Özbəkistan 2026-cı ilə qədər ÜTT-yə üzv olmaq istiqamətində fəal addımlar atır

Özbəkistan 2026-cı ilə qədər ÜTT-yə üzv olmaq istiqamətində fəal addımlar atır

ÜTT-nin baş direktorunun müavini Çjanqın rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyəti oktyabr ayında Daşkəndə səfər edib. 5 günlük səfər zamanı Cənab Zhang Özbəkistanın ÜTT-yə üzvlük prosesində növbəti addımları, həmçinin mövcud vəziyyəti  müzakirə etmək məqsədilə Özbəkistanın baş nazirinin müavini, investisiyalar və xarici ticarət naziri Sardor Umurzakov və investisiya və xarici ticarət nazirinin müavini, ÜTT-yə üzvlük məsələləri üzrə baş danışıqçı Badriddin Abidov ilə görüşmüşdür.

 

ÜTT-nin xəbərində deyilir:

"Cənab Umurzakov Özbəkistan Hökumətinin prezident Şövkət Mirziyoyev tərəfindən müəyyən edilmiş geniş islahatlar gündəliyinin prioritet və ayrılmaz hissəsi olan ÜTT-yə üzvlüklə bağlı qətiyyətli mövqeyini bir daha vurğulamışdır. ÜTT-yə üzvlük danışıqlarını sürətləndirmək məqsədilə bu məsələ Hökumətin qarşıdan gələn 2022-2026-cı illər strategiyasına xüsusi olaraq daxil ediləcəkdir. Özbəkistan rəhbərliyi “yeni Özbəkistan”ı qlobal iqtisadiyyata daha sürətlə inteqrasiya etmək və COVID-19 pandemiyası ilə daha da kəskinləşən nəqliyyat və kommunikasiya problemlərini həll etmək məqsədilə ticarət və investisiyalar üçün ən əlverişli şəraiti yaratmaq əzmində olduqlarını vurğulamışdır. Cənab Umurzakov həmçinin qeyd etmişdir ki, Özbəkistan çoxtərəfli ticarət sisteminə inanır və ÜTT-nin 12-ci Nazirlər Konfransının (MC12) uğurlu keçirilməsini səbirsizliklə gözləyir”.

 

ÜTT Nümayəndə heyəti bir sıra hökumət qurumları ilə görüşmüş, biznes ictimaiyyətinin və akademik dairələrin iştirakı ilə tədbirlər təşkil etmişdir.

 

Özbəkistan ÜTT-yə üzvlük danışıqlarını nə vaxt bərpa etdi? 2019-cu ildə xarici ticarət rejiminə dair yeni memorandumun təqdim edilməsi ilə Özbəkistan üzvlük danışıqlarını bərpa etmişdir. O vaxtdan indiyə qədər Özbəkistan ticarət rejimi, həmçinin rəqabət qanunvericiliyi kimi digər əlaqədar sahələr haqqında böyük həcmdə məlumatlar təqdim etmiş, 2020-ci ildə İşçi Qrupun iclasını keçirmişdir.

 

Növbəti addımlar? Özbəkistan ÜTT Nazirlər Konfransında yüksək səviyyəli nümayəndə heyəti ilə iştirak edəcəkdir. Dekabrın ortalarında Özbəkistanın Üzvlüyü ilə bağlı İşçi Qrupun 2020-ci ildə keçirilən sonuncu iclasdan sonra təqdim edilmiş məlumatları nəzərdən keçirmək məqsədilə növbəti iclası keçiriləcəkdir. Həmçinin bazara girişlə bağlı ikitərəfli görüşlər təşkil ediləcəkdir.

 

Özbəkistanın üzvlüklə bağlı iddiasını kimlər dəstəkləyir? Aİ və ABŞ Özbəkistan hökumətinə ticarət islahatları gündəliyini, o cümlədən ÜTT-yə üzv olmaq təklifini həyata keçirməkdə dəstək məqsədilə bir neçə milyonluq texniki yardım layihələri ayırıblar. Bu layihələr haqqında aşağıdakı keçidlərdə ətraflı məlumat əldə edə bilərsiniz:

 

 

Mənbə: https://www.wto.org/english/news_e/news21_e/acc_30oct21_e.htm

 

Əlaqədar məsələ: Türkmənistan 2020-ci ilin ortalarında ÜTT-də Müşahidəçi status almışdır. Bununla əlaqədar ölkənin ÜTT-yə üzv olması ilə bağlı məsələləri nəzərdən keçirəcək Hökumət Komissiyası yaradılıb. Həmçinin Türkmənistan öz xarici ticarət rejiminə dair memorandumun hazırlanması məqsədilə Asiya İnkişaf Bankının CAREC proqramına müraciət etmişdir. Türkmənistanın bu ilin sonunda ÜTT-yə üzv olmaq üçün müraciət edə biləcəyinə dair ehtimallar var.

Yaradılıb 12 Noy 2021
Dərc edilib 14 Mar 2025
Yenilənib 14 Mar 2025