ÜTT-nin əsas prinsipləri, istisnalar və şəffaflıq

Əsas prinsiplər

Ayrıseçkiliyə (diskriminasiya) yol verilməməsi prinsipləri: Ən Əlverişli Rejim və Milli Rejim 

Ayrıseçkiliyin yol verilməməsi – Ən Əlverişli Rejim (MFN) və Milli Rejim (NT) çoxtərəfli ticarət sisteminin təməl prinsipləridir. Əsas ÜTT Sazişlərində (GATT 1994, GATS, TRİPS, SPS, TBT və s.) əks etdirilən bu prinsiplər öz mənbəyini 1947-ci il Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) I və III maddələrindən götürür. Mallar baxımından bu prinsiplər aşağıdakını tələb edir:

 

1-ci prinsip o deməkdir ki, üstünlük, güzəşt, imtiyaz, toxunulmazlıq formalarından asılı olmayaraq, bir ÜTT üzv ölkəsi tərəfindən ÜTT üzvü olan və ya olmayan hər hansı ölkəyə təqdim etdiyi əlverişli rejim 1994-cü il tarixli GATT-ın I maddəsi ilə dərhal və şərtsiz olaraq digər ÜTT üzv ölkələrinə də tətbiq edilməlidir. Yəni, həmin rejim çoxtərəfli olmalıdır. 2-ci prinsip o deməkdir ki, yerli istehsalçılara (təchizatçılara və ya digər maraqlı tərəflərə) təqdim edilən rejim həm də xarici şəxslərə şamil edilməlidir. 

 

Yuxarıdakı prinsiplərin tətbiqi müəyyən tələblərlə bağlı olduğundan, bu tələblər daha geniş şəkildə şərh edildiyi üçün MFN və NT prinsiplərinin əhatə etdiyi məsələlər də hərtərəflidir. Prinsiplərlə bağlı istisnalara gəldikdə, qanunvericilik bu məsələ ilə əlaqədar aydın şəkildə deyir ki, istisnalar dar mənada kimi şərh edilməlidir. Məhz bu səbəbdən, azad ticarət zonaları və ya gömrük birliklərindən başqa, MFN prinsipinin pozulmasının əsaslandırılması bir çox hallarda panellər və Appelyasiya Şurası tərəfindən imtina edilir. 

 

Yalnız ÜTT üzvləri bu prinsiplərin tətbiqindən faydalanır. Qeyd olunan iki prinsipdən faydalanmağın yeganə yolu ÜTT-yə üzvlükdür. 

 

Orta və kiçik ölkələr bu prinsiplərin tətbiqindən xüsusilə faydalanır. Hətta danışıqlarda passiv şəkildə iştirak etsələr də, bu ölkələr danışıqlardakı ən yaxşı nəticədən faydalanacaqlar.  

 

Əksini olaraq, ÜTT üzvü olmayan ölkə hər bir tərəfdaş ilə kifayət qədər vaxt və geniş resurslar tələb edən ayrıca danışıqlar aparmalıdır və danışıqlar zamanı yaranmış mübahisələri özü həll etməlidir. 

 

Ən Əlverişli Rejim (MFN) prinsipi nədir?

MFN digər ölkələr arasında ayrıseçkiliyin edilməməsinə dair öhdəlikdir. Yəni, oxşar məhsullara mənşə ölkəsindən asılı olmayaraq bərabər şəkildə münasibət göstərilməlidir. MFN prinsipi ÜTT üzvlərindən tələb edir ki, oxşar məhsula münasibətdə istənilən ölkəyə tətbiq edilən rejim digər ÜTT üzv ölkəsinə tətbiq edilən rejimdən yaxşı ola bilməz.  Onu da qeyd etmək yerinə düşər ki, oxşar məhsulların müəyyən edilməsi bəzi hallarda çətin ola bilər. 

 

Tarif güzəşti və ya digər formada bir ölkəyə (ÜTT üzvü olan və ya olmayan) tətbiq edilən üstünlük dərhal və şərtsiz şəkildə digər ÜTT üzvlərinə də şamil edilməlidir. 

 

Misallar:

1) Əgər ABŞ Aİ-dən idxal edilən şokoladlar üçün tarif dərəcələrini 10%-dən 7%-ə endirirsə, yeni dərəcə digər ÜTT üzvlərinə də dərhal və şərtsiz şəkildə tətbiq edilməlidir. ABŞ Aİ-dən başqa digər ÜTT üzvlərinə də endirilmiş tarif dərəcəsini tətbiq etməsinə görə onlardan qarşılıqlı fayda tələb edə bilməz. Tarif azaldılması şərtsiz olmalıdır. 

