Aİ-Azərbaycan Biznes Forumunun iştirakçıları üçün qanunun aliliyi, ticarət və investisiya arasında əlaqələr haqqında seminar keçirilib
17 may 2022-ci il tarixində Bakıda Aİ-Azərbaycan Biznes Forumu keçirilmişdir. Ənənəvi olaraq hər il keçirilən bu tədbirdə, hökumət rəsmiləri, Aİ səfirləri, beynəlxalq təşkilatların nümayəndələri və Aİ ölkələrindən və Azərbaycandan panel müzakirələrində və B2B görüşlərdə iştirak edən biznes liderləri də daxil olmaqla 500-dən çox nümayəndə iştirak etmişdir. Tədbirdə əsas çıxışlar Azərbaycan Respublikasının İqtisadiyyat naziri cənab Mikayıl Cabbarov və Avropa İttifaqının Azərbaycan Respublikasındakı səfiri Cənab Peter Mixalko tərəfindən edilmişdir.
Forum çərçivəsində “Azərbaycanda Biznes Mühiti üzrə Aİ-nin Hesabatı”ın 6-cı illik versiyasının təqdimatı keçirilmişdir. Aİ tərəfindən maliyyələşdirilən Ticarət Siyasəti Layihəsinin qrup rəhbəri cənab Bordalba hesabatda təqdim olunan məlumatları və nəticələri şərh edərək bildirib ki:
“ÜTT-yə üzvlük prosesi zamanı ölkələr ÜTT müddəalarının öz daxili tənzimləmə çərçivələrinə adekvat şəkildə daxil edilməsini və bu müddəaların öz qurumları tərəfindən gündəlik fəaliyyətlərində səmərəli şəkildə tətbiq edilməsini təmin etməlidirlər. Bu səbəbdən ÜTT-yə üzvlük həmin ölkələrdə qanunun aliliyinin təsdiqi və möhkəmlənməsinə birbaşa töhfə verir. Bu, ÜTT-yə üzv olmaq istəyən ölkələrin ən əsas üstünlüklərdən biridir”.
Çoxsaylı nümunələr göstərir ki, qanunun aliliyinə tam təminat verməklə, ölkə dayanıqlı iqtisadi artıma malik olur və birbaşa xarici investisiyaları (FDİ) cəlb edir. Bu, ÜTT-də mütəmadi olaraq həyata keçirilən ticarət siyasətinin icmalının əsas mesajıdır.
Nümunə 1 – Myanmanın Ticarət Siyasətinin İcmalı zamanı Koreya Nümayəndəsinin bəyanatı:
"Myanmanın islahat səyləri davamlı inkişafın mühüm addımlarından biri olan qanunun aliliyini möhkəmləndirir. Həqiqətən də, Myanmaya FDİ axınının dörd dəfə artması qanunun aliliyi səviyyəsinin yüksəlməsinin və bazar iqtisadiyyatının simvoludur ki, bunların hər ikisi xarici investorlar üçün mühüm məsələlərdəndir. Biz hesab edirik ki, indi əvvəllərə nəzərən daha çox qanunun aliliyi və bazar iqtisadiyyatı prinsipləri qorunmaqda davam etməlidir. Bu, nəticədə, xarici investisiyaların Myanmaya axınını davam etdirəcək və onun inkişafına təkan verəcəkdir”.
Mənbə: Ticarət Siyasətinin İcmalı – İclasın Protokolunu bu keçiddən əldə edə bilərsiniz.
Nümunə 2 – Laos XDR-nin Ticarət Siyasətinin İcmalı zamanı Sinqapur Nümayəndəsinin bəyanatı:
Sinqapur "Laos XDR-nin investisiya rejimini təkmilləşdirmək səylərini, o cümlədən şəffaflığı artırmaq və qanunun aliliyini təmin etmək üçün konstitusiyaya düzəlişlər etməklə, investorların bazara inamını gücləndirən səylərini alqışlayır." Bu dəyişikliklər nəticəsində Sinqapurun Laos XDR-ə birbaşa xarici investisiyaları Laosun ÜTT-yə üzv olmasından sonra xeyli artmışdır.
Mənbə: Ticarət Siyasətinin İcmalı – İclasın Protokolunu bu keçiddən əldə edə bilərsiniz.
Bunun əksi olaraq, ticarət siyasətinin təhlili göstərir ki, qanunun aliliyinin həyata keçirilməsində geriləmələr olduqda, iqtisadi inkişaf və birbaşa xarici investisiyalar zərər görür.
Yuxarıdakıları nəzərə alaraq, cənab Bordalba qeyd etdi ki:
“Ticarət, investisiya və son nəticədə iqtisadi inkişaf paralel şəkildə hərəkət edir. Bu səbəbdən, bütün bu sahələrdə aktiv, qətiyyətli və əlaqələndirilmiş addımlardan ibarət və ən yüksək siyasi səviyyədə dəstəklənən iqtisadi gündəm ən yaxşı siyasət olmaqla bərabər, Azərbaycana davamlı, müsbət iqtisadi və inkişaf nəticələri verəcəkdir”.
Əlaqədar materiallar:
• “Qanunun aliliyi, ÜTT Prinsipləri, İqtisadi İnkişaf və Birbaşa Xarici İnvestisiyaların Cəlb edilməsi” vərəqəsi (ingilis dilində: bura keçid edir)
• “Azərbaycanda Biznes Mühiti üzrə Aİ-nin Hesabatı 2021” sənədini bu keçiddən əldə etmək mümkündür: https://www.eeas.europa.eu/sites/default/files/documents/BU_Report_Azerbaijan_FINAL_EN.pdf
• Aİ-Azərbaycan Biznes Forumu 2022-nin xülasəsi: https://www.facebook.com/euazbusinessforum/videos/381449467341335/