2022-ci ilin iyul ayında ÜTT ilə bağlı fəaliyyətlər

XII Nazirlər Konfransından sonra ÜTT ilə bağlı ən vacib fəaliyyətlərin xülasəsi aşağıda qeyd olunmuşdur:

 

2021-ci il oktyabrın ortalarından 2022-ci il may ayının ortalarına qədər olan dövrü əhatə edən ticarətlə bağlı hesabat

ÜTT tərəfindən beynəlxalq ticarətin inkişafını qiymətləndirən yarımillik hesabat dərc edilmişdir. Hesabatda nəzərdən keçirilən dövr ərzində ticarəti məhdudlaşdıran tədbirlərdən daha çox ticarəti asanlaşdıran tədbirlərin qəbul edildiyi qeyd olunmuşdur. Bu müddət ərzində COVID-19 ilə əlaqəli bir çox məhdudiyyətlər aradan qaldırılmışdır. Bununla belə, Ukraynada müharibə başlayandan sonra bir çox yeni ticarəti məhdudlaşdıran tədbirlər qəbul edilmişdir. Həmçinin, hesabatda qeyd edilir ki, dövrün sonunda “qlobal idxalın 8,9%-i [1,9 trilyon ABŞ dolları ekvivalenti] idxal məhdudiyyətlərinin təsirinə məruz qalmışdır”.

 

ÜTT Üzvlərə mübahisələrin həllində kömək etməyə davam edir

Bir çox neqativ iddiaların əksinə olaraq, ÜTT-nin Mübahisələrin Həlli Mexanizmi üzvlər arasında ticarətlə bağlı mübahisələrin həllinə töhfə verməkdə davam edir. İyul ayında ABŞ və Koreya ÜTT-yə iri məişət yuyucularının idxalına mühafizə tədbirlərinin tətbiqi ilə bağlı mübahisənin qarşılıqlı razılaşma yolu ilə həlli üçün müzakirələri davam etdirdikləri barədə məlumat vermişdir. 2022-ci ilin fevralında panel ABŞ-nin tətbiq etdiyi tədbirin ÜTT-nin Mühafizə Tədbirləri Sazişinin müəyyən müddəalarına uyğun olmadığını müəyyən etmişdir.

 

ABŞ-Kanada mübahisəsində ABŞ-nin kompensasiya tədbirləri ilə bağlı arbitrajın qərarı dərc olunmuşdur. Arbitraj ABŞ-nin kompensasiya tədbirini ÜTT öhdəliklərinə uyğunlaşdırmaması səbəbindən Kanadanın güzəştlərin dayandırılması səviyyəsini müəyyən edə biləcəyi formula müəyyən etdi.

 

Nəhayət, 25 iyul 2022-ci ildə arbitrajlar Aİ və Türkiyənin əczaçılıq sahəsində mübahisəsi üzrə panel nəticələrinin apellyasiya şikayətinin nəticəsini açıqladılar. Arbitrajlar Türkiyənin GATT 1994-ün III Maddəsini pozduğunu və etiraz edilən tədbirin GATT 1994-ün XX Maddəsi ilə əsaslandırılmadığını müəyyən etmişdirlər.

 

ÜTT rəsmiləri üzvlük danışıqları üçün Aşqabad və Diliyə səfər edib

ÜTT-nin rəsmiləri Türkmənistan və Şərqi Timorun ÜTT-yə üzvlük danışıqlarının inkişafını müzakirə etmək üçün adıçəkilən ölkələrin paytaxtlarında səfərdə olublar. ÜTT Baş direktorunun müavini Zhang Türkmənistanda Nazirlər Kabineti sədrinin maliyyə və iqtisadiyyat üzrə müavini cənab Muhammetqulu Muhammedov, Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri cənab Rəşid Meredov və digər rəsmilərlə görüşmüşdür. Türkmənistan Xarici Ticarət Rejimi haqqında Memorandumun hazırlanmasına başlamışdır.

 

 

Üzvlər danışıqlar masasına qayıdırlar

Rəqəmsal ticarət və investisiyaların asanlaşdırılması və müxtəlif ekoloji təşəbbüslər üzrə mümkün gələcək sazişləri müzakirə edən ÜTT üzvləri 2022-ci ilin ikinci yarısı üçün iş planları və məqsədləri müzakirə etmək məqsədilə iyul ayında bir araya gəliblər.

 

Moldovanın Ticarət Siyasətinin İcmalı

Moldovanın ticarət siyasəti rejiminin icmalı başa çatmışdır. ÜTT Katibliyi tərəfindən hazırlanmış son 5 il ərzində baş verən hadisələri təfərrüatlı şəkildə əhatə edən hesabatı aşağıdakı linkdən əldə edə bilərsiniz: https://www.wto.org/english/tratop_e/tpr_e/s428_e.pdf

Yaradılıb 10 Okt 2022
Dərc edilib 14 Mar 2025
Yenilənib 17 Yan 2023