2) Əgər Rusiya Azərbaycan (hansı ki ÜTT üzvü deyil) mallarına idxal lisenziyasının əldə edilməsi prosedurunu asanlaşdırırsa, bu sadələşdirmə dərhal mənşə ölkəsi ÜTT üzvü olan bütün mallara da tətbiq edilməlidir.  

 

MFN tətbiqi üçün 2 istisna vardır: 

  • ÜTT üzvləri azad ticarət sazişləri bağladıqda və ya gömrük birlikləri yaratdıqda, azad ticarət sazişi və gömrük birliyi tərəfdaşları arasında ticarəti tənzimləyən şərtlər digər ÜTT üzvlərinə tətbiq edilən şərtlərdən fərqli (daha əlverişli) ola bilər 
  • Ümumiləşdirilmiş Preferensiyalar Sistemi əsasında az inkişaf etmiş ölkələrin xeyrinə preferensial (güzəştli) rejimlər. 

 

Milli Rejim (NT) prinsipi nə deməkdir?

Milli Rejim ÜTT üzvlərinin yerli və xarici mallar arasında ayrıseçkilik etməməsi öhdəliyidir. Bu rejimin məqsədi daxili tədbirlərin yerli istehsalçıların qorunması üçün tətbiq edilməməsinə əmin olmaqdır. Bu prinsip ÜTT üzvlərindən tələb edir ki, yerli oxşar məhsullara tətbiq edilən rejim xarici məhsullara tətbiq edilən rejimdən yaxşı ola bilməz. Bu yolla Milli Rejim idxal edilən məhsulların yerli məhsullara münasibətdə şərtlərin bərabərliyini qoruyur. 

 

Xarici mallara tətbiq edilən tədbirlər yerli oxşar mallara tətbiq edilənlərdən artıq ola bilməz. Bu tədbirlərə hər hansı tənzimləmə, dövlət tədbiri və ya daxili vergilər və digər yığımlar aiddir.

  

Misallar:

1) Əgər Çin yerli istehsal məhsulu olan televizorlar üçün ƏDV-ni 5%, Cənubi Afrikada istehsal edilən televizorlar üçün isə 10% tətbiq edirsə, bu, Milli rejim öhdəliyinin pozulmasıdır.  

2) Əgər Türkiyə düyünün tarif kvotası altında idxalına icazə verilməsi üçün idxalçılardan yerli düyünün alınmasını tələb edirsə, burada milli rejim prinsipi pozulur, belə ki, xarici düyüyə yerli düyüdən daha az əlverişli rejim tətbiq edilir. 

 

Bazara çıxış: Tariflər

Tariflər ənənəvi olaraq daxili bazarın qorunması üçün ən çox istifadə edilən vasitə və dövlət üçün vacib gəlir mənbəyi olmuşdur. Onilliklər ərzində davam edən GATT danışıqlarının nəticəsi olaraq, tarif dərəcələri 1947-ci ildə tətbiq edilən ortalama 40%-dən 2013-cü ildə ortalama 9%-ə enmişdir. ÜTT təsis ediləndən sonra ÜTT üzvləri tərəfindən tətbiq edilən ortalama tariflərdə 15% azalma olmuşdur. 

 

ÜTT qaydaları üzv ölkələrdən digər üzv ölkələrə onların mallar üçün Güzəştlər Cədvəlində təqdim etdikləri tarif dərəcələrindən yüksək dərəcələr tətbiq etilməməsini tələb edir. Üzvlərin Mallar Cədvəli tarif öhdəliklərinin qeydə alındığı hüquqi sənəddir. Onlar ÜTT Sazişinin əlavəsi olaraq onun tərkib hissəsidir. 

 

Mallar üçün Güzəştlər Cədvəli aşağıdakı məlumatları əhatə edir:

  • Malın kodu
  • Malın təsviri
  • Rüsum dərəcəsi
  • Hazırki güzəşt
  • İlkin Danışıqlar Aparmaq Hüququ (İNR - məhsulun əsas təchizatçıları olaraq)
  • GATT Cədvəlində təqdim edilən ilk güzəşt
  • Əvvəlki hallarda İNR
  • Digər rüsum və yığımlar 
  • Kənd təsərrüfatı malları üçün xüsusi mühafizə tədbirləri də müəyyən edilə bilər

 

Güzəştlər Cədvəli üçün nümunə aşağıda təqdim edilmişdir:

 

