Təşkilat, strukturu və qərar qəbuletmə

Təşkilat haqqında qısa məlumat
Təşkilat Uruqvay Raundunun nəticələrinin qüvvəyə minməsi nəticəsində 1995-ci ilin yanvar ayında yaradılmışdır. 2018-ci ilin avqust ayına dünya ticarətinin 97%-indən artıq hissəsinə malik olan 164 ölkə bu təşkilatın üzvü idi. 

 

ÜTT üzv ölkələr tərəfindən idarə olunan təşkilatdır. Bu o deməkdir ki, üzvlər təşkilatın hansı istiqamətdə və hansı sürətlə hərəkət edəcəyinə qərar verirlər. Təşkilatın strukturu ÜTT-ni təsis edən Mərakeş Sazişilə müəyyən olunmuşdur. Struktura siyasi və texniki orqanlar daxildir. Ali qərar qəbuledici orqan Nazirlər Konfransıdır. Ətraflı oxu

 

Hər bir üzv qərar qəbuletmə prosesində iştirak edə bilər. Hər bir üzv, olkəsinin böyüklüyündən, beynəlxalq ticarətdəki çəkisindən və ya ÜTT büdcəsindəki payından asılı olmayaraq səsvermə zamanı 1 səsə malikdir. Qərar qəbuletmə GATT təcrübəsinə əsaslanır: konsensus. Halbu ki, ÜTT-ni təsis edən Mərakeş Sazişində konsensusun əldə olunması mümkün olmadıqda səsverməyə dair müddəalar əks olunmuşdur. İstənilən halda, bütün qərarlar faktiki olaraq konsensus qaydası əsasında qəbul olunur. Ətraflı oxu

 

 

Struktur
Struktur aşağıdakı kimidir:

 

(Mənbə: www.wto.org)

 

Ali institusional qurum Nazirlər Konfransıdır. Bu ən yüksək qərarverici orqandır. Ticarət Nazirləri və ya bərabər vəzifəli şəxslər bu tədbirdə ölkələrini təmsil edirlər. Ətraflı oxu

 

Bir pillə aşağı siyasi orqan olan və Nazirlər Konfransına bənzəyən Baş Şuradır. Şura əsasən Cenevrədəki nümayəndəliklərin rəhbərlərindən və səfirlərdən təşkil olunur. Şura il ərzində bir neçə dəfə Cenevrədə ÜTT-nin  baş qərargahında toplanır və Nazirlər Konfransları arasındakı dövrdə qərarlar qəbul edir. Baş Şura, həmçinin Ticarət Siyasətinin İcmalı Orqanı və Mübahisələrin Həlli Orqanı kimi toplanır.  Ətraflı oxu

 

Növbəti pillədə Baş Şuraya hesabat təqdim edən Əmtəələr üzrə Şura, Xidmətlər üzrə Şura və Əqli Mülkiyyət üzrə Şuradır. Bir neçə ixtisaslaşmış komitə və işçi qruplar fərdi sazişlər və regional ticarət, ətraf mühit, inkişaf, üzvlük üçün müraciət və sair bu kimi məsələlərlə məşğul olurlar. Ətraflı oxu

 

ÜTT-nin bütün orqanlarının iclaslarının gündəliyi barədə məlumatı ÜTT-nin internet səhifəsindən əldə edə bilərsiniz. 

 

Nazirlər Konfransı  

Nazirlər Konfransı ÜTT-nin təşkilati strukturunun ən yüksək pilləsidir. Bu ÜTT-yə aid bütün məsələlər üzrə yekun qərar qəbul edən ali orqandır. Bu orqan nazir səviyyəli vəzifəli şəxslərdən, adətən üzv dövlətlərin ticarət nazirlərindən təşkil olunur. Nazirlər Konfransı ən azı iki ildən bir toplanır və üzv ölkələrin ticarət sahəsində yüksək vəzifəli rəsmilərinin iştirakını təmin edir. Nazirlər Konfransı ÜTT funksiyalarını həyata keçirir və istənilən çoxtərəfli sazişlə əlaqədar məsələlər üzrə qərarlar qəbul edir. ÜTT-nin təsis edildiyi tarixdən 2018-ci ilin iyun ayınadək 11 Nazirlər Konfransı keçirilmişdir.

