ÜTT-nin iyunda fəaliyyəti: 12-ci Nazirlər Konfransı və üzvlük məsələləri
COVID pandemiyası ilə əlaqədar iki dəfə təxirə salınmış ÜTT 12-ci Nazirlər Konfransının 12-15 iyun 2022-ci il tarixlərində keçirilməsi planlaşdırılır. Üzvlər tərəfindən Konfransın gündəliyinə bir çox məsələlərlə yanaşı, aşağıdakı mövzular da daxil edilmişdir:
• COVID-19 pandemiyasına reaksiya. May ayında ABŞ, Aİ, Hindistan və CAR hökumətləri COVID-19 peyvəndlərinin istehsalının şaxələndirilməsini təmin etmək üçün müəyyən şərtlər altında patent hüquqlarının ləğvinin sadələşdirilməsinə yönəlmiş bir mətn hazırlayıb üzvlər arasında paylaşmışdılar. Bu mətn hazırda Üzvlər tərəfindən müzakirə olunur. Müsbət reaksiyalar olarsa, Üzvlər Nazirlər tərəfindən qəbul olunmaq üçün mətn üzərində razılığa gələ bilərlər.
• Balıqçılıq subsidiyalarının mənfi təsirini məhdudlaşdıran yeni qaydalar üzrə danışıqlar. Mövcud fikir ayrılıqlarını azaltmaq və Nazirlər tərəfindən yekunlaşdırıla biləcək bir mətn təqdim etmək üçün danışıqlar davam edir.
• Kənd təsərrüfatı. Danışıqlar mətninin layihəsi kənd təsərrüfatı sektoruna daxili dəstəyi, kənd təsərrüfatı bazarlarına çıxışı və ixrac rəqabətini (ixrac subsidiyaları ilə müqayisə edilə bilən təsirləri olan tədbirləri) əhatə edir. Digər mövzulara ərzaq ixracına qoyulan məhdudiyyətlər və qadağalar, pambıq, ictimai ərzaq ehtiyatlarının saxlanması proqramları çərçivəsində idarə olunan qiymətlərlə alınan ərzaq məhsulları və ani idxal artımları və ya qiymətlərin düşməsi halında inkişaf etməkdə olan ölkələrə müvəqqəti olaraq tarifləri qaldırmağa imkan verən yeni “xüsusi qorunma mexanizmi” daxildir. Nəhayət, Üzvlər şəffaflığın əsas məsələləri ilə bağlı danışıqlar aparırlar. Üzvlər arasında fikir ayrılığı olduğunu nəzərə alsaq, hər hansı nəzərəçarpan nəticənin əldə edilib-edilməməsi bəlli deyil. Ənənəvi məsələlərə əlavə olaraq, Ukraynadakı müharibə beynəlxalq bazarları ciddi şəkildə təsir etmiş və bir çox malların qiymətlərini artırmışdır. Müharibənin təsirlərini aradan qaldırmaq üçün müzakirələr aparılsa da, hər hansı bir həll yoluna nail olunacağı bəlli deyil.
• İnkişaf üçün investisiyaların asanlaşdırılmasına dair yeni saziş/qaydalar. Nazirlər, çox güman ki, ÜTT-nin 112 Üzvü tərəfindən aparılan danışıqların gedişatını nəzərdən keçirəcək və danışıqları 2022-ci ildə yekunlaşdırmaq istəyini bir daha təsdiq edəcəklər. Yeni qaydaların üstünlüklərini müzakirə etmək üçün 2022-ci ilin mayında yüksək səviyyəli dəyirmi masalar keçiriləcək.
• Rəqəmsal ticarətin mühüm aspektlərini tənzimləmək üçün yeni razılaşma/qaydalar. Çox güman ki, nazirlər danışıqların vəziyyətini qiymətləndirəcəklər. Bir neçə müddəa üzrə danışıqların yekunlaşdığı bildirilsə də, onların “ilkin razılıq” əldə etmək istəyində olduqları görünmür.
• Mikro, Kiçik və Orta Biznes subyektləri (KOS) haqqında Bəyannamənin qəbulu. Bu sənədə altı tövsiyə və bəyannamə daxildir. Eyni zamanda, Qeyri-rəsmi İşçi Qrupuna müxtəlif istiqamətlərdə işləri davam etdirməyi tapşırır.
Yuxarıda göstərilənlərlə yanaşı, nazirlərin ÜTT islahatlarını da müzakirə edəcəyi gözlənilir. Bununla belə, Nazirlər Konfransından hazırda konkret nəticə gözlənilmir.
Nazirlər Konfransından bir həftə sonra Özbəkistanın İşçi Qrupunun beşinci iclası keçiriləcəkdir. Bundan əlavə, Nazirlər Konfransı zamanı Komor adalarının və Şərqi Timorun üzvlüyü müzakirə mövzusu ola bilər.