Azərbaycan Respublikasının nümayəndə heyətinin İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə səfəri baş tutmuşdur

Azərbaycan Respublikasının nümayəndə heyətinin İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə səfəri baş tutmuşdur

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Katibliyində Azərbaycanın üzvlüyü ilə bağlı yaradılmış İşçi Qrupun 15-ci iclasında iştirak etmək üçün İsveçrəyə səfər edib. 06.07.2023-cü il tarixində keçirilmiş iclasa İşçi Qrupun rəhbəri, Türkiyənin ÜTT yanında Daimi Nümayəndəsi Alparslan Acarsoy sədrlik etmişdir.

Səfər çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Ümumdünya Ticarət Təşkilatının baş direktoru xanım Ngozi Okonyo-İveala ilə görüşüb.

İqtisadiyyat naziri Azərbaycanın sosial-iqtisadi inkişaf məqsədləri barədə məlumat verərək, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsinə önəm verildiyini, ölkəmizlə ÜTT ölkələri arasında əməkdaşlığın inkişafını, o cümlədən ÜTT-yə üzvlüklə bağlı görülən işlərin əhəmiyyətini qeyd edib. Azərbaycanda iqtisadi sferada həyata keçirilən islahatlar, əldə olunan nəticələr, əlverişli işgüzar mühit və investorlar üçün yaradılan imkanlar barədə məlumat verilib.  

Görüşdə ÜTT ilə əlaqələrin gücləndirilməsi imkanları, ölkəmizin təşkilat üzvləri ilə əməkdaşlığının prioritet istiqamətləri, ÜTT-yə üzvlüklə bağlı atılan addımlar, habelə, Azərbaycan iqtisadiyyatının dünyada mövqeyi və ticarətin liberallaşdırılması üçün görülən işlər barədə müzakirələr aparılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı İşçi Qrupun sədri Alparslan Acarsoy ilə görüşündə ölkəmizin iqtisadi-ticarət əlaqələri, ticarətin inkişafı, iqtisadi artımın sürətləndirilməsi, rifahın yüksəldilməsi məqsədilə həyata keçirilən tədbirlər barədə məlumat verilib.

Əlavə olaraq, cari ilin 3-7 iyul tarixlərində Azərbaycanın aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə ÜTT-yə üzvlük prosesi çərçivəsində Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı, Rusiya Federasiyası, İsveçrə, Tailand, Braziliya, Yaponiya ilə mallar və xidmətlər üzrə ikitərəfli danışıqlar keçirilmiş və CAİRNS Qrupu (kənd təsərrüfatı məhsullarının ixracatçısı olan ölkələr) üzvləri ilə çoxtərəfli müzakirələr aparılmışdır.

Foto
Yaradılıb 14 İyul 2023
Dərc edilib 14 Mar 2025
Yenilənib 14 İyul 2023