 

 

 

Geniş qərarvermə səlahiyyətləri ilə bərabər, Nazirlər Konfransı ÜTT sazişlərini şərh etmək, azadolmaları tətbiq etmək, ÜTT Baş Direktorunu təyin etmək və ÜTT Katibliyinin kadr tənzimləmələrini müəyyən etmək kimi səlahiyyətlərə malikdir. 12-ci Nazirlər Konfransı Qazaxıstanın Astana şəhərində keçiriləcəkdir. Konfrans bir MDB dövləti tərəfindən təşkil olunacaq ilk bu kimi tədbirdir. Bu Konfransın məqsədlərindən biri də bir sıra müraciətçi ölkələrin üzvolmasının təsdiqidir.  

 

Nazirlər Konfransı beynəlxalq ticarətin daha da liberallaşmasında əhəmiyyətli rol oynamışdı. Bəzi nailiyyətlər aşağıda təsvir olunmuşdur: 

 

 

Nazirlər Konfranslarının nəticələri barədə ətraflı məlumatı ÜTT-nin internet səhifəsindən əldə edə bilərsiniz. 

 

Baş Şura

Baş Şura bütün üzv dövlətlərin təmsilçilərindən təşkil olunmuş ikinci dərəcəli qərarverici orqandır. Təmsilçilər, adətən həmin dövlətlərin Cenevrədəki səfirləri/nümayəndələri olur.

 

Nazirlər Konfransları arasında Baş Şura gündəlik əsaslarla Nazirlər Konfransının funksiyalarını icra edir. Bu, Nazirlər Konfransının əvəzinə qərar qəbul edən ÜTT-nin real mühərriki və funksional orqanıdır. Baş Şura Nazirlər Konfransının qəbul edə bildiyi istənilən qərarı qəbul etmək səlahiyyətinə malikdir. Nazirlər Konfransı funksiyalarına əlavə olaraq, Baş Şura ÜTT qaydalarına uyğun əsasən, ona verilmiş bir sıra xüsusi səlahiyyətlərə də malikdir. Bu səlahiyyətlərə digərləri ilə yanaşı illik büdcənin təsdiq olunması və maliyyə tənzimlənmələrinin həyata keçirilməsi daxildir. Həmçinin, Baş Şura digər beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələsinə məsuldur. Müxtəlif səlahiyyətlər çərçivəsində Baş Şura həm də Mübahisələrin Həlli Orqanı və Ticarət Siyasətinin İcmalı Orqanı kimi fəaliyyət göstərir. ÜTT-nin mübahisələrin həlli sistemini idarə edərkən Baş Şura Mübahisələrin Həlli Orqanı kimi, ticarət siyasəti icmalını həyata keçirərkən Ticarət Siyasətinin İcmalı Orqnı kimi fəaliyyət göstərir. Qeyd olunan orqanların hər birinin sədri və öz prosedurları vardır.

  

Baş Şura ildə bir neçə dəfə toplanır. Hər il Şura üzvləri arasından Şuraya sədr seçilir. Şuranın sədri vəzifəsi ÜTT-də ən yüksək seçkili vəzifədir. 2018-ci ildə Baş Şuranın sədri Yaponiya Səfiri Juniçi İhara seçilmişdir. Baş Şuranın fəaliyyəti barədə ətraflı məlumatı və Şurada aparılan danışıqların xülasəsini Baş Şuranın ÜTT internet səhifəsindən əldə edə bilərsiniz.

 

(Baş Şuranın 3 oktyabr 2016-cı il tarixindəki iclası, mənbə: www.wto.org)

 

Şuralar, Komitələr və İşçi Qruplar

ÜTT-nin baş qərarverici orqanlarından sonrakı səviyyə xüsusiləşdirilmiş şuralar, komitələr və işçi qruplardır. Ticarətin xüsusi sahələri üzrə fəaliyyət göstərən bu orqanlar bütün ÜTT üzvləri üçün açıqdır. 

