Azərbaycan hökumətinin rəsmiləri ÜTT, Türkiyə və Qazaxıstana 3 təlim səfərini başa çatdırıb
İqtisadiyyat Nazirliyi, Xarici İşlər Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Dövlət Gömrük Komitəsi, Əqli Mülkiyyət Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Araşdırmalar Mərkəzinin 15 əməkdaşı ticarətlə bağlı üç təlim səfərində iştirak edib. Bu təlim səfərləri Aİ tərəfindən maliyyələşdirilən "ÜTT-yə üzvlük danışıqlarında və ticarətlə bağlı digər fəaliyyətlərdə Azərbaycan Hökumətinin potensialının gücləndirilməsi" layihəsinin dəstəyi və təşkilatçılığı ilə həyata keçirilmişdir.
ÜTT Katibliyinə təlim səfəri cari ilin 27-29 aprel tarixlərində baş tutmuşdur. Azərbaycan rəsmiləri Katiblikdə ÜTT rəsmiləri ilə bir sıra görüşlərdə iştirak ediblər. Görüşlərdə subsidiyalar, ticarətdə texniki maneələr, sanitariya və fitosanitariya, əqli mülkiyyət, xidmətlər və ticarətin asanlaşdırılması da daxil olmaqla bir çox sahələr üzrə müzakirələr aparılıb. Bundan əlavə, rəsmilər TBT Komitəsinin qeyri-rəsmi iclasında, Şərqi Timorun qoşulması ilə bağlı İşçi Qrupun iclasında və Qazaxıstan, Rusiya və ABŞ-ın keçmiş üzvlük prosesində iştirak edən danışıqçılarla təcrübə mübadiləsi üzrə dəyirmi masada iştirak ediblər. Nəhayət, rəsmilər ÜTT-nin üzvlük şöbəsinin direktoru və onun komandası ilə görüşüblər. Bu sessiya Azərbaycanın üzvlük danışıqları ilə bağlı cari məsələlərin müzakirəsinə həsr olunmuşdur. Səfər çərçivəsində Azərbaycan Nümayəndə heyətinin iki üzvü Berndə İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi, Federal Qida Təhlükəsizliyi və Baytarlıq İdarəsi və Kənd Təsərrüfatı üzrə Federal İdarəsinin rəsmiləri ilə görüşmüşlər. Müzakirə olunan məsələlər TBT və SPS sorğu mərkəzlərinin fəaliyyəti və Azərbaycan ərzaq məhsullarının İsveçrə bazarına çıxışı olub. Bu səfər hər iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın inkişafına töhfə vermişdir.
Türkiyəyə təlim səfəri cari ilin 9-13 may tarixlərində baş tutmuşdur. Bu səfər ticarətin müdafiəsi məsələlərinə (antidempinq, kompensasiya və müdafiə tədbirləri) yönəldilib. Səfərin məqsədi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Türkiyədə ticarətdə müdafiə vasitələrinin tətbiqi ilə bağlı məlumat əldə etmək olub. Türkiyə təcrübəsi Dövlət Antiinhisar Xidmətinin tərkibində ticarət müdafiəsi bölməsinin fəaliyyətə başlamasını prosesini başa çatdırmaq üçün faydalı olacaqdır. Səfər çərçivəsində Türkiyənin Ticarət Nazirliyi, o cümlədən müvafiq araşdırma orqanı, rəqabət qurumu, digər kvazi-hökumət orqanları və ticarət müdafiə vasitələrindən tez-tez istifadə edən biznesə dəstək təşkilatları və şirkətlərlə görüşlər keçirilib. Özəl sektor nümayəndələri ilə keçirilən görüşlərdə şirkətlərin və onların təmsilçi təşkilatlarının ticarətdə müdafiə tədbirlərinin həyata keçirilməsində liderlik etmələrinin və adekvat məlumat təqdim etməklə araşdırma aparan orqanla əməkdaşlıq etmələrinin zəruriliyi vurğulanıb.
Qazaxıstana təlim səfəri cari ilin 16-18 may tarixlərində baş tutmuşdur. Qazaxıstan bir sıra nazirlikləri və digər orqanları ilə keçirilən görüşlərdə əsas məqsəd Qazaxıstanın ÜTT öhdəliklərini yerinə yetirməsi prosesi, o cümlədən normativ bazaya dəyişikliklər və müvafiq institusional islahatlarla bağlı məlumat əldə etmək idi. Səfər iştirakçıları Qazaxıstan hökuməti tərəfindən yerli sənayenin maraqlarını qorumaq üçün hansı tədbirlərin görülməsi və ÜTT-yə üzvlüyün iqtisadi təsirləri ilə bağlı məlumat əldə etməkdə xüsusi maraqlı olublar.