Xarici ticarətin daha da liberallaşdırılması ssenarilərinin müzakirəsi məqsədilə mebel və kağız sənayesi nümayəndələri ilə dəyirmi masalar keçirilib
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük danışıqları və ticarətlə əlaqəli digər tədbirlərlə bağlı Azərbaycan hökumətinin potensialının gücləndirilməsi" layihəsinin ekspertlər qrupu tərəfindən hazırlanmış “Mövcud tariflərin qorunmasının təhlili və tariflərin mümkün liberallaşdırılmasının mebel və kağız sənayesinə təsiri” araşdırmasında əldə edilən nəticələrin və tövsiyələrin müzakirəsi məqsədilə 2022-ci il 18 mart tarixində iki virtual dəyirmi masa keçirilmişdir. Virtual görüşə 20-yə yaxın özəl sektor nümayəndəsi qoşulub.
Hər iki dəyirmi masanın məqsədi ÜTT-yə üzvlüklə bağlı mövcud vəziyyət, ÜTT-yə üzv dövlətlərin təklif və sualları, Azərbaycan Respublikasının mebel/kağız sənayesi sahəsində mövcud tarif siyasəti və Azərbaycanda xarici ticarətin daha da liberallaşdırılması üçün mümkün ssenarilərin təqdim edilməsi olub.
Yerli mebel və kağız sənayesinin nümayəndələri hər iki sənayenin çətinlikləri və inkişaf imkanları barədə fikirlərini bölüşüb, təkliflərini İqtisadiyyat Nazirliyinin nümayəndələrinə və Avropa İttifaqı layihəsinin ekspertlərinə çatdırıblar. Xüsusilə qablaşdırma sənayesində fəaliyyət göstərən birliyin rəhbəri layihəyə öz təşəkkürünü bildirərək, İqtisadiyyat Nazirliyi üçün müəyyən liberallaşdırma təkliflərini hazırladığını bildirib. Layihədəki araşdırmada nəzərdə tutulan liberallaşdırma ssenariləri ilə əlaqədar layihənin bu təklifləri nəzərdən keçirməsi razılaşdırılıb.