Çoxtərəfli ticarət sistemi, Azərbaycanın ikitərəfli ticarət əlaqələri və enerji xidmətləri ilə bağlı 2 tədbir təşkil edilmişdir

29 və 30 iyun 2022-ci il tarixlərində müxtəlif nazirliklərdən və hökumət orqanlarından 40-a yaxın əməkdaşın iştirak etdiyi iki tədbir keçirilmişdir.

 

2 saat davam edən və dəyirmi masa formatında təşkil edilən tədbirdə bir neçə ölkənin ÜTT-yə üzvlük danışıqlarının enerji ilə bağlı nəticələri təqdim edilmiş və bəzi ÜTT üzvlərinin Azərbaycana təqdim etdiyi sorğuların müzakirəsi aparılmışdır.

 

“Çoxtərəfli ticarət sistemi və ikitərəfli ticarət əlaqələri: mövcud vəziyyətin icmalı və gələcək perspektivlər” adlı tam gün davam edən növbəti tədbir isə Azərbaycanın ticarət siyasəti gündəliyinin kritik aspektlərinin müzakirəsinə həsr olunmuşdur. Tədbirin açılışını İqtisadiyyat Nazirliyinin Ticarət siyasəti və ÜTT şöbəsinin müdir müavini Gülçin Ələsgərova və Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin layihə meneceri Ülviyyə Abdullayeva etmişdir.

 

İlk təqdimat 2022-ci ilin iyununda keçirilmiş ÜTT-nin 12-ci Nazirlər Konfransının nəticələrinə və çoxtərəfli ticarət sisteminə təsir edən problemlərə yönəlmişdir. Birinci sessiyanın spikeri Dr.Appleton bildirmişdir:

"Yaşadığımız mürəkkəb geosiyasi vəziyyətdən və COVID-lə bağlı təsirlərdən irəli gələn çoxsaylı çağırışlara baxmayaraq, Nazirlər Konfransı zamanı açıq şəkildə bildirildiyi kimi, qaydalara əsaslanan çoxtərəfli ticarət sistemi qlobal səviyyədə əvəzolunmaz amildir. Çoxtərəfli ticarət sistemi öhdəliklərə əməl edən, investisiya cəlb edən və qlobal dəyər zəncirlərinə inteqrasiya edən ÜTT üzvlərində iqtisadi inkişafı artırmağa davam edəcək”.

 

ÜTT Katibliyindən Xusrav Rəsulovun çıxış etdiyi ikinci sessiyada ÜTT-yə üzvlük prosesi, üzvlüklə bağlı əldə edilmiş nailiyyətlər, o cümlədən ÜTT-yə üzvlüyün faydaları, davam edən üzvlük prosesində (Azərbaycan da daxil olmaqla) mövcud vəziyyət və təşkilatın çağırışları müzakirə edilmişdir. Bir ölkənin əsas ticarət tərəfdaşları ilə ikitərəfli ticarət sazişləri üzrə danışıqlar aparmasıyla müqayisədə ÜTT-yə üzvlük nəyə görə prioritet olmalıdır sualına cavab olaraq o, aşağıdakıları qeyd etmişdir:

“Üzv olan ölkə digər ÜTT üzvlərinin bazarlarına daha yaxşı şərtlərlə çıxış əldə etməklə yanaşı, aşağıdakılardan da faydalanır:

Birincisi, ÜTT üzvü olmaq ölkələrə yeni qlobal ticarət qaydaları işlənib hazırlandıqda danışıqlar masasına oturmağı təmin edir. Bu yaxınlarda başa çatmış ÜTT Nazirlər Konfransı da bunu nümayiş etdirdi. ÜTT-yə üzv olmaqla ölkə “qaydalara əməl edən” dövlətdən “qaydaları müəyyən edən” dövlətə çevrilir.