 

Şuralar

Baş Şura nəzdində üç şura fəaliyyət göstərir: 

  • Əmtələrlə Ticarət üzrə Şura (Əmtəələr Şurası)
  • Xidmətlərlə Ticarət üzrə Şura (Xidmətlər Şurası)
  • Əqli Mülkiyyət Hüquqlarının Ticarət Aspektləri üzrə Şura  

 

ÜTT-nin 3 əsas sahəsini əhatə edərək, bu şuralar müvafiq sazişlərə nəzarəti həyata keçirirlər. Bura əmtəələrlə əlaqədar bir neçə saziş, Xidmətlərlə Ticarət üzrə Baş Saziş və Əqli Mülkiyyət Hüquqlarının Ticarət Aspektlərinə üzrə Saziş daxildir.  

 

Şuralar öz prosedur qaydalarını müəyyən edirlər. Şuralar öz fəaliyyəti üçün zəruri olduğu təqdirdə törəmə qurumlar yarada bilər. Misal üçün, Əmtəələr üzrə Şura, kənd təsərrüfatı, bazara çıxış, mənşə qaydaları, subsidiyalar və kompensasiya tədbirləri və sair kimi sahələr üzrə 13 komitə yaratmışdır.  

 

Komitələr

Komitələr xüsusiləşdirilmiş olur, hər biri ayrıca olaraq əsaslı sahə ilə məşğul olur.  Komitələr:

  • Şuraların nəzdində yaradılır və Şuralara hesabat verir, və ya 
  • Baş Şura nəzdində yaradılır və bilavasitə Baş Şuraya hesabat verir

 

Sazişlərin yerinə yetirilməsi ilə əlaqədar texniki səlahiyyətlər Komitələrdə olduğundan, paytaxtda yerləşən vəzifəli şəxslər, adətən komitələrin iclaslarında iştirak edir. Əksər Komitələr ildə iki dəfə görüşür, Bahar və Payız iclaslarında. Həmin iclasların gündəlikləri öncədən dərc olunur. Öz səlahiyyətləri çərçivəsində Komitələr adətən üzvlər tərəfindən təqdim olunmuş qanunvericilik və onun icrasını nəzərdən keçirirlər. Üzvlər iclaslardan öncə yazılı şəkildə sual-cavabları mübadilə edirlər. İclaslar zamanı sual-cavabların müzakirəsi davam etdirilir. Hər bir iclasın təfsilatlı protokolu ÜTT-nin internet səhifəsində dərc olunur. 

 

Digər orqanlar

Dövlət Ticarət Müəssisələri, Daxili Tənzimləmə və GATS qaydaları, eləcə də üzvolma, ticarət, borc və maliyyə, ticarət və texnoloji transfer üzrə İşçi Qruplar ÜTT-nin bir hissəsi kimi mövcuddur. Həmçinin, ÜTT-də Plüralitet Ticarət Sazişlərində nəzərdə tutulmuş institusional orqanlar mövcuddur.  

 

Danışıq orqanları 

Danışıqlar səlahiyyətinə malik paralel struktur da mövcuddur. Başda Ticarət Danışıqları Komitəsi durur. Bu Komitə danışıqların aparılmasına ümumi nəzarətin həyata keçirilməsində əhəmiyyətli rol oynayır. Ticarət Danışıqlar Komitəsinin bazara çıxış və qaydalar üzrə iki fəal Danışıq Qrupu var, halbuki, bəzi şura və komitələrin xüsusi sessiyaları Danışıq Komitəsində baş verir. 

 

Katiblik

Təşkilatın gündəlik inzibati fəaliyyətini təmin etmək üçün ÜTT-də Katiblik mövcuddur. Katiblik üzvlərdən ayrılıqda olan müstəqil orqandır. Katibliyə ÜTT üzvləri tərəfindən seçilmiş Baş Direktor rəhbərlik edir. Baş Direktor və katibliyin əməkdaşları üzvlərdən müstəqil beynəlxalq qulluqçulardır. Hal-hazırda Baş Direktor Braziliyadan Roberto Ajevedodur və ikinci müddət üzrə çalışır. 

