Azərbaycanın ÜTT-yə üzv olması danışıqları çərçivəsində 2017-ci ildə görülmüş işlər üzrə hesabat

Hesabat dövrü ərzində Azərbaycan Respublikasının ÜTT-yə üzv olma prosesi ilə əlaqədar aşağıdakı işlər həyata keçirilmişdir:
Çoxtərəfli danışıqlar
28 iyul 2017-ci il tarixində İsveçrənin Cenevrə şəhərində, ÜTT Katibliyində, Azərbaycan Respublikasının ÜTT-yə üzv olması üzrə İşçi Qrupun 14-cü iclası keçirilmişdir.
İşçi Qrupun 14-cü iclasında iclas iştirakçılarının diqqətinə çatdırılmış məlumatlar:
- ölkənin son sosial-iqtisadi göstəriciləri
- yerli istehsalın stimullaşdıırlması
- ixracın əmtəə və coğrafi strukturunun diversifikasiyası
- qeyri neft ixracının artırılması istiqamətində aparılan islahatlar
- qısa, orta və uzunmüddətli dövr üçün qəbul edilmiş Strateji Yol Xəritələri
- digər dövlət proqramları
İclasda İşçi Qrupun 13-cü iclasından sonra bir sıra üzv ölkələr tərəfindən ünvanlanmış suallara Azərbaycan tərəfinin verdiyi cavablar müzakirə edilmişdir. Həmçinin üzv ölkələr tərəfindən Azərbaycan üzrə İşçi Qrupun Hesabat Layihəsinin bölmələri üzrə suallar verilmiş və həmin suallar Azərbaycan nümayəndə heyəti tərəfindən cavablandırılmışdır.
Çoxtərəfli danışıqlar çərçivəsində 27 iyul 2017-ci il tarixdə Cenevrə şəhərində kənd təsərrüfatında daxili dəstək üzrə danışıqlar keçirilmişdir. Görüşdə Azərbaycan tərəfi kənd təsərrüfatı sektorunda əldə etmək istədiyi güzəştləri üzv ölkələrə bir daha bildirmişdir. Üzv ölkələr isə Azərbaycanın kənd təsərrüfatına dəstəklə bağlı təkliflərinin yüksək olmasını, kənd təsərrüfatında subsidiyaların azaldılmasının (ƏDV ilə bağlı diskriminasiyanın aradan qaldırılması, vergi azadolmalarının ləğv edilməsi, ixrac subsidiyalarının gələcəkdə də tətbiq edilməməsi və s.) vacibliyini bildirmişlər. İclasda Azərbaycan tərəfindən ÜTT Katibliyinə təqdim edilmiş 2014-2016-cı illər üzrə kənd təsərrüfatında daxili dəstək tədbirləri üzrə cədvəllər müzakirə edilmişdir.
Hazırda İşçi Qrupun iclasından və kənd təsərrüfatı üzrə çoxtərəfli görüşdən sonra üzv dövlətlər tərəfindən Azərbaycana təqdim olunmuş sualların cavabalandırılması məqsədilə zəruri işlər görülür.
İkitərəfli danışıqlar
Hesabat dövrü ərzində bir sıra üzv dövlətlərin (Hindistan, Rusiya, Norveç, Türkiyə, İndoneziya) mallar və xidmətlər üzrə sorğuları cavablandırılmış, 24-28 iyul tarixlərində ABŞ, Avropa İttifaqı, Yaponiya, İsveçrə, Tailand, Braziliya, Rusiya Federasiyası, Hindistan ilə mallar və xidmətlər üzrə Cenevrədə növbəti ikitərəfli danışıqlar keçirilmişdir.
Hazırda danışıqlardan sonra üzv ölkələrin yeni sorğularına baxılır.
Azərbaycanın ÜTT-yə üzv olmasına hazırlıq işləri üzrə Komissiya
Son dövrlərdə bir sıra mərkəzi icra hakimiyyəti orqanlarında aparılmış struktur islahatlar səbəbindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2003-cü il tarixli, 175s nömrəli Sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının ÜTT-yə üzv olmasına hazırlıq işləri üzrə Komissiyanın tərkibinin yenilənməsi zərurəti yaranmışdır. Bununla əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 mart 2017-ci il tarixli, 187s nömrəli Sərəncamı ilə Komissiyanın yeni tərkibi yaradılmışdır.
Azərbaycanın ÜTT-yə üzv olmasına hazırlıq işləri üzrə texniki yardım
2017-ci ilin 27-28 aprel tarixlərində Bakı şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və İslam İnkişaf Bankının birgə təşkilatçılığı ilə aidiyyatı dövlət qurumlarının nümayəndələri üçün “Azərbaycanın ÜTT-yə üzvlüyü” mövzusunda seminar keçirilmişdir. Seminarda yerli və xarici ekspertlər tərəfindən ÜTT Sazişləri, üzvolma prosesi, danışıqların aparılmasına dair təqdimatlar olmuşdur.
2017-ci ilin mart-iyul aylarında Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının (UNECE) layihəsi çərçivəsində yerli və beynəlxalq ekspertlər tərəfindən 22 fevral 2017-ci il tarixində qüvvəyə minən ÜTT-nin yeni, Ticarətin Asanlaşdırılması Sazişinin (TAS) tətbiqi üçün Azərbaycanın hazırlığının qiymətləndirilməsi aparılmış və yekun hesabat hazırlanmışdır. Hesabatın hazırlanması zamanı ticarətin asanlaşdırılması üzrə aidiyyatı dövlət qurumlarının nümayəndələri ilə görüşlər keçirilmişdir. Aparılan qiymətləndirmələr göstərmişdir ki, Azərbaycan qanunvericiliyi TAS-ın tətbiqi üçün 70-75% nisbətində uyğundur və Sazişə tam uyğunlaşdırma müvafiq donor təşkilatlarının texniki yardımı ilə baş tuta bilər.
2017-ci ilin birinci yarımilliyi ərzində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “ÜTT-yə üzvlük danışıqlarında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Ticarət siyasəti və ÜTT şöbəsinə dəstək və potensialının gücləndirilməsi” layihəsi çərçivəsində Azərbaycanın ÜTT-yə üzvlük prosesinə beynəlxalq ekspertlər tərəfindən texniki yardım göstərilmişdir.