Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişi qüvvəyə minmişdir

Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişi qüvvəyə minmişdir

 

Qeyri-neft ixracının artımı üçün əlverişli şəraitin yaradılması məqsədilə xarici ölkələrlə ticarət əlaqələrinin inkişafı ilə bağlı mütəmadi tədbirlər həyata keçirilir. Bu çərçivədə, ölkəmizin bağladığı və hazırda qüvvədə olan 10 ölkə ilə sərbəst ticarət, habelə bir çox ölkə ilə ikitərəfli ticarət və ya ticarət-iqtisadi əməkdaşlıq sahələrini tənzimləyən sazişlərə əlavə olaraq, Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Türkiyə Respublikası ilə də preferensial ticarət sazişinin imzalanması və qüvvəyə minməsi ilə bağlı işlər yekunlaşmışdır.

 

Belə ki, 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi” 2020-ci ilin 31 may tarixində 115-VIQ nömrəli qanunla Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmişdir. Həmin qanunun 24-cü maddəsinə əsasən Saziş hər bir Razılığa gələn Tərəfin həmin Sazişin qüvvəyə minməsi üçün milli qanunvericiliyində tələb olunan bütün prosedurların başa çatdırıldığını təsdiq edən sonuncu diplomatik bildirişin alınmasından sonrakı ikinci ayın ilk günü qüvvəyə minir.

 

Qeyd edilən müvafiq prosedurlar tamamlandıqdan sonra Saziş 01.03.2021-ci il tarixindən etibarən qüvvəyə minmişdir. Saziş əsasən bir sıra kənd təsərrüfatı və yeyinti məhsullarının idxalına tətbiq edilən gömrük rüsumlarının qarşılıqlı olaraq azaldılmasını əhatə edir. Sazişin 1 nömrəli əlavəsində həmin məhsulların dəqiq siyahısı göstərilmişdir. Sazişin tam mətnini aşağıdakı keçiddə əldə etmək mümkündür.

 

http://www.e-qanun.az/framework/45319