Digər beynəlxalq təşkilatlarla əməkdaşlıq

ÜTT-nin funksiyalarından biri də digər beynəlxalq hökumət və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıqdır. Bu funksiya araşdırma, standartların təyin olunması, texniki dəstək və təlim fəaliyyətləri sahəsində 200-ə yaxın beynəlxalq təşkilatla geniş iş əlaqələrini təmin edir. Onlardan 140-ı ÜTT orqanlarında müşahidəçi statusuna malikdir və ÜTT özü də bir çox təşkilatların işində müşahidəçi kimi çıxış edir

 

ÜTT, digər təşkilatların arasında Bretton-Woods institutlarından olan pul və maliyyə məsələləri üzrə məsul olan Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə yaxından əməkdaşlıq edir. Bu isə qlobal iqtisadi siyasətin müəyyən edilməsində daha böyük uyğunluğa ehtiyac olmasından irəli gəlir. Qlobal iqtisadiyyatın pul, maliyyə və ticarət aspektləri arasındakı qarşılıqlı əlaqə bu 3 təşkilatın hər kəs üçün daha yaxşı nəticələrə nail olmaqdan ötrü qarşılıqlı dəstək şəklində əməkdaşlığını labüd edir. Onlar arasında imzalanmış sazişlər qarşılıqlı əməkdaşlıq və davamlı məsləhətləşmə mexanizmlərini müəyyən edir. Bu əməkdaşlığa aid ən son nümunə kimi 2017-ci ildə 3 təşkilat tərəfindən birgə hazırlanmış “Making Trade an Engine of Growth for All” (Ticarətin hər kəs üçün artımın əsas hərəkətverici qüvvəsi edilməsi) hesabatını göstərmək olar. 

 

Digər istiqamət isə beynəlxalq standartlar üzrə ixtisaslaşmış hökumətlərarası təşkilatlarla əməkdaşlıqdır. Bu, xüsusilə sanitar-fitosanitar tədbirlər (SPS) və ticarətdə texniki maneələr (TBT) sahəsində mühüm əhəmiyyətə malikdir. Şəkildən də göründüyü kimi, ÜTT sanitar-fitosanitar tədbirlər sahəsində Beynəlxalq Bitki Mühafizəsi Konvesiyası Katibliyi, BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının Komissiyası və Heyvanların Sağlamlığı üzrə Dünya Təşkilatı ilə əməkdaşlıq edir. ÜTT bütün üzvlərini bu cür təşkilatlar tərəfindən qəbul edilmiş standartlardan istifadə etməyə və bu standart təyinetmə orqanlarının işində fəal şəkildə iştirak etməyə təşviq edir. 

 

Əqli mülkiyyət sahəsində ÜTT Dünya Əqli Mülkiyyət Təşkilatı (“WİPO”) ilə effektiv əməkdaşlığa malikdir. 

 

ÜTT, həmçinin ticarətlə əlaqədar inkişaf və texniki dəstək məsələlərində Ticarət və İnkişaf üzrə Birləşmiş Millətlər Konfransı (UNCTAD) və inkişafla bağlı dialoq üzrə Birləşmiş Millətlər İqtisadi və Sosial Şurası kimi BMT qurumları ilə yaxından əməkdaşlıq edir. 

 

ÜTT özəl sektorun təşəbbüskarlıq layihələri ilə də əməkdaşlığı intensivləşdirmişdi. Məsələn, ÜTT dünyaca məşhur və uğurlu “Alibaba Group”-un Elektron Dünya Ticarət Platforması (“eWTP”) layihəsilə əməkdaşlığa başlamışdır. ÜTT-nin 2017-ci il Buenos-Ayresdəki Nazirlər Konfransında eWTP Dünya İqtisadi Forumu ilə birlikdə mikro, kiçik və orta biznes (“MSMEs”) üçün elektron ticarət şansı yaratmaq baxımından elektron ticarət üzrə dövlət-özəl sektor dialoqunu başlatmışdır. Bu, dövlət-özəl sektor əməkdaşlığının kiçik biznesə daha çox imkanlar yaradacağına və ticarəti daha əhatəli edəcəyinə ümid verir.