(Qazaxıstanın Mallar Cədvəlindən, mənbə: www.wto.org)

 

ÜTT üzvlərinin bütün tarif məlumatları Tariff Download Facility vasitəsilə əldə edilə bilər:

 

(ÜTT Tariff Download Facility-yə daxil olmaq üçün şəkilin üzərinə klikləyin)

 

Dünya ticarətində ən çox istifadə edilən gömrük rüsumları bunlardır:

  • Advalor: məsələn, malın dəyərinin 5%-i 
  • Spesifik: məsələn, 5 USD/kq
  • Kombinə edilmiş: məsələn, 10 USD/kq + 5%  

 

Müəyyən mal üçün yol verilən yüksək tarif dərəcəsi (yüksək hədd) müəyyənləşdirilirsə, ÜTT üzvü həmin yüksək həddən daha yuxarı gömrük rüsumu tətbiq etməmək öhdəliyini götürür. Əks təqdirdə, üzv ölkə öz öhdəliyini pozmuş olur. Aşağıda 2 misal verilmişdir. 

Misal 1: Aİ-dən olan müəyyən mallar üçün tariflər

Aİ bildirmişdir ki, Rusiya öz tarif öhdəlikləri çərçivəsində hərəkət etməmişdir. Xüsusən də, müəyyən mallar, məsələn, soyuducular, palma yağı və ya müxtəlif növ kağız məhsulları üçün Rusiyanın yüksək tarif dərəcəsinin həddindən də yuxarı gömrük rüsumları tətbiq etdiyini iddia edirdi. Bütün hallarda panel Rusiyanın öz öhdəliklərini pozduğunu müəyyən etmişdir. 

Misal 2: Bəzi İT məhsullarına tarif tədbirləri 

Aİ ÜTT-nin İnformasiya Texnologiyaları Sazişinə (ITA) üzvdür və deməli, Sazişlə əhatə edilən IT məhsullarının idxalına gömrük rüsumları tətbiq etməməlidir. Texnoloji inkişafla əlaqədar, 90-cı illərin sonu və 2000-ci illərin əvvələrində bazarda yeni məhsullar peyda olmuşdu. Həmin bəzi yeni məhsulları Aİ-nin gömrük rüsumları tətbiq edilən kombinə edilmiş Nomenklaturası əsasında təsnifləşdirərkən Aİ bu məhsullara İTA-da müəyyən edilmiş rüsumdan azad rejimi tətbiq etmədi. Panel aşkar etdi ki, müəyyən rəqəmsal televiziya qəbulediciləri, çoxfunksiyalı rəqəmsal aparatlar və düz panel ekran qurğuları İTA-nın əhatə dairəsinə daxil olan məhsullardır və bu məhsulların idxalına rüsum tətbiq etdiyi üçün Aİ ÜTT öhdəliklərini pozmuşdur. 

 

Yuxarıda qeyd edilən qaydalara istisnalar da var. Tətbiq edilən gömrük rüsumları yol verilən yüksək tarif dərəcəsindən yuxarı da ola bilər, məsələn, ticarət müdafiə tədbirlərinin (antidempinq, kompensasiya və ya mühafizə) tətbiqi zamanı. 

 

Fərz edək ki, Azərbaycan südün idxalına yol verilən yüksək tarif dərəcəsini 10% müəyyən edir. ÜTT-yə üzvlükdən sonra Azərbaycanın yerli istehsalçıları idxal olunan südlə əlaqədar zərər çəkərlərsə, Azərbaycan yerli süd istehsalçılarına zərər vuran idxal edilmiş südün idxalının dempinqli (dəyərindən aşağı) olub-olmadığını müəyyən etmək üçün antidempinq araşdırmasını başlaya bilər. Hesab edək ki, araşdırma nəticəsində dempinq marjasının 50% olduğu aşkar edilmiş və bütün tələblər də qarşılanmışdır. Bu halda, 50%-li antidempinq tədbiri tətbiq edilə bilər. Bu tədbirin qüvvəyə mindiyi andan etibarən, idxalçılar 60% həcmində rüsum ödəməli olacaqlar (idxal rüsumu 10% üstəgəl 50% antidempinq rüsumu).

 

Tariflərin yol verilən yüksək dərəcəsi GATT-da müəyyənləşdirilmiş prosedur vasitəsilə artırıla bilər. Bu prosedurlardan bir sıra hallarda, o cümlədən Aİ tərəfindən də istifadə edilmişdir. Lakin qeyd edilən halda, tariflərin yüksəldilməsi ilə neqativ təsirə məruz qalmış üzv ölkələrə kompensasiya ödənilməlidir. 

