Çoxtərəfli ticarət sistemi və ÜTT-nin tarixi

II Dünya Müharibəsindən sonra çoxtərəfli ticarət sistemi
1944-cü ildə, II Dünya Müharibəsi nəticəsində baş verən iqtisadi vəziyyətin pisləşməsindən sonra, 44 müttəfiq dövlət arasında Bretton Vudsda müharibədən sonrakı beynəlxalq iqtisadi qaydaları müzakirə etmək məqsədilə görüş keçirildi. Onların yanaşması, “Böyük böhran”a zəmin yaradan iqtisadi millətçiliyə son qoymaq və dünya bazarlarını açmaqdan ibarət idi. Konfransın nəticəsi olaraq, yeni dünya iqtisadi qaydaları müəyyən olunmuşdur. Konfrans iki yeni beynəlxalq təşkilatın yaranması ilə nəticələnmişdir: Beynəlxalq Valyuta Fondu (BVF) və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (daha çox Dünya Bankı kimi tanınır). Lakin çoxtərəfli ticarətin liberallaşdırılmasına istiqamətlənəcək Beynəlxalq Ticarət Təşkilatının (BTT) təsis edilməsi mümkün olmamışdır. BTT-nin kommersiya bölməsindən əldə olunan Tariflər və Ticarət üzrə Baş Saziş (GATT) ilə bağlı danışıqlar 1947-1948-ci illərdə Havanada aparılmışdır. GATT 1947-ci ildə Cenevrədə 23 dövlət tərəfindən imzalanmış və 1 yanvar 1948-ci ildə qüvvəyə minmişdir.

 

   

(GATT ilə bağlı aparılan danışıqlar, Havana. Mənbə: www.wto.org)

 

GATT, BTT-nin fəaliyyətə başlanmasına qədər qısa müddətli (1 ildən 3 ilədək müddətə) müvəqqəti qüvvədə olan saziş kimi yaradılsa da, GATT-ın müvəqqəti tətbiqi 1995-ci ildə ÜTT yarananadək, 50 il müddətə uzandı və saziş ÜTT-nin əsasını təşkil etidi. GATT qüvvəyə mindikdən sonra onun üzvləri bazara çıxışın daha da liberallaşdırılması istiqamətində danışıqları davam etdirdilər. Eyni zamanda, danışıqlar aparan tərəflərin sayı getdikcə genişlənirdi. İlkin raundlar yalnız tariflərin azaldılmasına həsr olunsa da, Tokyo Raundu qeyri-tarif tənzimləmə tədbirlərini əhatə edən ilk raund oldu. Ümumilikdə, GATT-ın müvəqqəti tətbiqi tarixindən ÜTT-nin yaradılmasınadək 8 danışıqlar raundu keçirilmişdir:

 

 

ÜTT-nin yaranması
ÜTT-nin yaranması ilə nəticələnən Uruqvay Raundu 1986-cı ildə, Uruqvayın Punta del Este şəhərində, 125 dövlətin iştirakı  ilə başlamışdır. Bu Raund, kənd təsərrüfatından əqli mülkiyyət və mübahisələrin həllinə kimi ticarətin geniş sahələrini əhatə etmiş və dünya ticarətində ən böyük islahat olmuşdur.

 

8 il ərzində aparılan mürəkkəb danışıqlar ÜTT-ni təsis edən sazişin və ona əlavə edilən digər maddi və prosesual sazişlərin təsdiqi ilə sona çatdı. Saziş 124 dövlət tərəfindən imzalanmışdır. Uruqvay Raundunun “Vahid Yanaşma” prinsipi nəzərdə tutmuşdur ki, ÜTT Sazişi ümumi bir sənəd kimi qəbul oluna bilər (xüsusi plüralitet sazişlər istisna olmaqla). Danışıq aparan ölkələr yalnız bütün müddəaları imzaladıqları təqdirdə, ÜTT-nin üzvü ola bilərlər.  Burada müxtəlif sazişlərin və müddəaların seçilməsi və çıxarılması, həmçinin, qeyd-şərtlərin edilməsi qəbul olunmazdır.

 

ÜTT öz fəaliyyətinə 1995-ci ildə başladı. Üzvlər üçün daimi bir orqan kimi tam faəliyyət göstərən çoxtərəfli ticarət qurumunun olması çox vacib idi. ÜTT bütün üzvlər üçün yeni qaydalar yaradan, hüquq və öhdəliklərin yerinə yetirilməsini təmin edən, onlar arasında yaranan mübahisələri həll edən və ondan, o cümlədən onun tərəfdaşlarında yardım almağa kömək göstərən iri bir forum kimi çıxış edir. Ətraflı oxu.

 

2018-ci ilin avqust ayının statistikasına əsasən, 164 dövlət ÜTT-nin üzvüdür, 22 dövlət isə üzvlük prosesindədir.  Ətraflı oxu. 

 

Gələcək
XXI əsrdə ÜTT yeni çətinliklərlə üzləşir. Bunlara, digərlərilə yanaşı, elektron ticarətin tənzimlənməsi, ətraf mühit ilə bağlı narahatlıqlar, iqlim dəyişikliyi, əmək hüquqları və inkişaf hüququ kimi ticarət və qeyri-ticarət əlaqələri aiddir. 2008-ci ildə baş vermiş maliyyə böhranından sonra və xüsusilə də, 2014-cü ildən başlayaraq, üzvlər arasında protektionist siyasətin artması ÜTT-nin üzləşdiyi ən böyük çətinlikdir.

 

ÜTT-nin beynəlxaq ticarətdə baş verən dəyişikliklərə uyğunlaşma və beynəlxalq ictimaiyyətin geniş əhatəli düşüncələrini cavablandırma qabiliyyəti onun əsas çoxtərəfli ticarət qurumu kimi fəaliyyətinə davam etməsində mühüm faktor kimi çıxış edəcək. Avropa Birliyi, ABŞ və Çin daxil olmaqla, əsas üzvlər tərəfindən çoxtərəfli ticarət sistemində əhəmiyyətli dəyişikliklərə səbəb ola biləcək, ÜTT qarşısındakı ciddi çətinlikləri həll etmək məqsədilə təşəbbüslər irəli sürülmüşdür.