ÜTT-nin Baş Şurası 12-ci Nazirlər Konfransını qeyri-müəyyən müddətə təxirə saldı

ÜTT-nin Baş Şurası 12-ci Nazirlər Konfransını qeyri-müəyyən müddətə təxirə saldı

Covid 19 virusunun daha yoluxucu ştamının yayılması və bununla bağlı bir sıra ölkələrin səyahət məhdudiyyətləri tətbiq etməsi səbəbindən bir çox nazirlərin və yüksək səviyyəli nümayəndələrin 12-ci Nazirlər Konfransında iştirakında müəyyən çətinliklər yaranmışdır. Bununla əlaqədar, ÜTT-nin rəsmi internet səhifəsində dərc olunmuş məlumata əsasən təşkilatın Baş direktoru və Baş Şuranın tövsiyələrinə uyğun olaraq 2021-ci ilin 30 noyabr – 3 dekabr tarixlərində keçirilməsi nəzərdə tutulan Konfrans qeyri-müəyyən müddətə təxirə salınmışdır.

 

12-ci Nazirlər Konfransı artıq ikinci dəfədir ki, pandemiya səbəbindən təxirə salınır. Konfransın ilkin olaraq 2020-ci ilin iyun ayında Qazaxıstanın Nur-Sultan şəhərində keçirilməsi nəzərdə tutulurdu. Lakin Baş Şuranın sonrakı qərarı ilə iclasın Qazaxıstanın rəhbərliyi ilə Cenevrədə keçirilməsinə qərar verilmişdi.

 

ÜTT-nin Nazirlər Konfransı haqqında ümumi məlumat

 

ÜTT-nin Ali Qərarverici orqanı hesab edilən Nazirlər Konfransı bir qayda olaraq 2 ildən bir keçirilir. Konfransda bütün üzv ölkələr, müşahidəçilər, gömrük ittifaqları və s. iştirak edir. Nazirlər Konfransında çoxtərəfli ticarət sistemi ilə bağlı gələcəyə dair fikirlər bildirilir, həmçinin bir sıra sahələrdə üzvlər arasında aparılan danışıqlar yekunlaşdırılır və qərarlar qəbul olunur. Yeni üzvlərin təşkilata qəbul olunmasına dair qərarlar da Nazirlər Konfransında təsdiqlənir.

 

 

Ətraflı məlumat üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz.

https://www.wto.org/english/news_e/news21_e/mc12_26nov21_e.htm

Yaradılıb 02 Dek 2021
Dərc edilib 15 Mar 2025
Yenilənib 15 Mar 2025