 

Yol verilən yüksək dərəcədən aşağı tarif dərəcəsi ən ənverişli rejim prinsipi əsasında istənilən zaman tətbiq edilə bilər. Məsələn, ÜTT-nin üzv ölkəsi tarifin yol verilən yüksək dərəcəsini 25% müəyyəşdirib, tarifi qeyd edilən həddən aşağı dərəcədə də tətbiq edə bilər (məsələn, 10%). İstənilən anda üzv ölkə 25%-i keçməmək şərtilə, tətbiq edilən tarif dərəcəsini yüksəldə bilər.

 

Yol verilən yüksək tarif dərəcəsini münasibətdə ÜTT-yə üzv ölkə öz üzərinə hər hansı öhdəlik götürmədiyi təqdirdə, bu tarif dərəcəsini aşmamaq öhdəliyi həmin üzvə tətbiq edilmir. Qeyd edilən halda, tarif dərəcəsi daxilində olmaq şərtilə, istənilən tarif dərəcəsini tətbiq edə bilər.

 

Tarif yol verilən yüksək dərəcələri ilə bağlı maddələr ÜTT üzv ölkəsinin birtərəfli güzəştli tarif sazişləri (məsələn, Ümumiləşdirilmiş Preferensiyalar Sistemi) və ya azad ticarət sazişləri və ya gömrük birlikləri altında bir və ya daha çox ölkəyə güzəştli tariflərin təqdim edilməsi hüququndan istifadəsinə təsir etmir. 

 

Bazara çıxış: Kəmiyyətlə bağlı məhdudiyyətlərin qadağan edilməsi
Kəmiyyətlə bağlı məhdudiyyətlər – kvotalar və ya qadağalar – tariflərdən daha zərərlidir, belə ki, onlar yerli bazarı daha geniş şəkildə qoruyur. Tariflər maneə yaradırsa, kəmiyyət məhdudiyyətləri qadağanedicidir, belə ki, onlar xarici malların bazara girişinə məhdudiyyət yaradır. Bu səbəbdən kəmiyyətlə bağlı məhdudiyyətlərinin qadağan edilməsi ÜTT-nin təməl prinsiplərindən biridir. 


Malların idxalı və ixracı zamanı ÜTT üzvü tərəfindən rüsum, vergi və digər yığımlardan başqa tətbiq edilən və ya qüvvədə olan, kvota, qadağa, idxal və ya ixrac lisenziyası prosedurları və ya digər tədbirlər formasında təsir edən bütün qadağa və məhdudiyyətlər kəmiyyət məhdudiyyətləri hesab olunur və bunlar qadağan edilir. Aşağıdakı cədvəl panel və Apellyasiya Şurası tərəfindən aşkar edilən kəmiyyət bağlı məhdudiyyətlərə dair bir neçə tədbirləri əks etdirir:

 

 

Ümumiləşdirsək, məhdudiyyətlər bir çox formada ola bilər və onların hamısı qadağan edilir. 


ÜTT Sazişləri təkcə normativ çərçivədə müəyyən edilən kəmiyyət məhdudiyyətlərini deyil, həm də praktik olaraq tətbiq edilənləri qadağan edir.  Qeyd edək ki, ümumilikdə rüsumlar, vergilər və digər yığımlar ÜTT üzvü tərəfindən malların idxalı və ixracı zamanı tətbiq edilib onlar üçün qüvvədə olsa da, ÜTT-yə üzvlük prosesində olan ölkə ÜTT üzvü olduğu vaxtdan etibarən belə tədbirlərin istifadəsi hüququnu məhdudlaşdırmaq və ya qadağan etmək məqsədilə öhdəlik götürə bilər. Çin, Rusiya və Qazaxıstan belə ölkələrə misal ola bilər. Bu öhdəliklər pozulduğu halda, onlara qarşı ÜTT-nin Mübahisələrin Həlli Mexanizmi çərçivəsində iddia qaldırılır. Məsələn, WT/DS394/R, WT/DS395/R, WT/DS398/R, Çin – Xam Materiallar Mübahisəsində Panel qərara gəlmişdir ki, Çinin müəyyən materiallara ixrac rüsumu tətbiq etməsi Çinin Öhdəliklər Cədvəlini pozmuşdur. 

