ÜTT üzvləri xidmətlərin daxili tənzimlənməsi ilə bağlı danışıqları yekunlaşdırıb

Dünya üzrə xidmətlərlə ticarətin 90 faizindən çoxunu təmsil edən 67 ÜTT Üzvündən ibarət qrup bürokratiyanın qarşısını almaq və şəffaflığı artırmaqla bağlı xidmətlərin daxili tənzimlənməsi sahəsində danışıqları yekunlaşdırmışdır. Yeni razılaşdırılmış qaydalar xüsusilə maliyyə, biznes, rabitə və nəqliyyat xidmətlərinə fayda verəcəkdir. “ÜTT-də xidmətlər üzrə daxili tənzimləmə: bürokratiyanın aradan qaldırılması, ticarət xərclərinin azaldılması və xidmətlərlə ticarətin asanlaşdırılması” ilə bağlı araşdırmaya əsasən bu qaydalar tətbiq edildikdən sonra xidmətlərlə ticarətdə illik xərclərə qənaət qlobal miqyasda 150 milyard ABŞ dolları təşkil edə bilər.

Danışıqları aparan və yeni qaydaları tətbiq edəcək 67 ÜTT Üzvünün siyahısını bu keçid vasitəsilə əldə edə bilərsiniz. Siyahıya Qazaxıstan, Moldova, Rusiya, Ukrayna və başqaları daxildir.

 

Yeni qaydaların izahı:

Aşağıda sadalanan qaydalar xidmətlərlə ticarətə təsir göstərən lisenziya tələbləri və prosedurları, ixtisas tələbləri və prosedurları və texniki standartlarla bağlı tədbirlərə şamil edilir.

Qaydaların əsas hədəfi xidmətin təchiz edilməsi üçün rəsmiləşdirmə prosesi ilə yaxından əlaqəli olan tədbirlərdir. Həmin qaydalar əsasən bazara giriş və milli rejimlə bağlı mövcud öhdəliklərin qeyri-şəffaf və mürəkkəb rəsmiləşdirmə prosedurları ilə məhdudlaşdırılmamasını təmin etməyə çalışırlar. Burada əsas məqsəd xidmətlərlə ticarətin asanlaşdırılmasıdır.

Qaydalar iştirakçılara, məsələn, müəyyən öhdəlikləri “mümkün qədər” yerinə yetirməyə imkan verməklə və ya sadəcə olaraq onları müəyyən hərəkətlərə “sövq etməklə” ÜTT üzvlərinin tənzimləmə imkanları və yanaşmalarında fərqlərə yer saxlamaq üçün daxili çeviklikləri təmin edir.

 

Qaydalar Üzvlərin GATS üzrə xüsusi öhdəliklər götürdüyü cədvəllərdə olan sektorlara şamil edilir. Üzvlərin qaydaların tətbiqini könüllü olaraq əlavə sektorlara genişləndirməsi ehtimalı proqnozlaşdırılır.

 

Qaydaların tətbiqinə qoşulan inkişaf etməkdə olan ölkələr, tətbiqlə bağlı çətinliklərlə üzləşdikləri sektorlarda xüsusi müddəaların tətbiqini 7 ilə qədər gecikdirə bilərlər. Keçid dövrlərindən istifadə, onlara öz daxili tənzimləyici çərçivələrinə lazımi düzəlişlər etməyə imkan verəcəkdir.

 

Qaydalara aşağıdakılar daxildir:

• Şəffaflıq haqqında:

  • Rəsmiləşdirmə tələblərinə və prosedurlarına riayət etmək üçün tələb olunan məlumatları elektron vasitələr də daxil olmaqla dərc etmək və əlçatan etmək;
  • Xidmət təchizatçılarından gələn sorğulara cavab vermək üçün müvafiq mexanizmlərin yaradılması;
  • Təklif olunan qanun və qaydaları dərc etməklə, maraqlı şəxslərdən şərhlər almaq imkanı yaratmaq və alınan şərhləri nəzərə almaqla maraqlı tərəfləri prosesə cəlb etmək.

 

• Hüquqi müəyyənlik və proqnozlaşdırılma haqqında:

  • Müraciətlərə baxılması üçün dəqiq vaxt çərçivələrini müəyyən etmək;
  • Müraciətləri vaxtında emal etmək;
  • Müraciətlərin vəziyyəti haqqında məlumat vermək;
  • Ərizəçilərə natamam ərizələrdəki kiçik çatışmazlıqları düzəltməyə imkan vermək və tələb olunan əlavə məlumatları müəyyən etmək;
  • Ərizələrin rədd edilməsinin səbəbləri barədə ərizəçilərə məlumat vermək və yenidən təqdim edilməsinə icazə vermək;
  • Bir dəfə verilmiş icazənin lazımsız gecikmə olmadan qüvvəyə minməsinə icazə vermək;
  • Qanunların və qaydaların dərci ilə xidmət təchizatçıları tərəfindən tələb olunan uyğunluq tarixi arasında ağlabatan vaxta icazə vermək;
  • Yoxlamaları ağlabatan vaxt intervallarında keçirmək.

