Avropa İttifaqı tərəfindən maliyyələşdirilən ÜTT və ticarət siyasəti üzrə texniki dəstək layihəsinin icrasına başlanmışdır

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “ÜTT-yə üzvlük danışıqlarında və ticarət ilə əlaqəli digər tədbirlərdə Azərbaycan hökumətinin potensialının artırılması” Çərçivə Müqaviləsi layihəsinə 24 sentyabr 2020-ci il tarixində start verilib. Bir aylıq başlanğıc periodundan sonra noyabr ayının əvvəlindən etibarən layihə üzrə planlaşdırılan fəaliyyətlərin icrasına başlanmışdır. Layihənin 24 noyabr 2021-ci ilə qədər ümumilikdə 15 ay müddətinə davam edəcəyi gözlənilir.
Layihənin icrasına cavabdeh olan komanda beynəlxalq və yerli ticarət siyasəti həmçinin ÜTT-yə üzvlük üzrə iki uzun müddətli əsas ekspert, Marius Bordalba və Alidə Mahmudova və çoxsaylı qısa müddətli ekspertlərdən ibarətdir.
Layihənin məqsədi ticarət siyasətini gücləndirmək və Azərbaycan Hökumətinin ÜTT-yə üzvlük danışıqları və ticarət ilə əlaqəli digər tədbirlər üzrə səylərini dəstəkləməkdən ibarətdir. Azərbaycan Hökumətininin ticarət siyasəti islahatları üzrə səylərini və ÜTT-yə üzvlük danışıqlarını dəstəkləməklə layihə ticarətin artımı və beynəlxalq ticarət sisteminə inteqrasiya yolu ilə son nəticə olaraq iqtisadiyyatın diversifikasiyası və qeyri-neft sektorunun inkişafına nail olunmasına töhfə verməlidir.
Layihənin daha spesifik məqsədlərinə aşağıdakılar daxildir:
(i) ticarət ilə əlaqəli qanunvericiliyin təkmilləşdirilməsi;
(ii) ÜTT və digər ticarət ilə əlaqəli məsələlərdə İqtisadiyyat Nazirliyinin potensialının artırılması;
(iii) ÜTT-yə üzvlük danışıqlarında Azərbaycana dəstək verilməsi;
(iv) ticarət müdafiə tədbirləri üzrə bölmənin yaradılması və funksionallaşdırılmasına dəstək verilməsi;
(v) ÜTT və xarici ticarət ilə əlaqəli məsələlər üzrə ictimai məlumatlılığın artırılması.
Yuxarıdakı məqsədlərə nail olmaq üçün layihə aşağıdakı əsas fəaliyyətləri icra edəcəkdir:
(i) ticarət ilə əlaqəli yeni qanunvericliyin hazırlanması və mövcud qanunvericiliyin təkmilləşdirilməsi üzrə məsləhətlərin verilməsi;
(ii) İqtisadiyyat Nazirliyinə mütəmadi dəstək;
(iii) ÜTT-yə üzvlük danışıqlarına dəstək verilməsi;
(iv) ticarət müdafiə tədbirləri üzrə bölmənin funksionallaşdırılması üzrə məsləhət və bölmənin potensialının artırılması;
(v) ictimai məlumatlandırma tədbirlərinin həyata keçirilməsi və məlumatlandırma materiallarının hazırlanması.
Layihənin tərəfdaşı və əsas benefisiarı İqtisadiyyat Nazirliyidir. Layihə digər əlaqəli nazirliklər və dövlət qurumlarına, o cümlədən Kənd Təsərrüfatı Nazirliyi, Xarici İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Gömrük Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Əqli Mülkiyyət Agentliyinə də dəstək göstərir. Bununla yanaşı, layihə özəl sektor və akademik institutlar ilə də əməkdaşlıq edir.
Layihənin ekspertləri artıq ticarətlə əlaqəli bir çox sahələrdə, o cümlədən ticarət axınlarının təhlili, gömrük və ticarətin asanlaşdırılması, qida təhlükəsizliyi və telekommunikasiya xidmətləri üzrə dəstək tədbirlərinin icrasına başlamışlar.
Layihə Belçikanın “COWI” Konsorsiumunun üzvü olan Fransa şirkətləri, “DMI Associates” və “Expertise Advisors” şirkətləri tərəfindən icra edilir.