 

Kəmiyyət məhdudiyyətlərinə qadağaya dair 5 istisna:
Qaydalarla bağlı birinci istisna odur ki, üzv ölkələr xüsusi hallarda kəmiyyət məhdudiyyətlərini saxlaya bilərlər. GATT maddəsinə görə belə məhdudiyyətlər bir neçə halda tətbiq oluna bilər, məsələn: əhəmiyyətli qida məhsullarının kritik çatışmazlığının qarşısını almaq üçün müvəqqəti ixrac qadağaları və ya məhdudiyyətləri. 


İkinci istisna hal odur ki, kəmiyyət məhdudiyyətlərinin müəyyən hallarda tətbiqinə icazə verilir, məsələn:mühafizə tədbiri kəmiyyət məhdudiyyəti şəklində ola bilər. GATT-ın “tədiyyə balansı” maddəsi də həmçinin kəmiyyət məhdudiyyətini qəbul edir. 


Üçüncü istisna, ümumi istisnalar və təhlükəsizliklə bağlı istisnaların kəmiyyət məhdudiyyətlərinin tətbiqinə əsas verməsidir. Ətraflı oxu

 

Bir çox hallarda üzv ölkələr qeyri-qanuni tədbirlərini ümumi istisna kimi əsaslandırmağa çalışırlar. Bir çox hallarda da bu tədbirlər istisnalarla bağlı tələblərə cavab vermədiyindən rədd edilir. Aşağıdakı 2 misala baxaq:

Misal 1: Krevetlər
ABŞ xarici ölkələrin gəmiləri vasitəsilə tutulan krevet və krevet məhsullarının idxalına qadağan etmişdi. Belə ki, ixracatçı ölkələr müəyyən olunmuş həddə dəniz tısbağalarının təsadüfən öldürülməsinin qarşısını almaq üçün üsullardan istifadəyə dair ABŞ dövlət qurumları tərəfindən sertifikat almamışdı. Mübahisələrin Həlli Orqanı qərara aldı ki, bu qadağa GATT-ın XI maddəsini pozur və bu qadağa ümumi istisna kimi əsaslandırılmır. 
ABŞ öz qanunvericiliyinə müəyyən dəyişikliklər etmiş və qadağanın tətbiqinə davam etmişdi. Panel hesabatının 21.5-ci maddəsində Panel belə qənaətə gəldi ki, dəyişiklik edilmiş tədbir təbii resursların tükənməsi ilə bağlı istisnanın tələblərinə cavab verir. Yəni, idxal qadağası əsaslandırılmışdı. 

Misal 2: Bərpa edilmiş təkərlər 

Braziliya qadağan edilmiş kəmiyyət məhdudiyyətlərinə aid edilən bir neçə tədbirə əl atmışdır. Tədbirin insan sağlamlığının qorunması məqsədilə həyata keçirilməsi əsaslandırılsa da, bu rədd edilmişdir. Belə ki, Braziliya bərpa edilmiş təkərlərin digər MERCOSUR (Cənubi Amerikada ticarət birliyi) üzv ölkələrindən idxalına icazə vermişdir. Mübahisələrin Həlli Orqanının qərarlarını icra etmək üçün Braziliya bərpa edilmiş təkərlərin idxalına qadağanı MERCOSUR ölkələri də daxil olmaqla, bütün ölkələrə tətbiq etməyə başladı. Belə ki, tədbirin tətbiqinə insan sağlamlığının qorunması üçün icazə verildiyindən və məsələnin problemli tərəfi - ayrıseçkiliyin aradan qaldırıldığından indi tədbir ÜTT qaydalarına uyğundur.  


Dördüncü istisna ÜTT Sazişinin IX:3 maddəsindəki istisnadan yararlanan istənilən tədbirə aiddir. Həmin istisnaya misal olaraq, Təbii (xam) Almazların Sertifikasiya Sxeminə dair Kimberli Prosesi ilə əlaqədar istisna qəbul edilmişdir. 


Sonuncu, beşinci istisna odur ki, beynəlxalq müqavilə kəmiyyət məhdudiyyətlərinin tətbiqini tələb edə bilər və bu halda, üzv ölkələr həmin müqavilənin şərtlərinə uyğun hərəkət edə bilərlər. CİTES Konvensiyası (Tükənmək təhlükəsi olan vəhşi fauna və flora növlərinin beynəlxalq ticarəti üzrə Konvensiya) və ya Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu buna sadəcə iki misaldır. 

 

Şəffaflıq tələbləri
ÜTT tətbiqi gözlənilən hər bir kəmiyyət məhdudiyyətinn dərci və bildirişini tələb edir. Bildirilmiş məlumatlar ÜTT-nin Kəmiyyət Məhdudiyyətlərinə dair Məlumatlar Bazasında aşağıdakı keçiddən istifadə edilməklə əldə edilə bilər: qr.wto.org/Private/Welcome.aspx?ReturnUrl=%2fReports%2fHome.aspx&lang=en
Kəmiyyət məhdudiyyətləri ayrıseçkilik edilmədən həyata keçirilməlidir. 

