Texniki yardım və potensialın artırılması

İnkişaf etməkdə olan dövlətlər üçün texniki yardım və təlimlər

ÜTT üzvlərinin 2/3-dən çoxu inkişaf etməkdə olan dövlətlərdir. ÜTT anlayır ki, bu dövlətlərdən bir qismi çatışmazlıqlarla üzləşir ki, bunlar da onların beynəlxalq ticarətdə səmərəli iştirakına maneə törədir. Bura, digər faktorlarla yanaşı insan, institusional və ya infrastruktur potensialının çatışmazlığı aid edilə bilər. ÜTT üzvlüyü müəyyən edir ki, bu çatışmazlıqları aradan qaldırmaq məqsədilə, inkişaf etməkdə olan dövlətlərə yardım göstərilmədən təşkilatın son məqsədlərinə nail olmaq mümkün deyil. Bu səbəbdən, ticarət potensialının artırılması da ÜTT-nin Doha İnkişaf Proqramının əsas elementlərindən biri kimi qəbul olunmuşdur. Beləliklə, ÜTT tərəfindən inkişaf etməkdə olan dövlətlərə texniki yardım və təlimlərin təqdim olunması üçün bir neçə vasitə işlənib hazırlanmışdır.

 

ÜTT Katibliyi tərəfindən bütün sahələrdə həyata keçirilən texniki yardım və təlimlər 

ÜTT Katibliyi tərəfindən hər il 300-ə yaxın texniki yardım tədbirləri təşkil olunur. Bu tədbirlər 14,000-dən çox dövlət qulluqçusunun öyrədilməsinə yardım göstərir. Bu ticarət potensialının artırılması proqramlarının əsas benefisiarları inkişaf etməkdə olan, az inkişaf etmiş və keçid iqtisadiyyatlı dövlətlərin dövlət qulluqçularıdır. Müşahidəçilər (Azərbaycan kimi üzvolma prosesində olan dövlətlər daxil olmaqla) bu cür texniki yardımdan istifadə edə bilərlər.

 

ÜTT-nin təlimlərində işitrakçıların illik sayı son 20 il ərzində beş dəfədən çox artmışdı. ÜTT-nin şöbələrinin əksəriyyəti təlim kurslarının həyata keçirilməsinə cəlb olunub və onların fəaliyyəti Təlim və Texniki Əməkdaşlıq İnstitutu tərəfindən əlaqələndirilir. 

 

Təlim tədbirləri mühazirələr, təqdimatlar və dəyirmi masalar, ekspertlərlə görüşlər və ÜTT-nin iclaslarında iştirakdan ibarətdir. Kurslar Qabaqcıl Ticarət Siyasəti Kurslarını, regional Aralıq Ticarət Siyasəti Kursları, regional seminarlar, simpoziumlar və xüsusi mövzular üzrə tədbirləri əhatə edir. Aşağıdakı şəkildə ÜTT-nin texniki yardım proqramlarının bütün elementləri göstərilmişdir:

 

(Mənbə: ÜTT-nin Texniki Yardım üzrə Broşüru)

 

Standartlar və Ticarətin İnkişafı Mexanizmi (STDF)

Standartlar və Ticarətin İnkişafı Mexanizmi (STDF) inkişaf etməkdə olan dövlətlərə sanitar və fitosanitar (SPS) məsələlərin həlli yolu ilə, həmçinin qida təhlükəsizliyi, heyvan və bitkilərin sağlamlığının təşviq edilməsi yolu ilə bazara çıxış əldə etmək və saxlamaqda yardım göstərən qlobal tərəfdaşlıqdır. Bu Mexanizm beynəlxalq SPS tələblərinə uyğunluğu təşviq edən layihələrin inkişafı və tətbiqi məqsədilə dəstək və maliyyələşdirməni təmin edir. STDF layihələri inkişaf etməkdə olan ölkələrin dövlət və özəl sektor iştirakçılarına təhlükəsiz ticarəti və dayanıqlı iqtisadi artımı asanlaşdırmaq məqsədilə qida təhlükəsizliyinin, heyvan və bitki sağlamlığının təkmilləşdirilməsinə köməklik göstərir. STDF aparıcı ticarət, səhiyyə və kənd təsərrüfatı ekspertlərini SPS məsələlərinin həlli üçün bir araya gətirir, mövcud bilik, vasitələr və təcrübəni yayır, SPS potensialının artırılması üzrə innovativ və hərtərəfli yanaşmanı təşviq edir. STDF 2004-cü ildən başlayaraq, dünya miqyasında 85 layihə vasitəsilə əsas SPS sahələrində təhlükəsiz ticarətə aid həll yollarını təqdim edib. Azərbaycan Respublikası Dövlət Fitosanitar Nəzarəti Xidmətinin benefisiar olduğu layihə qismən STDF tərəfindən maliyyələşdirilmişdir. 

 

İnteqrasiya edilmiş sistem

İnteqrasiya edilmiş Sistem (IF) Beynəlxalq Valyuta Fondu (IMF), Beynəlxalq Ticarət Mərkəzi (ITC), Ticarət və İnkişaf üzrə BMT-nin Konfransı (UNCTAD), BMT-nin İnkişaf Proqramı (UNDP), Dünya Bankı və ÜTT tərəfindən idarə edilən altı agentliyin proqramıdır. Bu proqram az inkişaf etmiş dövlətlərə ticarətlə əlaqəli texniki yardım və potensialın artırılması proqramlarını təqdim edir və bunların qlobal iqtisadiyyata inteqrasiya  məqsədini daşıyır. Proqram ölkələrin ticarət ehtiyaclarını müəyyən edir və ölkələrin potensialının həyata keçirilməsi məqsədilə tədbirlər planını hazırlayır və yerinə yetirir.

 

Bu proqramdan 36 az inkişaf etmiş ölkə faydalanır və 8 az inkişaf etmiş ölkə isə proqrama qoşulmaqla bağlı hazırlıq mərhələsindədir. İF-in məqsədli fonduna ümumi daxilolmalar 50 milyon ABŞ dollarına, fonddan ayırmalar isə 27 milyon ABŞ dollarına bərabərdir. Bu ayırmaların 47% diaqnostik (müəyyən etmə) fəaliyyətə, 53% isə prioritet tədbirlərin icrasına sərf edilmişdir. Hər dövlət üçün təxminən 1 milyon ABŞ dolları xərclənib. 

 

Ticarətə Yardım

ÜTT tərəfindən idarə olunan Ticarətə Yardım təşəbbüsü inkişaf etməkdə olan dövlətlərə təqdim olunan texniki yardımın səviyyəsini yeni mərhələyə yüksəltmişdir. Bu təşəbbüs 2005-ci ildə irəli sürülmüş və o vaxtdan bəri ticarətə yardım proqram və layihələrinə 300 milyard ABŞ dollarından çox məbləğ sərf olunmuşdur. 

 

Ticarətə Yardım geniş konsepsiyadır, inkişaf etməkdə olan dövlətlərə, xüsusilə də, az inkişaf etmiş dövlətlərə təqdim olunan texniki yardım, infrastruktur, məhsuldar potensial və uyğunlaşdırma yardımlarını əhatə edir. Bu təşəbbüs mövcud yardım mexanizmlərini birgə şəkildə daha səmərəli işləməyə istiqamətləndirir. Təşəbbüsdə ÜTT-nin xüsusi rolu ondan ibarətdir ki, Təşkilat inkişaf agentlikləri və donorlar tərəfindən ÜTT üzvlərinin ticarət ehtiyaclarının düzgün qavranılmasını və səmərəli həll yollarının təqdim olunmasını təmin edir.