 

Qərarlar yalnız üzvlər tərəfindən qəbul olunduğundan Katibliyin qərar qəbuletmə səlahiyyəti yoxdur. Katiblik aşağıdakı səlahiyyətləri həyata keçirir:

    

 

ÜTT Katibliyi İsveçrənin Cenevrə şəhərində yerləşir. Katibliyin rəsmi dilləri ÜTT-də olduğu kimi İngilis, Fransız və İspan dilləridir. Katibliyin 634 daimi əməkdaşı var. Katiblik üzvləri 78 ÜTT üzvü olan ölkələrdən yüksək peşəkarlığa malik şəxslərdir. Onların peşəkar təcrübəsi əsasən iqtisadiyyat, hüquq və beynəlxalq ticarət siyasəti sahəsindədir. Həmçinin, informasiya texnologiyaları, maliyyə, insan resursları və tərcüməçi heyət kimi əhəmiyyətli sayda dəstək heyət də mövcuddur.  

 

ÜTT Katibliyinin illik büdcəsi əsasən üzv dövlətlərin üzvlük haqqları hesabına formalaşır. ÜTT üzvləri üzvlük haqlarını dünya ticarətindəki illik payına uyğun olaraq ödəyirlər. Ən iri üzvlük haqqı ödəyən dövlət ABŞ-dır. ÜTT-nin 2018-ci il üçün büdcəsi 197,203, 900 (CHF) İsveçrə frankıdır.   

 

(ÜTT-nin Baş qərargahı, Uilliyam Rappard Mərkəzi, Jenevrə, Mənbə: www.wto.org)

 

Qərar qəbuletmə qaydaları 

Müsbət Konsensus

ÜTT GATT 1947-də olduğu kimi, qərarları konsensus formasında qəbul edir. Bu qaydaya həm Nazirlər Konfransında həm Baş Şurada həm də şuraların, komitələrin və işçi qrupların fəaliyyətində riayət olunur. Bu bütün üzvləri qərar qəbuletmə prosesinə cəlb edir və hamısının maraqlarını nəzərə alır. Heç bir üzv ölkə iclas zamanı “təklif olunan qərara rəsmi etiraz”  bildirmədikdə təklif konsensus formasında qəbul edilmiş hesab olunur. Bu halda konsensusun xüsusatı “müsbət” kimi qəbul olunur və iclasda iştirak etmiş bütün üzvlərin həmin qərarla razılaşdığı anlamını daşıyır. Konsensus əldə olunmadıqda üzvlər səs verir. Hər üzv bir səsə malikdir. Səsverməyə qoyulan məsələ ilə əlaqədar müvafiq sazişlə müəyyən həddə səs çoxluğu tələb olunmadıqda, qərar sadə səs çoxluğu əsasında qəbul edilir. 

 

Xüsusi səsvermə şərtləri

Aşağıdakı səsvermə şərtləri tətbiq olunur:

  • Üzvlərin 3/4 səs çoxluğu aşağıdakı məsələlər üçün tələb olunur: 
    • ÜTT sazişinin və əlavə edilmiş çoxtərəfli sazişlərin rəsmi təfsirini təsdiq etmək üçün 
    • Çoxtərəfli saziş əsasında müəyyən üzvün üzərinə götürdüyü öhdəlikdən azad edilməsi 
  •  2/3 səs çoxluğu aşağıdakı məsələlər üçün tələb olunur:
    • Çoxtərəfli sazişlərin müddəalarına düzəlişlərin edilməsi. Müzakirə olunan müddəanın xüsusatından asılı olaraq,  belə qərarın bütün üzvlər tərəfindən qəbul edilməsi tələb oluna bilər.  
    • Yeni üzvün təşkilata qəbul edilməsi

 

Neqativ Konsensus

Neqativ və ya əks konsensus yalnız bütün üzvlər tərəfindən qərarın qəbul olunmasına iclasda rəsmi etiraz bildirilməsinin qərarın qəbul edilməsi ilə nəticələnməsi anlamını daşıyır. Yəni, qərarın qəbul edilməməsi üçün bütün üzvlər həmin qərara etiraz etməlidir. Mubahisələrin Həlli Orqanının iclaslarında neqativ konsensus aşağıdakı hallarda tətbiq olunur:  

  • Panel hesabatının təsdiq edilməsi
  • Appelyasiya Orqanının hesabatının təsdiq olunması 
  • Güzəştlərin və ya digər öhdəliklərin dayandırılması barədə qərarın qəbul edilməsi