Aİ tərəfindən maliyyələşdirilən ticarət siyasəti layihəsinin bağlanış tədbiri keçirilmişdir
Aİ tərəfindən maliyyələşdirilən ticarət siyasəti layihəsinin bağlanış tədbiri keçirilmişdir
2022-ci il iyulun 24-də, iki illik fəaliyyətdən sonra Aİ tərəfindən maliyyələşdirilən “ÜTT-yə üzvlük danışıqları və ticarətlə bağlı digər məsələlərdə Azərbaycan Hökumətinin potensialının gücləndirilməsi” layihəsi başa çatıb.
İyulun 20-də keçirilən yekun iclasda layihənin benefisiarı olan İqtisadiyyat Nazirliyi, eləcə də Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Dövlət Gömrük Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Araşdırmalar Mərkəzinin nümayəndələri iştirak etmiş, layihənin icrasından və əldə olunan nəticələrdən razı qaldıqlarını bildirmişlər. Bundan əlavə, Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin əməkdaşı layihəyə göstərdikləri maraq və əməkdaşlığa görə İqtisadiyyat Nazirliyinə və digər benefisiarlara təşəkkürünü bildirmişdir.
Layihənin həyata keçirdiyi əsas fəaliyyətlər aşağıdakılardır:
• Normativ aktların layihələrinin hazırlanması və mövcud və ya layihə formatlı qanunvericilik sənədlərinin nəzərdən keçirilməsini əhatə edən 11 fəaliyyət həyata keçirilmişdir.
• 20 tələbə və gənc mütəxəssisin iştirakı ilə ticarət siyasəti və ÜTT üzrə ilk dəfə bir həftəlik yay məktəbi təşkil edilmiş və xərclər maliyyələşdirilmişdir.
• 175-dən çox şəxsin iştirakı ilə hökumət rəsmiləri və özəl sektor nümayəndələri üçün potensialın gücləndirilməsi tədbirləri keçirilmişdir.
• 21 hökumət rəsmisinin iştirakı ilə İsveçrə (Cenevrədə ÜTT Katibliyi və Bern) və Qazaxıstana ümumilikdə 5 səfər təşkil olunmuşdur.
• Müvafiq sorğular üzrə İqtisadiyyat Nazirliyinin Ticarət Siyasəti və ÜTT şöbəsinə dəstək göstərilmişdir.
• Azərbaycanın ÜTT-yə üzvlüklə bağlı ikitərəfli danışıqları dəstəklənmişdir.
• 20 ictimai maarifləndirmə materialı, o cümlədən broşürlər, bukletlər, vərəqlər, məqalələr, tədqiqat işi, iki video və ticarətlə bağlı təxminən 400 termin və izahdan ibarət ikidilli (Azərbaycan-İngilis) lüğət hazırlanmışdır.
• Ticarət müdafiəsi üzrə araşdırmalarda maraqlı tərəflərin iştirakını asanlaşdırmaq və şəffaflığı artırmaq üçün rəqəmsal platforma hazırlanmış və istifadəyə verilmişdir.
• 2022-ci ildə keçirilən Aİ-Azərbaycan Biznes Forumu zamanı Aİ-nin “Azərbaycan Biznes Mühiti-2021” Hesabatının 6-cı illik nəşrinə ticarət qaydaları, ÜTT-yə qoşulma/üzvlük və qanunun aliliyinin gücləndirilməsi arasında əlaqələrə dair şərh təqdim edilmişdir. Biznes Mühiti Hesabatında təqdim olunan Aİ biznes subyektlərinin cavabları göstərir ki, onlar Azərbaycanın ÜTT-yə daxil olmasını ölkənin həyata keçirəcəyi əsas iqtisadi tədbirlərdən biri kimi qəbul etməkdə davam edirlər.
• www.wto.az internet portalı üçün 32 xəbər daxil olmaqla yeni məzmun hazırlanmışdır.
Ticarət Siyasəti Layihəsi tərəfindən verilən dəstək vasitəsilə aşağıdakı nəticələr əldə edilmişdir:
• Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tərkibində ticarətdə müdafiə vasitələri ilə bağlı araşdırma aparacaq struktur bölmə olan Antidempinq araşdırmaları sektorunun fəaliyyətə başlaması;
• Ticarətlə bağlı fəaliyyətlərin, o cümlədən ÜTT-yə üzvlük danışıqlarının hazırlanmasında və əlaqələndirilməsində İqtisadiyyat Nazirliyinin və digər dövlət qurumlarının potensialının gücləndirilməsi;
• Ticarətlə bağlı məsələlər, o cümlədən ÜTT-yə üzvlük öhdəlikləri və üzvlüyün üstünlükləri haqqında məlumatlılığın artırılması;
• ÜTT qaydalarına və qabaqcıl beynəlxalq təcrübələrə uyğun olaraq ticarətlə bağlı yeni qanunvericiliyin hazırlanmasına və/və ya mövcud/layihə formatında normativ aktların nəzərdən keçirilməsinə dəstək verilməsi;
• Azərbaycan danışıqlar qrupuna növbəti işçi qrupun görüşünə, ÜTT-yə üzvlüklə bağlı çoxtərəfli və ikitərəfli danışıqlara hazırlaşmaqda köməklik göstərilməsi.
Qeyd olunan layihənin büdcəsi təxminən 800.000 avro təşkil etmiş və yeddi yüz iş günü ərzində icra edilmişdir. COVID-19 pandemiyasına baxmayaraq, iş günlərinin təxminən 50%-i mütəxəssislər tərəfindən Azərbaycanda yerinə yetirilmişdir. Layihə COWI Konsorsiumunun üzvü olan DMI Associates şirkəti tərəfindən həyata keçirilib.
Layihənin Qrup Rəhbəri Marius Bordalba: “Azərbaycan hökuməti çoxşaxəli və müasir ticarət siyasəti gündəliyinin hazırlanması və həyata keçirilməsi üçün fəal işləyir. Daxildə “Qida Təhlükəsizliyi haqqında” Qanun kimi normativ aktlar qəbul edilib. Yeni yaradılmış qurumların gücləndirilməsi istiqamətində səylər davam etdirilmişdir. Beynəlxalq səviyyədə isə yeni Aİ-Azərbaycan Sazişində ticarət və investisiyalar bölməsi üzrə danışıqların bu ilin sonunda yekunlaşması gözlənilir. Bu saziş daxili islahat gündəmini gücləndirəcək və yeni təkan verəcək və ümid edirəm ki, ÜTT-yə üzvlük danışıqlarını sürətləndirmək qərarına təkan verəcək. İqtisadiyyat Nazirliyi və digər nazirliklər və agentliklərlə birbaşa əməkdaşlıq etmiş layihə özəl sektorun və Azərbaycan istehlakçılarının xeyrinə çoxlu sayda əsas təşəbbüsləri fəal şəkildə dəstəkləyib”. |
Bu layihə çərçivəsində hazırlanmış məlumat və ictimai materiallara daxil olmaq üçün aşağıdakı linkə klikləyin: https://wto.az/saheler/texniki-yardim-ve-potensialin-guclendirilmesi-layiheleri/