 

Bazara çıxış: Tarif kvotaları
Tarif kvotaları (TK) tariflər və kəmiyyət məhdudiyyətlərinin qarışığından ibarət olub, özündə hər ikisinin elementlərini birləşdirir. Tarif kvotaları kəmiyyət məhdudiyyətləri də daxil olmaqla, qeyri-tarif maneələrinin ləğvi və ya tariflərlə əvəz edilməsi məqsədilə “tarifləşmə” prosesinin nəticəsidir. Lakin belə əvəzləmə əsassız tarif dərəcələrinə gətirib çıxara bildiyindən TK-nın keçid müddəti üçün optimal olması qərarına gəlinmişdir. 


TK 2 fərqli tarif dərəcəsi təqdim edir: kvota çərçivəsində göstərilən kəmiyyət üçün aşağı tariflər (kvotadaxili tarif) və kvotadan kənar kəmiyyət üçün yuxarı tariflər (kvotaxarici tarif). Məsələn, yuxarıdakı qrafikdə kvota həcmi 500 vahiddir. Əgər kvotanın tətbiq edildiyi dövrdən sonra ölkəyə daxil olan məhsul 500 vahid limitindədirsə, bu zaman ona 10% advalor rüsum tətbiq olunur. Əgər məhsul ölkəyə kvota limiti (həddi) bitdikdən sonra daxil olarsa, kvotaxarici olduğu üçün ona 40% advalor rüsum tətbiq olunur ki, bu da idxalçı və məhsulun qiyməti üçün böyük fərqdir. 


TK-nın idarə edilməsi və ixracatçı ölkələr arasında bölüşdürülməsi üçün ÜTT üzvləri müxtəlif üsullardan istifadə edirlər. Buna baxmayaraq, belə idarəetmə və bölüşdürmə ayrıseçkilik edilmədən həyata keçirilməlidir. 
 

Kvotadan kənar tariflərin yüksək səviyyəsinin endirilməsi, kvotaların həcmi və idarə edilməsi ilə bağlı danışıqlar Uruqvay Raundundan bəri davam edir.   

 

İstisnalar

ÜTT qaydalarından istisnalar ÜTT üzvlərinə təşkilatdakı öhdəliklərindən  geriyə çəkilmək hüququ verir. Bu, müəyyən sosial dəyərlərin qanuniliyinin tanınması və üzvlərin milli təhlükəsizliyi ilə bağlı məsələləridir. İstisnalardan istifadədə əsas məsələ dəyərlərin balanslaşdırılması və sui-istifadə hallarına yol verməməkdir. 

 

Ümumi istisnalar

Ümumi istisnaların məqsədi ölkələrin ÜTT-də götürdükləri öhdəliklərin onların qanuni siyasət məqsədlərinə mane olmamasını təmin etməkdir. Bu cür əsas məqsədlər aşağıda göstərilmişdir:

 

Nail olmaq istədiyi məqsədi və əldə etmək istədiyi qorunma səviyyəsini müəyyən etmək hər bir ÜTT üzvünün öz seçimidir. 


Bu istisnalar üzv ölkələrə ÜTT prinsiplərinə əməl etməməyə icazə verir, lakin bir şərtlə ki, GATT, GATS və TRİPS Sazişlərində qeyd olunan müəyyən şərtlərə əməl edilsin. Onları aşağıdakı şəkildə ümumiləşdirmək olar:  

 

 

Misal üçün, tədbirin insan, heyvan və bitki həyatının və ya sağlamlığın qorunması ilə əsaslandırılması halında vacib tələbdir ki, üzv ölkənin tədbiri məqsədəmüvafiq və proporsional olsun və bu tədbir olmadan arzulanan nəticələrə çatmaq mümkünsüz olsun. 

 

Belə tədbirlər ixtiyari və ayrıseçkilik qoyularaq tətbiq edilə bilməz. Tədbirin məqsədi daxili bazarın qorunması və bununla da, ticarət axınını məhdudlaşdırmaq deyil, yuxarıda qeyd olunan siyasət məqsədlərinə çatmaq olmalıdır. Bununla bağlı mübahisələrə dair 2 misalı yuxarıda, Bazara giriş: Kəmiyyət məhdudiyyətlərinin qadağan edilməsi bölməsində görmək olar. 
 
