Səlahiyyətli İqtisadi Operator proqramı ilə bağlı tədbirlər yekunlaşdırılıb
11 və 13 may 2022-ci il tarixlərində Aİ tərəfindən maliyyələşdirilən “ÜTT-yə üzvlük danışıqlarında və ticarətlə bağlı digər fəaliyyətlərdə Azərbaycan Hökumətinin potensialının gücləndirilməsi” layihəsinin gömrük eksperti Azərbaycanda Səlahiyyətli İqtisadi Operator (AEO) proqramına tətbiq edilən mövcud normativ bazanın nəzərdən keçirilməsində Dövlət Gömrük Komitəsinə texniki dəstəklə bağlı dəyirmi masa təşkil etmişdir. Dəyirmi masa zamanı aparılan məlumat mübadiləsi və səmərəli müzakirələr nəticəsində iştirakçılar gələcəkdə daxildə baxılması üçün AEO proqramını tənzimləmək məqsədilə müddəaların tam versiyasını işləyib hazırlamışlar.
Bundan əlavə, dəyirmi masa Avropa İttifaqı, Malayziya və s. dövlətlər tərəfindən hazırlanmış və həyata keçirilən AEO proqramlarının çoxsaylı aspektlərinin müzakirəsinin dərinləşdirilməsi baxımından da səmərəli olmuşdur. Bu cür proqramların müxtəlif növ biznes operatorları üçün faydalarına və “Yaşıl Dəhlizlər” və AEO proqramları arasındakı fərqlərə xüsusi diqqət yetirilmişdir. Müzakirələr həmçinin biznes operatorlarının Yaşıl Dəhlizdən AEO proqramına keçməyə marağını artırmaq üçün görülə biləcək tədbirlərə də yönəldilib.
Ümumdünya Gömrük Təşkilatının Bakıdakı Potensialın Gücləndirilməsi üzrə Regional Ofisində baş tutan dəyirmi masada 10-dan çox gömrük işçisi iştirak edib.
2021-ci ilin iyul ayında gömrük eksperti tərəfindən AEO proqramı üzrə 3 günlük onlayn təlimin keçirildiyi və gömrük sahəsində digər ekspert tərəfindən isə gömrükdə məcburi qərarların alınması ilə bağlı normativ bazanın və inzibati təcrübələrin nəzərdən keçirilməsi sahəsində Dövlət Gömrük Komitəsinə köməklik göstərildiyi də vurğulanmışdır.