 

Tənzimləmə keyfiyyəti və asanlaşdırma haqqında:

  • İcazə almaq üçün ərizəçilərdən yalnız bir səlahiyyətli orqana müraciət etmələrini tələb etmək;
  • İl ərzində istənilən vaxt ərizələrin təqdim edilməsinə və ya ən azı təqdim edilməsi üçün ağlabatan müddətlərə icazə vermək;
  • Elektron müraciətləri və sənədlərin təsdiq edilmiş surətlərini qəbul etmək;
  • İcazə haqlarının məqbul, şəffaf olmasını və özlüyündə xidmətin göstərilməsini məhdudlaşdırmamasını təmin etmək;
  • Peşəkar ixtisasların tanınması ilə bağlı məsələlər üzrə dialoq qurmaq istəyən müvafiq qurumlara dəstək;
  • Səlahiyyətli orqanların öz qərarlarını xidmət təchizatçılarından müstəqil şəkildə qəbul etmələrini təmin etmək;
  • Müvafiq məlumatları vahid onlayn xüsusi portalda birləşdirmək;
  • Açıq və şəffaf proseslər vasitəsilə texniki standartların hazırlanması;
  • Obyektiv və şəffaf meyarlar əsasında icazə ilə bağlı əsas tədbirlərin hazırlanması;
  • Prosedurların qərəzsiz, adekvat olmasını və icazə tələblərinin yerinə yetirilməsinə əsassız maneə törətməməsini təmin etmək;
  • İcazə tədbirlərinin kişilər və qadınlar arasında ayrı-seçkilik yaratmadığına əminlik.*

 

(*) İlkin olaraq ÜTT-nin danışıqlar mətnində kişilər və qadınlar arasında ayrı-seçkiliyə yol verilməməsi haqqında müddəa var. Burada məqsəd qadınların iqtisadi güclənməsini dəstəkləmək və onların xidmətlərlə ticarətdə iştirakını artırmaqdır.

 

ÜTT üzvləri və özəl sektor yeni qaydalardan necə faydalanacaq?

Yuxarıda göstərilən araşdırmaya görə, razılaşdırılmış qaydaların həyata keçirilməsi aşağıdakı faydaları təmin edəcəkdir:

• Təkmilləşdirilmiş biznes mühiti: Qaydalar yuxarıda sadalanan daha yaxşı tənzimləmə təcrübələrini özündə ehtiva edir. Tənzimləmə sistemlərinin şəffaflığını, səmərəliliyini və proqnozlaşdırıla bilənliyini artırmaqla, xidmətlərin daxili tənzimlənməsi üzrə qaydalar bizneslərin və təchizatçıların fəaliyyət qabiliyyətinə təsir edən praktiki problemləri həll edəcək.

• Xidmətlərlə ticarətin asanlaşdırılması: Artan sayda “yeni nəsil” ticarət müqavilələri daha yaxşı tənzimləmə təcrübəsini müəyyən etmək və yaymaq səylərinə əsaslanaraq ÜTT-də işlənib hazırlanmış qaydalara ümumilikdə ekvivalent olan hərtərəfli qaydaları daxil etmək üçün kəmiyyət məhdudiyyətlərinin və ayrı-seçkilik tədbirlərinin aradan qaldırılması məsələlərindən də geniş əhatəyə sirayət etmişdir. Eyni zamanda, bütün gəlir səviyyələrində olan iqtisadiyyatlar da öz tənzimləyici mühitlərini xidmət müəssisələri üçün ticarəti daha da asan vəziyyətə gətirmək məqsədi ilə islahatlar həyata keçirmişlər.

• Ticarət xərclərinin azalması və əldə edilən daha böyük ticarət faydaları: Xidmətlərin daxili tənzimlənməsi ilə bağlı qaydaların tam tətbiqi ilə ölkələr ticarət xərclərini azalda və əhəmiyyətli ticarət faydaları əldə edə bilərlər. Yuxarıda qeyd edildiyi kimi, illik ticarət xərclərinə qənaət 150 milyard ABŞ dolları diapazonunda ola bilər. Bundan əlavə, xidmətlərdə daxili tənzimləmə tədbirlərinin həyata keçirilməsi ilə xidmətlər ticarətinin dörd növdə həyata keçirilməsi arasında müsbət korrelyasiya, eləcə də ölkələrin qlobal dəyər zəncirlərində fəal iştirakı daha geniş iqtisadi faydalara işarə edir.

 

Yeni qaydaların tətbiqi yeni qaydalar üzrə danışıqları yekunlaşdıran ÜTT-nin 67 Üzvündən kənarda da geniş miqyaslı qazancla nəticələnəcəkdir. ÜTT-nin bütün üzvlərindən olan ixracatçılar yeni qaydaları tətbiq edən Üzvlərlə ticarət edərkən təkmilləşdirilmiş tənzimləmə şərtlərindən faydalanacaqlar. Bununla belə, qaydaları öz daxili tənzimləmə çərçivələrində tətbiq edən ÜTT üzvləri əhəmiyyətli dərəcədə daha böyük faydalar əldə edəcəkdir.

 

Azərbaycan şirkətləri bu yeni qaydalardan faydalanacaqlarmı?

Üzvlər yeni qaydaları ən əlverişli rejim əsasında tətbiq edəcək. Beləliklə, bütün ÜTT Üzvlərinin şirkətləri bürokratiyanın azaldılmasından və şəffaflığın artmasından faydalanacaqlar. Üzvlər həmçinin ÜTT-yə üzv olmayan ölkələrin şirkətlərinə verilən üstünlükləri genişləndirməyi seçə bilərlər.

 

Yeni qaydalar haqqında daha çox haradan məlumat əldə edilə bilər?

Yeni qaydalar ÜTT-nin saytında mövcuddur (buraya klikləyin). Onlar Azərbaycan dilinə tərcümə olunacaq və http://wto.az/senedler-melumat-ve-menbeler/ saytında yerləşdiriləcək.

 

ÜTT-nin Xidmətlərin Daxili Tənzimlənməsi üzrə Birgə Təşəbbüsü haqqında ətraflı məlumat üçün bura klikləyin.

Yaradılıb 18 Fev 2022
Dərc edilib 15 Mar 2025
Yenilənib 15 Mar 2025