Ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı ilə bağlı ilk Yay Məktəbinə 21 iyunda start verilir
2021-ci ilin 21-25 iyun tarixlərində ADA Universitetində ticarət siyasəti və ÜTT ilə bağlı “Beynəlxalq ticarət yol ayrıcında: Yolumuz haradır?” adlı ilk Yay məktəbi keçiriləcəkdir. Ölkənin müxtəlif regionlarından iyirmi tələbə və gənc mütəxəssis kampusdakı tədbirdə iştirak edəcəkdir. Maraqlı olan hər kəs üçün sessiyaları onlayn izləmək imkanı təmin ediləcəkdir.
Yay məktəbinin məqsədi ticarət siyasəti ilə bağlı məlumatlılığın artırılması, tənqidi təhlilin simulyasiyası, onun daha geniş siyasi qərarvermə və icra mexanizmindəki rolu, habelə onun biznes subyektləri və vətəndaşların gündəlik fəaliyyətinə təsirlərinin öyrənilməsindən ibarətdir. Nəticə etibarilə, Yay Məktəbinin iştirakçıları:
- ticarət siyasətinin bizim həyatımızın əsas aspektləri – iqtisadi inkişaf, səhiyyə və ətraf mühitlə qarışıqlı əlaqəsi, eləcə də ticarətin inteqrasiyası prosesləri ilə bağlı hərtərəfli təsəvvürə malik olacaq;
- beynəlxalq ticarətlə bağlı hazırda baş verən hadisələri və çağırışları, habelə gələcək istiqaməti öyrənəcək və müzakirə edəcək;
- ticarət siyasətinin təhlili sahəsində tənqidi düşüncə bacarıqları ilə tanış olacaq və tətbiq edəcək;
- ticarətlə əlaqəli məsələlərə dair məlumatların və sənədlərin əldə edilməsi və istifadəsi üzrə öz bacarıqlarını artıra biləcəklər.
Proqrama beynəlxalq ticarət və iqtisadi inkişaf/ətraf mühit/səhiyyə və ölkələrin ticarət siyasətləri, beynəlxalq ticarətdə aktual məsələlər, hazırkı çağırışlar və perspektivlərlə bağlı sessiyalar daxil olacaqdır. Proqram yalnız İngilis dilində tədris ediləcəkdir. Məruzəçi qismində beynəlxalq hüquq sahəsində tanınmış azərbaycanlı və xarici professor və mütəxəssislər, dövlət qurumlarının və beynəlxalq təşkilatların keçmiş yüksək vəzifəli şəxsləri iştirak edəcəklər.
Proqram çərçivəsində Bakı Dəniz Ticarət Limanına tanışlıq səfəri Azərbaycan Hökuməti tərəfindən ticarətin stimullaşdırılması məqsədilə qəbul edilmiş tədbirlərin icrasını əyani nümayiş etdirəcəkdir.
21 iyun 2021-ci ildə tədbirin açılışını ADA Universiteti rəhbərliyinin nümayəndəsi ilə Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas edəcəkdir.
Bu tədbir Avropa İttifaqı tərəfindən maliyyələşdirilməklə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
Yay məktəbi ilə bağlı ətraflı məlumat əldə etmək, həmçinin, sessiyaları onlayn izləmək üçün aşağıdakı şəxslərlə əlaqə saxlaya bilərsiniz:
- Nərgiz İsmayılova, ADA yanında Aİ Araşdırmaları üzrə Bilik Mərkəzinin direktoru: nismayilova@ada.edu.az və ya +994-12-4373235, daxili nömrə 320
- Marius Bordalba, Aİ tərəfindən maliyyələşdirilən “ÜTT-yə üzvlük danışıqlarında və ticarət ilə əlaqəli digər tədbirlərdə Azərbaycan hökumətinin potensialının artırılması” layihəsinin qrup rəhbəri: marius.bordalba@gmail.com
Yay məktəbi üçün materialları bu keçiddən yükləmək mümkündür: https://drive.google.com/drive/folders/1xpoJ7Gz5PEmMVy9Gam0k6ZRqFQqma0UC?usp=sharing