ÜTT-nin funksiyaları

Funksiyalar 

ÜTT-nin əsas məqsədi beynəlxalq ticarət axınını proqnozlaşdırıla bilən etməklə onun mümkün qədər sərbəst olmasına kömək etməkdir. Bu məqsədə çatmaq üçün o, üzv ölkələr arasında ticarət əlaqələrinin aparılmasının ümumi institutsional çərçivəsinin təmin edilməsi ilə bağlı əsas məqsədə çatmağa xidmət edən bir neçə funksiyalar həyata keçirir.
 

ÜTT-nin bu funksiyalarını aşağıdakı kimi ümumiləşdirmək olar: 

 

 

Funksiya 1
ÜTT qaydalara əsaslanan bir sistemdir. Onun ticarət qaydaları əmtəələrlə ticarətin müxtəlif sahələri, gömrük, kənd təsərrüfatı, keyfiyyət infrastrukturu, xidmətlər, əqli mülkiyyət hüququ və sairəni əhatə edən 60-a yaxın sazişdən ibarətdir. Qaydaların tətbiq edilmədən mövcud olması heç bir əhəmiyyət kəsb etmir. 
Beləliklə, çoxtərəfli şəkildə razılaşdırılmış bu qaydaların tətbiq edilməsi sistemin müvafiq fəaliyyətinin təmin edilməsi baxımından olduqca vacibdir.  Bunu nəzərə alaraq, ÜTT çoxtərəfli ticarət sazişlərinin məqsədlərinə nail olmaq üçün bu cür sazişlərin tətbiqi, idarə edilməsi və icra edilməsini təmin edir. ÜTT, həmçinin, üzvlərindən bir neçəsinin tərəf kimi çıxış etdiyi plüralitet sazişlərin tətbiqi, idarə edilməsi və icrası üçün də çərçivəni təmin edir. Ətraflı oxu

 

Funksiya 2
ÜTT danışıqların nəticəsi olaraq qurulub və onun hər bir fəaliyyəti danışıqların nəticəsi olaraq həyata keçirilir.


Üzvlər tərəfindən idarə olunan bir təşkilat olduğundan, onun üzvləri danışıqlar vasitəsilə ÜTT üçün müxtəlif məsələlərlə bağlı qərarlar qəbul edirlər. ÜTT öz üzvlərinin arasında ortaya çıxan ticarət problemlərinin həll edən forumlar rolunu oynayır. Bu problemlər mövcud sazişlərin əhatə etdiyi məsələlərlə və ya hələ ki, ÜTT-də nəzərdən keçirilməmiş məsələlərlə əlaqəli ola bilər. 


Baxmayaraq ki, o, ticarətlə əlaqədar bir çox məsələləri əhatə edir, elə məsələlər var ki, ÜTT-nin qurulması vaxtı onların razılaşdırılması mümkün olmayıb və ya ÜTT qurulandan bu günə qədər yeni məsələlər ortaya çıxıb. Beləliklə, ÜTT-nin ticarət sistemin genişləndirilməsi və onun real vəziyyətə uyğunlaşdırılması üçün sonrakı danışıqları təmin etməsi məntiqlidir. Ətraflı oxu

 

Funksiya 3 
Təsəvvür edin ki, bir sistem müvafiq icra mexanizmələri olmayan qaydalara əsaslanır. Belə bir sistem effektiv ola bilərmi və ona üzvlər tərəfindən hörmət qoyularmı? Böyük ehtimalla bu sualın cavabı mənfidir.  Odur ki, mübahisələrin həlli mexanizmi ticarət qaydalarına sayğı göstərilməsini təmin etməklə və çoxtərəfli ticarət sisteminin təhlükəsizliyinə və proqnozlaşdırıla bilən olmasına zəmanət verməklə ÜTT-nin vacib tərkib hissəsidir. ÜTT-nin mübahisələrin həlli mexanizminin nailiyyətləri üzvlər tərəfindən illərlə təşkilatın “baş tacı” olaraq qeyd edilmişdir. Onun dövlətlərarası mübahisələrin həlli sahəsində dünyada ən aktiv və yüksək effektivliyə malik mexanizmlərindən biri olmasını qeyd etməyə heç ehtiyac yoxdur. Ətraflı oxu

 

Funksiya 4

Çoxtərəfli səviyyədə öhdəliklərin götürülməsi ilə əlbətdə ki, hər şey bitmir. Üzvlər çoxtərəfli öhdəliklərinə öz ölkələri daxilində də əməl etməlidirlər.


ÜTT, üzvlərin yerli siyasət və tənzimləmələrinin ÜTT-nin tələblərinə uyğun olduğuna əmin olmaq üçün monitorinq həyata keçirir. ÜTT-nin bu məqsədlə Ticarət Siyasətinin İcmalı Mexanizmi (TSİM) mövcuddur. TSİM-in funskiyası ölkənin ticarət siyasətinin və təcrübəsinin çoxtərəfli sistem üzərində olan təsirini araşdırmaqdan ibarətdir. Bu yoxlama üzvlərin ticarət siyasətinin və təcrübəsinin şəffaflığını artırmağa və ticarətlə əlaqəli məsələlərdə yerli və dövlətlərarası müzakirələrin keyfiyyətini qaldırmağa çalışır. Hər il təxminən 24 ölkə bu icmaldan keçirilir. Ətraflı oxu


Funksiya 5
Bütün ÜTT üzvləri eyni inkişaf səviyyəsində deyil. Təşkilatın yüksək inkişaf etmiş, inkişaf etməkdə olan və az inkişaf etmiş üzvləri var. İnkişaf etməkdə olan və az inkişaf etmiş ölkələrə daha əlverişli qaydalar yaradan xüsusi və fərqləndirici şərtlərdən başqa, ÜTT həmçinin özü tərəfindən və digər təşkilatlarla əməkdaşlıq çərçivəsində inkişaf etməkdə olan və azinkişaf etmiş üzv ölkələrin qlobal ticarət sistemində daha geniş formada iştirakına dəstək məqsədilə bir çox alətlər yaratmışdır. Bunlara üzvlərin ehtiyacı olan insan, institutsional və infrastruktur potensialının formalaşdırılmasını təklif edən müxtəlif texniki dəstək və təlim proqramları daxildir. Bu dəstək inkişaf etməkdə olan və az inkişaf etmiş üzv ölkələrə ticarətdən daha çox faydalanmağa və ticarət vasitəsilə iqtisadi inkişafı artırmağa, o cümlədən yoxsulluq səviyyəsini aşağı salmağa kömək edir. 
Ətraflı oxu


Funksiya 6
ÜTT beynəlxalq ictimaiyyətdən təcrid edilmiş formada fəaliyyət göstərmir. O, öz fəaliyyəti zamanı beynəlxalq təşkilatlarla və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edir. Qlobal iqtisadi sferada əlaqəli və bir-birini dəstəkləyən siyasətləri təmin etmək üçün, ÜTT Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə əməkdaşlıq edir. Keyfiyyət infrastrukturu, qida təhlükəsizliyi, sanitar və fitosanitar sahələrdə ÜTT bir neçə standart müəyyən edən təşkilatlarla əməkdaşlıq edir. Həmçinin, ticarət vasitəsilə Minilliyin İnkişaf Hədəflərinə çatmaq üçün, ÜTT-nin Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlığını qeyd etməkdə də fayda vardır. 
Ətraflı oxu