnogate Layihəsinin tərkib hissəsi olaraq Aİ “Tikinti Sektorunda Enerjiyə Qənaət təşəbbüsü” başladılmışdır. Dayanıqlı tikinti qiymətləndirmə metodu olan Birləşmiş Krallığın BREEAM sistemi artan şəkildə tətbiq edilir. 

 

Müvafiq olaraq izolyasiya, istilik, soyutma, su təchizatı, arxitektura və mühəndislik xidmətləri üçün səmərəli texnologiyalara, yerli firmalara yaşıl bina standartlarına riayət etmək üçün metodlara, ağıllı komplekslərin (yaşayış binası, ofislər və alış-veriş mərkəzləri daxil olan) inkişafına və interyer dizayn məsləhət xidmətlərinə yüksək tələb vardır. Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsində qoyulan hədəflərə uyğun olaraq, 2020-ci ilə qədər tikinti sektoruna 900 milyon manatdan çox investisiya cəlb ediləcəkdir. Bu isə, tikinti sektorunda 10000-ə yaxın əlavə iş yerinin açılmasına şərait yaradacaqdır. Həmçinin, bu, yerli istehsal olan inşaat materiallarına təlabatı da təşviq edəcək. 

 

Tikinti sənayesini tənzimləyən əsas qanunvericilik aktlarına 29 iyun 2012-ci il tarixli Şəhərsalma və Tikinti Məcəlləsi və Mülki Məcəllə aiddir. Bu sahədə digər hüquqi sənədlərə mülkiyyət, torpaq, təhlükəsizlik, ətraf mühitin qorunması, yanğından mühafizə və sanitariya qaydaları, tikinti qaydaları, normaları və standartları ilə əlaqədar olan normativ aktlar və struktur və ya obyektlərin inşa edildiyi xüsusi sahələri tənzimləyən qanunvericilik aktları aiddir. Azərbaycanda SSRİ-nin bir çox tikinti qaydaları və standartları (QOST və SNİP) hələ də qüvvədədir. Xarici fiziki və hüquqi şəxslər Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq tikinti işləri apara bilərlər. 


Miqrasiya

Xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlayıb, əmək funksiyasını Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisədə, filialda və nümayəndəlikdə yerinə yetirən əcnəbilər istisna olmaqla, Azərbaycanda fəaliyyət göstərən xarici şirkət, filial və ya nümayəndəliklərdə işləyən əcnəbi işçilərə də Azərbaycan Respublikasının Əmək Məcəlləsi şamil edilir. İşləmək üçün Azərbaycana səyahət edən əcnəbilər iş və müvəqqəti yaşayış icazəsi əldə etməlidirlər. Bu icazələr bir il müddətə qədər olmaqla Dövlət Miqrasiya Xidməti tərəfindən verilir. Həmin icazələrin qüvvədə olma müddəti hər dəfə növbəti bir ilə qədər olan müddətə uzadıla bilər.

 

Daimi yaşamaq üçün icazəsi olanlara, Azərbaycan Respublikasının ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara, diplomatik nümayəndəliklərdə, konsulluqlarda və beynəlxalq təşkilatlarda işləyənlərə, beynəlxalq müqavilələr əsasında yaradılmış təşkilatların rəhbərləri və onların müavinlərinə, müvafiq icra hakimiyyəti orqanları tərəfindən işə cəlb edilənlərə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyət sahələri üzrə il ərzində 90 gündən çox olmayan müddətdə Azərbaycan Respublikasında ezamiyyətdə olanlara, xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbərləri və onların müavinlərinə, Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxslərin rəhbərləri və onların müavinlərinə iş icazəsinin alınması tələb olunmur.