 

İkincisi, ÜTT-yə üzvlük prosesi adətən daxili islahat gündəmini idarə etmək üçün xarici amil kimi istifadə olunur. Ölkələr üzvolma prosesi zamanı öz iqtisadiyyatını və institusional çərçivələrini modernləşdirmək üçün daxili islahatlar həyata keçirirlər. Üzv olacaq ölkələr bu dəyişiklikləri ÜTT üzvlərinin köməyi ilə, onların gətirəcəkləri faydalara görə edirlər.

 

Üçüncüsü, ÜTT artıq bir brenddir. Belə ki, təşkilata üzvolma prosesi biznes sahəsində şəffaflığı artırır, təhlükəsizlik və proqnozlaşdırıla bilənlik gətirir. Bu da, birbaşa xarici investisiyaların cəlb edilməsini asanlaşdırır”.

Təqdimatların növbəti hissəsi ikitərəfli ticarət danışıqları və sazişlərə həsr olunub. Üçüncü təqdimatda Dr Devrim Yağmur Azərbaycan-Türkiyə Preferensial Ticarət Sazişini vurğulayaraq, Türkiyənin beynəlxalq ticarət sazişləri barədə məlumat vermişdir. O, sazişin məzmununu qısaca təsvir edərək, onun məhdud sayda məhsula şamil edildiyini və güzəştli idxalın məhdudlaşdırıldığını (tarif kvotası ilə) qeyd edib. Türkiyənin idxal məlumatlarına görə, sazişin əhatə etdiyi Azərbaycan idxalı çox məhduddur və üç tarif xətti (qara çay, təzə üzüm şərabı və təzə xurma) üzrə cəmləşib. Türkiyənin Azərbaycana ixracı tarif üstünlüklərindən faydalanır; lakin sazişin tətbiq olunduğu tarif xətlərinin əksəriyyəti üçün istifadə məhduddur. Dr Devrim Yağmur təqdimat zamanı Sazişin iqtisadi aktuallığını və faydalarını artırmaq üçün "gələcəkdə sənaye mallarını da sazişə daxil etməklə malların əhatə dairəsini genişləndirməyi" təklif etdi. Bununla bağlı bildirildi ki, Azərbaycan və Türkiyə hökumətləri tərəflərin digər öhdəliklərinə uyğun olaraq məhsulun əhatə dairəsini genişləndirməyi nəzərdən keçirir.

 

Azərbaycan və Aİ arasında ticarət bölməsi ilə yeni tərəfdaşlıq və əməkdaşlıq sazişi üzərində danışıqlar aparıldığını nəzərə alaraq, sonuncu təqdimat Aİ ilə Qazaxıstan arasında Genişləndirilmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ilə bağlı olub. Aİ-Qazaxıstan sazişinin danışıqçısı xanım Kassabekova bu qeyri-preferensial ticarət sazişinin ticarət bölməsinin əsas müddəalarını açıqladı. [Bu, qeyri-preferensial sazişdir, çünki onun tərəfləri mal və xidmətlərdə güzəştlər mübadiləsi aparmayıblar.] O, sazişin icrası prosesini, sanitariya və fitosanitar tədbirlər, xidmətlər, əqli mülkiyyət, dövlət satınalmaları və dövlət müəssisələri kimi sahələrdə hansı normativ və institusional dəyişikliklərin baş verdiyini izah etdi. Həmçinin qeyd edildi ki, Aİ-dən Qazaxıstana xeyli miqdarda birbaşa xarici investisiyanın cəlb edilməsi Sazişin müsbət iqtisadi nəticələri sırasındadır.

 

Tədbirdə həmçinin Aİ tərəfindən maliyyələşdirilən layihənin icrası zamanı hazırlanan ticarətlə bağlı ictimai məlumatlandırma materiallarının da təqdimatı keçirilmişdir.

Foto
Yaradılıb 10 Okt 2022
Dərc edilib 14 Mar 2025
Yenilənib 05 Noy 2022