Təhlükəsizliklə bağlı istisnalar
Milli təhlükəsizlik suverenliyin əsası olduğundan təhlükəsizliklə bağlı yaranan narahatlıqlar ticarət məsələlərini üstələyir. Bununla əlaqədar, üzv ölkələr əhəmiyyətli təhlükəsizlik maraqlarını müdafiə etmək üçün GATT, GATS və TRIPS-in də qəbul etdiyi ticarəti məhdudlaşdıran tədbirləri tətbiq edə bilərlər. Təhlükəsizliklə bağlı istisnalara əsaslanaraq ÜTT üzv ölkəsi: 
  • Açıqlanması əhəmiyyətli təhlükəsizlik maraqlarına zidd hesab edilən məlumatları açıqlamağa məcbur edilə bilməz 
  • Əhəmiyyətli təhlükəsizlik maraqlarının qorunması üçün qaçılmaz hesab etdiyi istənilən tədbiri görə bilər:
    • nüvə bölünməsinə malik materiallar və ya onların əldə edildiyi materiallarla əlaqədar
    • silah ticarəti və ya hərbi təchizatı təmin etmək məqsədilə digər mal və materialların ticarəti ilə əlaqədar
    • müharibə vaxtı və ya beynəlxalq münasibətlərdə digər fövqəladə vəziyyətlərdə tətbiq edilən  
  • BMT-nin beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsi Xartiyasından irəli gələn öhdəliklərinə uyğun olaraq istənilən tədbiri tətbiq edə bilər.
 
Əvvəllər təhlükəsizliklə bağlı istisnalarla əlaqədar bir neçə təşəbbüs olmuşdur, məsələn,  müharibə münaqişələri zamanı. Son zamanlarda bəzi ölkələr tərəfindən bu maddəyə birtərəfli tədbirləri və əks tədbirləri əsaslandırmaq məqsədilə müraciət edilmişdir. Rusiya və Körfəz ölkələri tərəfindən tətbiq edilən tədbirlərlə bağlı ÜTT-yə müxtəlif mübahisələr gətirilmişdir. Bu etirazların belə tədbirlərə məhkəmədə baxıla bilib-bilinməməsinə və ilk növbədə təhlükəsizliklə bağlı istisnaların limitlərinə aydınlıq gətirməsi gözlənilir. 
 
Şəffaflıq

Şəffaflıq beynəlxalq ticarətdə çox əhəmiyyətli məsələdir. Çünki, bir ölkənin qanunvericiliyi və siyasəti  barədə məlumatsız olduqda həmin ölkə ilə ticarət daha çətin və mümkünsüz olur. Ticarət qaydalarını mümkün qədər aydın və əldə edilən etməklə, şəffaflıq ticarət əlaqələrini təhlükəsiz və gözlənilən edir, qarşılıqlı inamı artırır və ticarət maneələrinin azaldılmasına kömək edir. Qərarların qəbulunda şəffaf yanaşmanı tətbiq edən ölkələrdə bütün maraqlı tərəflər tənzimləyici çərçivənin hazırlanmasında iştirak edə bilərlər. Qərar qəbulunun açıq şəkildə edilməsi və bütün tərəflərin mövqelərinin nəzərə alınması ticarətə lazımsız maneələrin qarşısını almağa kömək edir.

 

Demək olar ki, bütün ÜTT Sazişlərində şəffaflıqla bağlı maddələr mövcuddur. Bura dərcetmə, bildiriş, nəzərdən keçirmə və şərh vermə hüququ və s. daxildir. ÜTT həmçinin Ticarət Siyasətinə Nəzarət Mexanizmi vasitəsilə üzv ölkələrin ticarət siyasətlərinə mütəmadi olaraq nəzarəti həyata keçirir və bununla da həm daxili, həm də çoxtərəfli səviyyədə şəffaflığı təşviq edir. Ətraflı oxu.

 

Dərcetmə öhdəlikləri

ÜTT Sazişləri üzv ölkələrdən  ticarətlə əlaqəli bütün tənzimləmələrin onların tətbiqindən əvvəl dərc edilməsini və ya ictimaiyyət üçün açıq olmasını tələb edir. Bütün qanunlar, tənzimləmələr, məhkəmə qərarları və inzibati qərarlar ticarətlə məşğul olan şəxslərin tanış olması üçün tez bir zamanda dərc edilməlidir. Dərcetmədən əvvəl heç bir yeni və ya daha sərt öhdəliklər və ya tələblər tətbiq edilə bilməz. 

