ÜTT Sazişlərinin idarə olunması

ÜTT-də əksəriyyəti 1986-1994-cü illərdə Uruqvay Raundu danışıqlarının nəticəsində ərsəyə gələn 60-a yaxın saziş və anlaşma, protokol və qərarlar mövcuddur. ÜTT Sazişləri bütün ÜTT üzvləri arasında bərabər səviyyədə məcburi və tətbiq edilə biləndir. 


Aşağıdakə cədvəldən göründüyü kimi, ÜTT-nin təsis edilməsi ilə bağlı bir əsas Saziş mövcuddur və bütün digər Sazişlər ona əlavə kimi qəbul edilib. Həmin ÜTT Sazişləri 3 əsas sahəni əhatə edir: mallarla ticarət, xidmətlərlə ticarət və ticarətlə əlaqəli əqli mülkiyyət hüququ. 

 

(Mənbə: www.wto.org)

 

Bu 3 sahə üçün əsas sazişlər Tariflər və Ticarət üzrə Baş Saziş (GATT), Xidmətlərlə Ticarət üzrə Baş Saziş (GATS), Əqli Mülkiyyət Hüquqlarının Ticarət Aspektləri üzrə Sazişdir (TRİPS). GATT 1994 və GATS üzvlərin öz cədvəllərinə daxil etdikləri xüsusi öhdəlikləri ilə müşayiət olunur. Mübahisələrin həlli mexanizmi bütün sahələr üçün ümumidir və Anlaşma ilə idarə edilir. Həmçinin, ÜTT-nin Çətir Sazişinə əlavə edilən Ticarət Siyasətinin İcmalı Mexanizmi üzrə Saziş də mövcuddur. 


Kənd Təsərrüfatı üzrə Saziş, Sanitar və Fitosanitar Tədbirlər (SPS), Gömrük Qiymətləndirməsi, Antidempinq və digər sazişlər də daxil olmaqla, əmtəələrlə ticarət üzrə 12-yə yaxın saziş mövcuddur.


Bu sazişlər çoxtərəfli və plüralitet (bəzi sazişlərə bütün üzvlərin qoşulması məcburidir, bəzilərinə isə üzvlər könüllü olaraq qoşula bilər) olaraq təsnifləşdirilir. Çoxtərəfli sazişlərə bütün üzvlər qoşulmalıdır. Əksər ÜTT sazişləri məcburi xarakter daşıyır. Bir neçə plüralitet saziş də var ki, onlar yalnız danışıqlara girən və ya könüllü olaraq onları qəbul edən ölkələrə aid edilir. Bu sazişlərə Mülki Aviasiya Ticarəti üzrə Saziş, Dövlət Satınalmaları üzrə Saziş və İnformasiya Texnologiyaları üzrə Saziş aiddir. Mülki Aviasiya Ticarəti üzrə Sazişə 32, Dövlət Satınalmaları üzrə Sazişə 19, İnformasiya Texnologiyaları üzrə Sazişə isə 82 üzv qoşulub. Əlavə olaraq, iki plüralitet saziş də mövcuddur, lakin onlar artıq qüvvədən düşmüşdür. 


ÜTT sazişləri onların icra ediləcəyi gözləntisi ilə qəbul edilir. ÜTT sazişlərinin tətbiqini yoxlamaq və həmin sazişlərin üzvlər tərəfindən tətbiqinə, onun müddəalarına əməl olunmasına nəzarət üçün xüsusi orqanlar – komitələr, şuralar və işçi qrupları mövcuddur. Həmin komitələr, şuralar və işçi qruplar bütün ÜTT üzvlərinə açıqdır. 

 

Məsələn, Sanitar və Fitosanitar Tədbirlər üzrə ÜTT Komitəsi (SPS Komitəsi) xüsusi Sanitar və Fitosanitar məsələlər barədə üzvlər arasında məsləhətləşmələr və ya danışıqları təmin edir, beynəlxalq standartların, göstərişlərin və tövsiyələrin tətbiq edilməsini təşviq edir və bu xüsusda Sazişin Üzvlər tərəfindən tam olaraq tətbiqinə nail olmaq üçün beynəlxalq standart təyinetmə qurumları ilə əməkdaşlıq edir.