Azərbaycanın bir sıra dövlət qurumlarının əməkdaşları ÜTT-nin Cenevrədə keçirilən XII Nazirlər Konfransında iştirak etmişlər

2022-ci ilin 12-16 iyun tarixlərində ÜTT-yə üzv olan 164 ölkənin nazirləri, həmçinin Azərbaycan, Özbəkistan və Türkmənistan kimi üzvolma prosesində olan bir sıra ölkələrin dövlət qurumlarının əməkdaşları çoxtərəfli ticarət sistemi üçün mühüm görüşlərdə iştirak ediblər. 5 günlük gərgin danışıqlardan sonra Nazirlər cari ticarət problemlərinin bir neçəsini aradan qaldırmaq üçün konkret tədbirlər görmüşlər.

 

• Yaxınlaşan ərzaq böhranı səbəbilə, Nazirlər ticarət və ərzaq təhlükəsizliyi haqqında bəyannamə və Ümumdünya Ərzaq Proqramı çərçivəsində edilən tədarüklərə ixrac məhdudiyyətlərini qadağan edən qərar qəbul ediblər.

• ÜTT-nin COVID-19 pandemiyasına qarşı mübarizəsinə dəstək olaraq, ticarət siyasəti tədbirləri haqqında bəyannamə və COVID-19 vaksinlərinə çıxışı asanlaşdırmaq üçün məcburi lisenziyalaşdırılmanın sadələşdirilməsi haqqında qərar qəbul edilmişdir.

• Nazirlər həmçinin, normadan artıq saxlanc və normadan artıq balıq ovuna, eləcə də qeyri-qanuni, bildirilməyən və tənzimlənməmiş balıq ovuna təkan verən balıqçılıq subsidiyalarının zərərli formalarını qadağan edən Saziş qəbul etmişər. Bu, ÜTT-də ticarəti davamlı inkişafla birbaşa əlaqələndirən və dünya okeanlarının davamlılığına mühüm təkan verən ilk çoxtərəfli sazişdir.

• Rəqəmsal ticarətin inkişafı üçün mühüm çoxtərəfli çərçivə sazişi olan elektron ötürmələrə tətbiq edilən gömrük rüsumlarına dair moratoriumun da müddəti uzadılıb.

 

Nazirlər həmçinin ÜTT-nin bəzi əsas funksiyalarının (danışıqlar, monitorinq və icra və mübahisələrin həlli) işini təkmilləşdirmək üçün danışıqlar aparmaq barədə razılığa gəliblər.

 

2021-ci ilin dekabrında xidmətlərin daxili tənzimlənməsi (SDR) üzrə çoxtərəfli saziş üzrə danışıqlar artıq başa çatmışdır. Nazirlər Konfransı zamanı Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri və üzvolma prosesində olan Şərqi Timor SDR çoxtərəfli təşəbbüsünə qoşulduqlarını bildirdilər. Nazirlər Konfransı zamanı digər çoxtərəfli danışıqlarla bağlı bəyanatlar verilib. Bəyanatlardan birində E-Ticarət danışıqlarında iştirak edən ölkələri dəstəkləmək üçün geniş spektrli texniki yardım və potensialın gücləndirilməsi səylərini bir araya gətirmək üçün Elektron Ticarət Bacarıqlarının Artırılması Çərçivəsinin yaradıldığı göstərilib. Öz növbəsində, Mikro, Kiçik və Orta sahibkarlıq (KOS) üzrə qeyri-rəsmi işçi qrupunun koordinatoru Qrupun nailiyyətlərini, o cümlədən məcburi olmayan tövsiyə və bəyannamələrin qəbulunu və Trade4MSMEs Platformasını təqdim etmişdir.  Və nəhayət, ticarət və ekoloji davamlılıq üzrə tədbirlər də müxtəlif istiqamətlərdə öz işini davam etdirir.

 

ÜTT-nin Baş direktoru Dr. Nqozi Okonjo-İveala yekun bəyanatında deyib:

“Əldə edilən razılaşmalar paketi bütün dünyada insanların həyatında dəyişiklik yaradacaq. Nəticələr, ÜTT-nin dövrümüzün fövqəladə hallarına cavab vermək iqtidarında olduğunu nümayiş etdirdi. Bu da dünyaya göstərdi ki, ÜTT üzvləri qlobal müştərək problemləri həll etmək və əməkdaşlığı gücləndirmək və canlandırmaq üçün geosiyasi çatışmazlıqlara rəğmən bir araya gələ bilərlər. Onlar bizə ümid etməyə əsas verir ki, strateji əməkdaşlıq artan strateji rəqabətlə paralel mövcud olacaqdır”.

 

Marius Bordalba, Aİ tərəfindən maliyyələşdirilən Ticarət Siyasəti Layihəsinin qrup rəhbəri:

“Nazirlər Konfransları oxşar baxışlara malik ÜTT üzvləri ilə müxtəlif təşəbbüsləri müzakirə etmək və ən yüksək səviyyədə ikitərəfli müzakirələr aparmaq üçün əla platformadır. Nümunə kimi göstərmək olar ki, ÜTT Nazirlər Konfransı zamanı keçirilən görüşlər nəticəsində Aİ və Hindistan genişmiqyaslı ikitərəfli azad ticarət sazişinin bağlanması üçün danışıqlara yenidən başlamaq barədə razılığa gəliblər. Başqa bir misal: İsveçrə, Kosta-Rika, Fici, İslandiya və Norveç İqlim Dəyişikliyi, Ticarət və Davamlılıq üzrə çoxtərəfli Saziş (ACCTS) üçün davam edən danışıqları yekunlaşdırmaq və bu danışıqları başa çatdırmaq üçün danışıqlar qruplarına təlimat vermək üçün Cenevrədə görüşdülər. Nazirlər Konfransının iştirakçılarına verdiyi unikal imkanları nəzərə alaraq, Qazaxıstan, Özbəkistan, Ukrayna, Gürcüstan və Qırğızıstandan nazirlər və nazir müavinləri də iştirakçılar arasında idilər”.

 

Aİ tərəfindən maliyyələşdirilən “ÜTT-yə üzvlük danışıqlarında və ticarətlə bağlı digər fəaliyyətlərdə Azərbaycan Hökumətinin potensialının gücləndirilməsi” layihəsi Azərbaycan hökumətinin 3 rəsmisinin ÜTT Nazirlər Konfransında iştirakını maliyyələşdirib.

 

ÜTT-nin XII Nazirlər Konfransının nəticələri haqqında ətraflı məlumatı aşağıdakı keçiddən əldə etmək mümkündür:

https://www.wto.org/english/thewto_e/minist_e/mc12_e/mc12_e.htm

Foto
Yaradılıb 31 Avq 2022
Dərc edilib 15 Mar 2025
Yenilənib 31 Avq 2022