 

Dərcetmə tələblərinin pozulmasına dair misallar 

ÜTT tərəfindən baxılan bir məsələdə Çin sink üçün ixrac kvotası həcmini dərc etməmişdi. Panel belə qərara gəldi ki, Çin bunu etməklə GATT Sazişinin şəffaflıq tələbini pozmuşdur. 

Digər mübahisəli məsələdə Dominikan Respublikası siqaretlərə istehlak vergisini tətbiq etmək üçün vergi bazasını müəyyən etmək məqsədilə istifadə edilən orta qiymətin hesablanma metodologiyasını dərc etməmişdir ki, bu da qanuna zidd hərəkət hesab edilmişdir. 

 

Bildiriş öhdəlikləri
Ticarətlə əlaqəli məlumatların dərci və ictimaiyyət üçün açıq olması hələ kifayət  deyil. Üzv ölkələrdən həm də ÜTT-yə öz qanun və tənzimləmələrini bildirmələri tələb edilir. Bildirişlər şəffaflığı artırır və bütün ÜTT üzv ölkələrinə digər üzvlərin ticarətlə əlaqəli siyasətləri barəsində məlumat almağa imkan yaradır.  


Bildirişlər ÜTT-nin orqanları tərəfindən nəzərdən keçirilir. Onlar bildirişləri nəzərdən keçirmək və uyğunluğunu yoxlamaq üçün mütəmadi olaraq görüşürlər. Üzv ölkələrə bildirilmiş məlumatlara dair sualları təqdim etməyə icazə verilir və sualları qəbul edən üzv ölkə onları müəyyən edilmiş zaman ərzində cavablandırmalıdır. 


Bildirişlər sanitar və fitosanitar tədbirlər (SPS) və ticarətdə texniki maneələr (TBT) kimi bəzi sazişlər kontekstində xüsusən vacibdir. Təqribən 15,385 ticarət tədbiri SPS Komitəsinə, 24,464 müntəzəm bildiriş isə TBT Komitəsinə təqdim edilmişdir. Hər iki sahə üzrə bildirişlərin və aidiyyəti sənədlərin tədqiq edilməsi üçün ayrıca informasiya idarəetmə sistemi yaradılmışdır: 

 

(SPS İnformasiya İdarəetməsi Sisteminə daxil olmaq üçün şəklin üzərinə kilikləyin) 

 

TBT informasiya idarəetmə sisteminə çıxış bu keçiddən əldə edilə bilər: tbtims.wto.orgÜTT-nin SPS və TBT Sazişləri həm də digər üzv ölkələrin sorğularını cavablandırmaq üçün Sorğu Mərkəzlərinin yaradılmasını tələb edir ki, bu da şəffaflıq elementlərindən biridir. 

 

Regional Ticarət Sazişləri (RTS) üçün şəffaflıq mexanizmi
2006-cı ildə RTS üzrə Doha Raundu danışıqları çərçivəsində bütün RTS üçün yeni şəffaflıq mexanizmi yaradılmışdır. Mexanizm RTS-in ilkin mərhələsindən yekun sazişin imzalanmasına qədər fəaliyyət göstərir. M
əqsəd RTS haqqında faktiki və analitik məlumatların əldə edildiyi, saxlandığı, təhlil edildiyi və ötürüldüyü RTS İnformasiya Sisteminin yaradılmasıdır. Sistem RTS haqqında məlumatların əlçatanlığını və şəffaflığını artırır, RTS-in tamamlanması pik həddə çatdıqda onların təhlili üçün statistik göstəriciləri təmin edir. RTS üzrə yeni danışıqlar, RTS-in imzalanması və ratifikasiyası, RTS-in fəaliyyətinə təsir edən istənilən dəyişikliklər və RTS fəaliyyətinin yekunu barəsində ÜTT Katibliyinə  məlumat verilməlidir. Bildirişlərin elektron formada təqdim edilməsinə üstünlük verilir. Bütün bildirilmiş RTS haqqında məlumatlar (Azərbaycanın tərəf olduğu RTS-lər daxil olmaqla) aşağıdakı məlumatlar bazasından əldə edilə bilər. 

 

(Regional Ticarət Sazişləri Məlumatlar Bazasına daxil olmaq üçün şəkilin üzərinə klikləyin)

 

Əsas prinsiplər, istisnalar və şəffaflıq haqqında daha ətraflı məlumat 

Tariflər

​Kəmiyyət məhdudiyyətləri

Şəffaflıq: Dərc və bildirişlər

ÜTT Analitik İndeksi